Məhkəmə qərarları › İş №e-2(078)-816/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-816/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-816/2024 10.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 9678.30 (doqquz min altı yüz yetmiş səkkiz manat otuz qəpik) manat borcun tutulması, ödənilmiş 116.79 (yüz on altı manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında BPM**********49 saylı müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilənin 3.3.6-cı bəndi ilə müəyyən edilmişdir ki, müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və Bankın Tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini Banka ödəməyi öhdəsinə götürür. Naxçıvan filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 9678.30 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, hesabdan çıxarışdan da göründüyü kimi, xx.xx.2022-ci tarixində “ƏDV” təyinatı ilə vəsait mədaxil olunmuşdur. Köçürülmüş “ƏDV” təyinatlı vəsait cavabdeh tərəfindən xx.xx.2022 tarixində məxaric edilmişdir. Bankın Naxçıvan filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 9678.30 manat borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 116.79 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 6-2-22/2-29024/2023 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilat məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş 04 iyun 2024-cü il, 20 iyun 2024-cü il və 04 iyul 2024-cü il tarixlərində iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə eyni məzmunlu ərizələr göndərilərək ərizələrdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki iş üzrə təyin edilmiş məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini və baxışa təyin edilməsini xahiş etmiş, həmçinin 18 iyul 2024-cü il və 10 oktyabr 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin yuxarıda qeyd olunan ərizələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, BPM**********49 nömrəli kredit hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilənin imzalanması, Bank tərəfindən Müştərinin adına Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabının açılması, Ödəniş kartının dövriyyəyə buraxılması və Ödəniş kartından istifadə etməklə Kart hesabı üzrə hesablaşmaların aparılması barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BPM**********49 nömrəli kredit hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilə ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilə üzrə Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etməsi isə işin mübahisəli hallarıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onların qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, BPM**********49 nömrəli kredit hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilə imzalanmış və Bank tərəfindən Müştərinin adına Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabı açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə olunmuş 22 aprel 2024-cü il tarixli hesabdan çıxarışdan məlum olur ki, həqiqətən də cavabdehin balansında 9678.30 (doqquz min altı yüz yetmiş səkkiz manat otuz qəpik) manat məbləğində mənfi qalıq formalaşmışdır. İddia ərizəsinə əlavə olunmuş 22 aprel 2024-cü il tarixli əsassız varlanmanı əks etdirən arayışdan Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə hüquqi əsası olmadan (əsassız varlanmaya səbəb olan) hesabdan çıxarılmış məbləğin 9678.30 (doqquz min altı yüz yetmiş səkkiz manat otuz qəpik) manat, hüquqi əsası olmadan (əsassız varlanmaya səbəb olan) hesabdan çıxarılmış məbləğə hesablanmış faizin 0.00 (sıfır) manat, ümumilikdə əsassız varlanmaya səbəb olan cəmi məbləğin 9678.30 (doqquz min altı yüz yetmiş səkkiz manat otuz qəpik) manat təşkil etməsi aydın olur. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılmasına dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 20 oktyabr 2023-cü il tarixli, 6-2-22/2-29024/2023 nömrəli xəbərdarlıqdan isə "xxxx" ASC ilə aralarında bağlanmış X3 müqaviləsinə dair BPM**********49 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Bank tərəfindən cavabdehə plastik kartın verilməsinin təmin edilməsi, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etməsi, hesabında 9678.3 manat məbləğində mənfi qalıq yaranması və bununla da hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanması, əsassız varlanmaya səbəb olmuş borcunu 5 (beş) gün müddətində tam şəkildə yerinə yetirməsinin Cavabdeh tələb olunması aydın olur. Hesаblаmаlаrın düzgünlüyünün xüsusi biliyə mаlik olаn ekspert vаsitəsilə müəyyən edilməsi zərurəti olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 18 iyul 2024-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2024-cü il tarixli, 1023 saylı ekspert rəyində qeyd edilmişdir ki, overdraft müştəriborcalanın hesablaşma hesabında vəsait çatmadıqda və ya olmadıqda onun tərəfindən hesablaşma sənədlərinin ödənilməsi üçün müştərinin hesablaşma hesabının bank tərəfindən kreditləşdirilməsidir ki, bu zaman bank müştərinin hesabından vəsaiti tam həcmdə çıxarır, yəni avtomatik olaraq müştəriyə vəsait qalığından artıq məbləğdə kredit verir. Bu zaman iş materiallarından göründüyü kimi xx.xx.2022-ci il tarixdə kart hesabında olan vəsait 0,62 manat olmasına baxmayaraq, həmin tarixdə Cavabdeh kart hesabından 9678,92 manat vəsait çəkilmiş və overdraft baş vermişdir. Hesabdan çıxarış məlumatlarından və cədvəl məlumatlarından görüldüyü kimi, Cavabdeh Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə məxsus kart hesabında aparılan əməliyyatlar nəticəsində 9678,30 (doqquz min altı yüz yetmiş səkkiz manat otuz qəpik) manat əlavə pul vəsaitinin çıxarılması öz əksini tapmışdır ki, "xxxx" ASC tərəfindən Cavabdeh kartına əlavə pul köçürülməsi nəticəsində qalıq borcunun məbləği düzgün hesablanmışdır. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin əsassız varlanma nəticəsində pul əldə etməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsaslı qəbul edir. Qanunvericiliyin tələbləri daxilində ərizəni və ona əlavə əlavə olunmuş sənədləri araşdıran məhkəmə yekunda qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinin əsaslı olması iş materialları ilə təsdiq olunur. Buna görə də, tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edildiyindən 116.79 (yüz on altı manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - 9678.30 (doqquz min altı yüz yetmiş səkkiz manat otuz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - 116.79 (yüz on altı manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməli; Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 9678.30 (doqquz min altı yüz yetmiş səkkiz manat otuz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 116.79 (yüz on altı manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar