Məhkəmə qərarları › İş №e-2(078)-85/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-85/2023

23.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-85/2023 23.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 3-ə yaşayış və istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 3 İddiaçı mülkiyyətindədir. Qardaşı Cavabdeh 10 ildən artıqdır ki, ailə-uşağı ilə birlikdə Bakı şəhərinə köçüb. Hətta belə orada uşaqlarına toy edərək ayırıb, hal-hazırda hər biri Bakı şəhərində müxtəlif ünvanlarda məskunlaşıblar. Fərəməz mənzilində pasport qeydiyyatında olduğuna görə o, mülkiyyəti üzərində sərəncam hüquqlarını həyata keçirə bilmir. 23 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 30 yanvar 2023-cü il tarixdə Cavabdeh məhkəməyə ərizə göndərərək ərizədə onun, Cavabdeh 1956-cı ildə Naxçıvan şəhəri Sabir küçəsi ev 5-də anadan olduğunu, həmin evin anasının nənəsinin evi olduğunu, 1964-cü ildə anasına dövlət səviyyəsində 3 otaqlı mənzil verildiyini, həmin evin qeydiyyatında anası, o və iki bacısının yaşadığını, anasının 1998-ci ilin martın 8-də rəhmətə getdiyini, onun 1977-ci ildə ailə qurduğunu və həmin ünvanda yaşayaraq 1978-ci ildə bir qızı ,1981-ci ildə isə ikinci qızının dünyaya gəldiyini, həmin ünvanda böyüyüb, oradan gəlin köçdüklərini, böyük qızının 1998-ci ilin noyabr ayının 25-də ailə qurduğunu, o birinin isə 2001-ci ilin sentyabrında ailə qurduğunu, həyat yoldaşının 2006-cı ildə sentyabrda rəhmətə getdiyini, anası rəhmətə gedəndən sonra ikinci ailə həyatı qurana kimi, evin kommunal xərclərini onun ödədiyini, 2009-cu ildə ikinci ailə həyatı qurduğunu və ona bacılarının evdə yaşamağına icazə vermədiklərini, qeydiyyatdan çıxarmaq üçün onu məhkəməyə verdiklərini, amma məhkəmənin o orda qalsın deyə qətnamə verdiyini, həyat yoldaşının orada yaşamasına icazə vermədiklərini, evə getmək üçün bir neçə dəfə cəhd etdiyini, evin qapısının zamokunu dəyişdirdiklərini, bacılarına özlərinə xəsarət yetirib onu polisə verərlər deyə heç nə demədiyini, evlənməmişdən qabaq onun yorğan döşəyini bir neçə dəfə altından götürüb, orda yaşamasın deyə gizlətdiklərini, ikinci dəfə ailə qurandan sonra 2009-cu ildə Naxçıvan şəhərində müəyyən yerlərdə kirayə qaldığını, yaşayışları çətin olduğuna görə Bakı şəhərinə gəldiyini, Bakı şəhərində yeddi il kirayə yaşadığını, sonra yoldaşının qardaşının Naxçıvandakı evi satdığını və yoldaşı da orada qeydiyyatda olduğuna görə ona həmin pulla Masazırdan 1 otaqlı ev aldığını, onun da yoldaşının yanında yaşadığını, həmin evin yoldaşı Kifayət Xəlilovanın adına olduğunu, onun isə o evdə qeydiyyatının olmadığını, 2021-ci ildə bacısı Laləzarın korona xəstəliyindən rəhmətə getdiyini və özünün onun yasında iştirak etmək üçün Naxçıvana gəldiyini, bacısı Rahilənin onu təhqir edərək evə buraxmadığını, Naxçıvan şəhəri İstiqlal küçəsində olan evin hansı yolla onun razılığı olmadan Rahilənin adına keçməsində onun heç bir razılığının olmadığını, 2022-ci ilin oktyabr ayında Bakıda yaşayan bacısı Səkinənin evi Rahilənin adına keçırmək üçün razılıq ərizəsini verməyi üçün ona müraciət etdiyini, onun isə buna qəti etirazının olduğunu bildirdiyini, bacısı Səkinənin isə heç vaxt onlarla yaşamadığını, məhkəmədən ona iddia gələndə böyük bacısı Səkinəyə zəng vurub onu məhkəməyə verdiklərini və nə məsələ olduğunu soruşduğunu, onun isə “ sən oranın qeydiyyatından çıx o ev çatmalıdır mənim uşaqlarıma” dediyini, onun uşaqlarının yetərincə evləri və pullarının olduğunu, özünün isə pensiya ilə dolanan adam olduğunu, yoldaşının işləmədiyini, Bakıda yaşayandan indiyə qədər nə bacısının nə də uşaqlarının onun necə yaşaması ilə maraqlanmadıqlarını, indi isə onun evinə sahib olmaq istədiklərini, onun o evin varisi olduğunu, o evin ona çatmalı olduğunu, ona görə də onun o evin qeydiyyatında qalmağının nəzərə alınmasını, evin bacısı Rahilənin adına keçməsinə bir varis kimi etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı izahatında mübahisəli evin 1964-cü ildə dövlət tərəfindən anasına verildiyini, həmin evdə anasının, özünün, cavabdehin və bacısının yaşadığını, qardaşının evlənərək arvadı ilə birlikdə həmin evdə yaşadıqlarını, həmin evdə qardaşının iki qızının doğulduğunu, 1998-ci ildə anasının rəhmətə getdiyini, mübahisəli evin bacı qardaşlarının razılığı ilə özünün adına özəlləşdirildiyini, 2006-cı ildə cavabdehin arvadının öldüyünü, 2009-cu ildə cavabdehin ikinci ailə həyatı qurduğunu, cavabdehin ikinci dəfə ailə qurduqdan sonra arvadı ilə birlikdə Bakı şəhərinə getdiklərini, orada yaşamağa başladıqlarını, bir müddət sonra onların özlərinə ev aldıqlarını, hazırda da həmin evdə yaşadıqlarını, cavabdehin evi olduğu halda onun evinin qeydiyyatında dayandığını, özünün də cavabdeh üçün əlavə kommunal xərclər ödədiyini, buna maddi imkanı çatmadığını, cavabdehin onun mənzilində pasport qeydiyyatında olduğuna görə onun mülkiyyəti üzərində sərəncam hüquqlarını həyata keçirə bilmədiyini, cavabdehin onun evindən könüllü olaraq 14 ildir imtina edərək başqa yerdə yaşadığını, onun evinə ehtiyacı olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddiaçının izahatında qeyd etdiklərinə əlavəsinin olmadığını, iddiaçının qeyd etdiklərinin nəzərə alınmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 16 yanvar 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında 1956-cı ildə Naxçıvan şəhərində doğulduğunu, mübahisəli evin 1964-cü ildə dövlət tərəfindən anasına verildiyini, həmin evdə anasının, özünün və iki bacısının yaşadığını, özünün evlənərək arvadı ilə birlikdə həmin evdə yaşadıqlarını, həmin evdə iki qızının doğulduğunu, 1998-ci ildə anasının rəhmətə getdiyini, həmin vaxta kimi anasının, özünün, arvadının, övladlarının və bacılarının həmin evdə yaşadıqlarını, anasına verilmiş evin orderində anasının, özünün və rəhmətə gedən bacısının adının olduğunu, 2006-cı ildə arvadının öldüyünü, 2009-cu ildə ikinci ailə həyatı qurduğunu və ona bacılarının evdə yaşamağına icazə vermədiklərini, qeydiyyatdan çıxarmaq üçün onu məhkəməyə verdiklərini, amma məhkəmənin qətnamə ilə ona orada yaşamağa icazə verdiyini, bacılarının həyat yoldaşının orada yaşamasına icazə vermədiklərini, ona görə də məcbur qalaraq arvadı ilə birlikdə yaşamaq üçün həmin evdən çıxdığını, bacılarına özlərinə xəsarət yetirib onu polisə verərlər deyə heç nə demədiyini, 2009-cu ildə Naxçıvan şəhərində müəyyən yerlərdə kirayə qaldığını, bir müddət sonra arvadı ilə birlikdə Bakı şəhərinə getdiklərini, Bakı şəhərində yeddi il kirayə yaşadığını, sonra yoldaşının qardaşının Naxçıvandakı evi satdığını və yoldaşı da orada qeydiyyatda olduğuna görə ona həmin pulla 1 otaqlı ev aldığını, hazırda özünün də həmin evdə yoldaşı ilə birlikdə yaşadığını, həmin evin arvadı Kifayət Xəlilovanın adına olduğunu, özünün isə o evdə qeydiyyatda olmadığını, 67 yaşının olduğunu, adına hər hansı bir torpaq sahəsinin və evin olmadığını, mübahisəli evdə 2009-cu ildən bəri yaşamadığını, amma o evdən qeydiyyatdan çıxmaq istəmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində təxminən 1960-cı illərdə hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən evə köçdüyünü, o vaxtdan da iddiaçı ilə qonşu olduqlarını, əvvəllər mübahisəli evdə iddiaçının, cavabdehin, onların analarının və Laləzar adlı bacılarının yaşadıqlarını, cavabdehin təxminən 2009-cu ildə evlənərək həmin evdən çıxıb getdiyini, o vaxtdan bəri cavabdehi həmin ünvanda görmədiyini, hazırda mübahisəli evdə iddiaçının tək yaşadığını, eşitdiyinə görə cavabdehin arvadı ilə birlikdə köçüb Bakı şəhərinə getdiklərini, orada yaşadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismindən dindirilən X5 ifadəsində onların Rahiləgillə uşaqlıqdan bir yerdə böyüdüklərini, onlarla qonşu olduqlarını, əvvəllər mübahisəli evdə iddiaçının, cavabdehin, onların analarının və Laləzar adlı bacılarının yaşadıqlarını, cavabdehin təxminən 2009-cu ildə evlənərək həmin evdən çıxıb getdiyini, o vaxtdan bəri cavabdehi həmin ünvanda görmədiyini, hazırda mübahisəli evdə iddiaçının tək yaşadığını, cavabdehin arvadı ilə birlikdə köçüb Bakı şəhərində yaşadıqlarını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan ünvan 3 ünvanında yerləşən 59.1 kv.m ümumi sahəsi olan mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/29 nömrəli reyestr kitabının 5652 nömrəli vərəqində qeydiyyata alınması məlum olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli, 09 nömrəli arayışdan İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olduğu aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli, 08 nömrəli arayışdan Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olduğu aydın olur. İş materiallarında olan 09 yanvar 2004-cü il tarixli Naxçıvan şəhər 2 nömrəli mənzil istismar sahəsinin rəisi və İddiaçı arasında bağlanmış müqavilədə qeyd olunmuşdur ki, kirayədar mənzili əvəzsiz verir, alıcı isə yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı ilə Naxçıvan şəhər, İstiqlal küçəsindəki, 113 nömrəli binanın 3 nömrəli mənzilində 47 kv.m olan 3 otağı şəxsi mülkiyyətinə qəbul edir. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis idarəsi tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli 7/5058 nömrəli məktubdan məlum olur ki, xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh ilk şəxsiyyət vəsiqəsi aldığı müddətdən xx.xx.2003cü il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət Xidmətinin 11 yanvar 2023-cü il tarixli, 04/12 nömrəli məktubunda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 113 ünvanında yerləşən ümumi sahəsi 59.1 kv. m olan 3 nömrəli mənzil 09 avqust 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin 2004-cü il tarixli 11068 inventar nömrəli, "Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu" və 14/647 qeyd nömrəli "Qeydiyyat vəsiqəsi" əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan X3 Cavabdeh arvadı olduğu məlum olur. İş materiallarında olan Azrbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan ünvan 8 ünvanında yerləşən 36.0 kv.m ümumi sahəsi olan mənzilin tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 223 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınması məlum olur. Cavabdeh mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 2009-cu ildən mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hazırda cavabdeh Bakı şəhərində arvadının mülkiyyətində olan evdə yaşayır. Həmçinin məhkəmə onu da bildirir ki, Cavabdeh 30 yanavr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək həmin ərizədə 2009-cu ildə ikinci ailə həyatı qurduğunu və ona bacılarının evdə yaşamağına icazə vermədiklərini, həyat yoldaşının orada yaşamasına icazə vermədiklərini, evə getmək üçün bir neçə dəfə cəhd etdiyini, evin qapısının zamokunu dəyişdirdiklərini, bacılarına özlərinə xəsarət yetirib onu polisə verərlər deyə heç nə demədiyini, evlənməmişdən qabaq onun yorğan döşəyini bir neçə dəfə altından götürüb, orda yaşamasın deyə gizlətdiklərini qeyd etsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin ərizəsində qeyd etdiyi bu halların əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdeh 6 aydan çoxdur ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir və onun qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququ itirilmiş hesab edilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar