Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-91/2025 09.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nurədddin qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 qarşı yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nurədddin qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 kompensasiya ödənilmədən ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən tərdi yaşayış evi tam mülkiyyət hüququ ilə onun adına Naxçıvan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarış (xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi: **********) verilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evində Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 pasport qeydiyyatında dururlar. Mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən tərdi yaşayış evində qeydiyyatda olan şəxslərlə qohumluq münasibəti bu kimidir: Cavabdeh4 qardaşıdır (10 ildən artıqdır ki, Bakı şəhərinə köçüb özünəməxsus mənzildə yaşayır). Cavabdeh1 qardaşı Ceyhunun arvadıdır (10 ildən artıqdır ki, Bakı şəhərində özünəməxsus mənzildə yaşayır). Cavabdeh2 qardaşı Ceyhunun qızıdır (Bakı şəhərində yaşayır). Cavabdeh3 qardaşıdır (Naxçıvan şəhərində özünəməxsus fərdi yaşayış evində yaşayır). Cavabdeh7 qardaşı Emilin arvadıdır (Naxçıvan şəhərində qardaşı ilə özlərinə məxsus fərdi yaşayış evində yaşayır). Cavabdeh6 qardaşı Emilin oğludur (Naxçıvan şəhərində qardaşına məxsus fərdi yaşayış evində yaşayır). Cavabdeh şəxslər uzun illərdir ki, faktiki olaraq onun mənzilindən köçüblər, onların onun mənzilindən istifadə etməsini və yaşamasını əsaslı hesab edəcək heç bir hal mövcud deyildir. Cavabdeh şəxslər özlərinə ayrı yaşayış yeri seçdiklərinə görə uzun illərdir ona məxsus fərdi yaşayış evində yaşamırlar və onların onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatında durmaları qeyd olunan qanunun tələbinə riayət olunmaması kimi qimətləndirilməlidir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 06 sentyabr 2024-cü il tarixli, 01/33 nömrəli arayışına əsasən Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 ünvan 1 ünvanında qeydiyyatda dururlar, lakin həmin ünvanda yaşamırlar. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququ var. Əmlak Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarış verilmişdir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evində Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 pasport qeydiyyatında dururlar. Ceyhun və ailəsi neçə illərdir Bakı şəhərində qalırlar. Bəlkə 15-20 ildir orada yaşayırlar. Emil isə həmin torpaq sahəsinin qonşuluğunda 20 ildən artıqdır ki, ev tikib yaşayır. İddiaçı xəstəliyi ilə bağlı neçə illərdir ki, Bakı şəhərində yaşayır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ata evi boşdur. 20 ildən çoxdur o həyətdə tikdiyi əlavə evdə yaşayır. Ayrı ev tikmişdir. 1996-cı ildə atası vəfat etmişdir. Bir az həmin ata evində yaşamışdır. Sonra həmin həyətdə ev tikmişdir. Ancaq maddi imkanı olmamışdır ki, evi dövlət reyestrində qeydiyyata salsın. Ata evində doğulmuşdur və orada ailə qurmuşdur. Həmin ata evində uşaqları olub. Heç bir razılıq verməmişdir ki, ev Şahinin olsun. Sadəcə razılıq vermişdir ki, atasına məxsus ev anasının adına keçsin. Göründüyü qədərilə anası da qardaşı Şahinə hədiyyə edib. Anası hazırda yaşayır və Bakı şəhərində qalır. Onun başqa yerdə yaşayış evi yoxdur. Evi zəbt torpaqda tikilib. Atasının torpağı 10 sotdur. 5 sotu tam qanuni sənədlidir. 5 sotu sənədsiz torpaqdır. Onun evi sənədsiz hissəyə düşüb. Heç bir pul və mal istəmir. Heç istəmir ki, ata evi satılsın. Yoldaşı 3-cü qrup əlildir. Ceyhun Bakı şəhərində 20 ildir qalır. Öz evləridir. Ceyhunun 2 oğlu, 1 qızı var. Ceyhungil də ata evində qeydiyyatdadır. Ceyhun da razı deyil ki, ata evləri satılsın. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh7 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 20 ildən çoxdur evlənmişdir. Qaynatasının evinə gəlin köçmüşdür. Hazırda həmin tikilidə 20 ildən çoxdur yaşayır. Qaynanasının evində uşaqlar bağçaya gedənə qədər yaşamışlar. Bu yaxınlarda bilmişlər ki, onların tikdiyi tikili sənədsizdir. Ancaq neçə illər bir gəlin kimi evə baxmışdır. Həyətinə baxmışdır. Əkmiş, biçmişdir. 18 yaşından o həyətə gəlin gəlmişdir. Öz zəhməti ilə hər şeyi etmişdir. 20 ildən çoxdur tikdiyi evdə qalır. Qaynatası evində ona məxsus heç bir şey yoxdur. Nə əldə etmişdirsə öz əziyyəti ilə etmişdir. Hamısını satıb gediblər. Öz evi qaynatasının evindən şəraitlidir. Evi 1 mərtəbəli evdir. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh6 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 5 yaşına qədər baba evində qalmışdır. Sonra da öz tikdikləri evə köçmüşlər. Hazırda da orada yaşayır. İddianın təmin olunmamasını xahiş etdi. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 Nurədddin qızına məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəməyə notarial təsdiqli ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərini, onlara qarşı qaldırılmış iddianı qəbul etmədiklərini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxış iclası cavabdehlər Cavabdeh4 və Cavabdeh1 Nurədddin qızının iştirakı olmadan keçirilmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası Cavabdeh2 iştirakı olmadan keçirilmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.9 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/47 nömrəli reyestr kitabının 9278 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********84-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022). Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli, 01/33 nömrəli arayışın surətinə əsasən, Cavabdeh4, Cavabdeh1, X9, X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 ünvan 1 ünvanında qeydiyyatdadırlar, lakin həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətinə əsasən, ünvan 1 ünvanında X2, Cavabdeh4, X3, X9, Cavabdeh7, X4, X5, Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh2, Cavabdeh6 və X6 qeydiyyatdadırlar. Naxçıvan MR Dövlət Arxivinin 13/662 nömrəli, 16 may 2022-ci il tarixli arxiv arayışının surətinə əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Əliabad kəndinin 1991- 1995-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabda X2 ailə başçısı olmaqla adına 0.05 ha torpaq sahəsi qeyd edilmişdir. 26 may 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən, X1 şəhəri, Əliabad qəsəbəsi, döngə 3, ev 16 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.9 kv.m, yaşayış sahəsi 51.47 kv.m, yardımçı sahəsi 55.43 kv.m olan 2 otaqlı fərdi yaşayış evini İddiaçı hədiyyə etmişdir. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.9 kv.m olan fərdi yaşayış evinə cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nurədddin qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 yaşayış və istifadə hüququna xitam xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən onların mübahisəli yaşayış sahəsinə ehtiyaclarının olmasına və iddiaçının onların mübahisəli yaşayış sahəsindən istifadəsini mümkünsüz etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehlərin iddiaçıya məxsus mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığı və onların daimi olaraq başqa ünvanda yaşadıqları müəyyən edilmişdir. Göstərilənlərə əsasən, cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onların həmin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməlidir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı cavabdehlərin ailə quraraq yaşayış və istifadə hüququ əldə etdiyi ünvandan getməsini, həmin ünvanda yaşamadıqlarını bildirərək kompensasiya verilmədən yaşayış və istifadə hüququna xitam verilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8- ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Məhkəmə iddia tələbinə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə yanaşaraq istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alaraq qeyd edir ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhində dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, Plenum qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır”. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi 31 may 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mübahisə predmetini tənzimləyən hüquq normalarının təhlilindən belə nəticə çıxarmaq olur ki, yaşayış və istifadə hüququ şəxsin yaşayış sahəsinə ehtiyacı olduğu halda verilir və həmin ehtiyac aradan qaldırıldığı halda isə itirilmiş hesab edilir və ya xitam verilir. Yaşayış və istifadə hüququ verilmiş şəxsə kompensasiyanın verilməsi yalnız yaşayış sahəsində yaşadığı və istifadə edildiyi təqdirdə mümkün hesab edilir. Hazırki işdə müəyyən edilmişdir ki, yaşayış sahəsinə istifadə hüququnu əldə etmiş şəxs cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nurədddin qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 uzun müddət həmin fərdi yaşayış evindən istifadə etməmiş və ailə qurub başqa yerdə yaşayırlar. Məhkəmə ümumi qiymət verilmiş halları nəzərdən keçirib hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nurədddin qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 hazırki fərdi yaşayış evində yaşayış və istifadə hüququnu həyata keçirməmişdir. Cavabdehlərin yaşayış sahəsinə ehtiyacı olmamışdır. Cavabdehlərin həmin yaşayış evindən hər zaman istifadə etməsi, oraya gedib-gəlməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 26 may 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən, X1 şəhəri, Əliabad qəsəbəsi, döngə 3, ev 16 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.9 kv.m, yaşayış sahəsi 51.47 kv.m, yardımçı sahəsi 55.43 kv.m olan 2 otaqlı fərdi yaşayış evini İddiaçı hədiyyə etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin ailə qurması, hazırda nikah münasibətlərinin davam etməsi, hazırda həmin yaşayış sahəsində yaşamamaları mübahisəli yaşayış sahəsinə olan ehtiyaclarının aradan qaldırıldığını təsdiq edən birbaşa sübutdur. Bütün bunların nəticəsində məhkəmə hesab edir ki, bu halda mülkiyyətçinin mənafeyi nəzərə alınmalı və əsassız olaraq mülkiyyət hüququnun məhdudlaşdırılması aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa və ya xitam verilərsə məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nurədddin qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 qarşı yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən və iddiaçı qanunla dövlət rüsumundən azad edilən şəxslər sırasına daxil olduğundan iddia verilərəkən ödənilməli olan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nurədddin qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.9 kv.m olan fərdi yaşayış evinə cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nurədddin qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilsin. İddia verilərəkən ödənilməli olan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nurədddin qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-91/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-91/2025
09.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver