Məhkəmə qərarları › İş №e-2(079)-125/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-125/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-125/2022 16.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “15” fevral 2022-ci ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 39 (otuz doqquz) manat, 24 (iyirmi dörd) qəpik məbləğində abunə və xidmət haqqı və 30 (otuz) manat miqdarında ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 69 (altmış doqquz) manat, 24 (iyirmi dörd) qəpik məbləğində pulun İddiaçı xeyrinə məcburi tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2010-cu il tarixli, ********* nömrəli Abunə müqaviləsinin 2.1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə telekommunikasiya xidmətlərinin göstərilməsi, Cavabdeh isə bu xidmətin müqabilində abunə haqqının İddiaçınə ödənilməsi nəzərdə tutulmuşdu. 28 oktyabr 2019-cu il tarixli cari hesab arayışına əsasən cavabdehin ********* nömrəli mobil nömrə ilə rabitə xidmətlərindən istifadə etməsinə görə onun 39 (otuz doqquz) manat, 24 (iyirmi dörd) qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Cari hesab fakturaya əsasən borcun ödənilməsinin son tarixli 28 oktyabr 2019-cu il müəyyən edilsə də, cavabdeh müqavilə şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdi. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan iddia tələbinə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan Cavabdeh Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh mülki iş üzrə məhkəmə sənədləri, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdir. Belə ki, cavabdehə ünvanlanmış məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 25 sentyabr 2010-cu ildə Abunə Müqaviləsi imzalanmış və cavabdeh iddiaçının rabitə xidmətlərindən istifadə etmişdir. Həmçinin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -1.1-ci bənddə qeyd edilir ki, fakturasız Xətt sisteminə aid nömrə – müvafiq sistemə aid olan tarif paketlərinin xüsusiyyətləri nəzərə alınmaqla, faktura kəsilməsi ilə bağlı münasibətlər nəzərdə tutulmadan, nömrənin balansına yüklənilən məbləğ vasitəsi ilə ödəmələr aparılmaqla xidmətlərdən istifadə imkanı verən nömrədir. Fakturalı Xətt sisteminə aid nömrə – müvafiq sistemə aid olan tarif paketlərinin xüsusiyyətləri nəzərə alınmaqla, sonradan ödəməklə və ya avans olaraq, nömrənin hesabına keçirilən pul vəsaiti müqabilində xidmətlərdən istifadə imkanı verən nömrədir; -2.1, 2.4-2.6-cı bəndlərə əsasən müqavilənin predmetini “Azercell” tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi, “Abunəçi” tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin müddəaları SİM-kart vasitəsilə təchiz edilən “Azercell” Xidmətlərinə və/və ya SİM-kart paketi satışına şamil edilir. Tərəflər razılaşırlar ki, “Azercell” Abunəçiyə müqavilənin müddəalarına uyğun olaraq, nömrəni istifadəyə verir, rabitə xəttini açır və xidmət göstərir, Abunəçi də öz növbəsində istifadəsində olan (adına rəsmiləşdirilən) nömrədən “Azercell”in göstərdiyi xidmətlərin müqabilində müqaviləyə uyğun olaraq, xidmət haqqı və digər ödənişləri həyata keçirir. Xidmətlərdən (zəng, qısa mesaj, kodlar yığılmaqla və sair vasitələrdən) istifadə etməklə aparılan əməliyyatlar Abunəçi tərəfindən həyata keçirilmiş hesab edilir. Fakturalı Xətt sistemində Abunəçi və “Azercell” arasında hesablaşmalar “Azercell” tərəfindən verilən hesab-faktura əsasında həyata keçirilir. Fakturasız Xətt sistemində mövcud olan tarif paketlərində isə Abunəçi və “Azercell” arasında hesablaşmalar nömrənin balansına yüklənən məbləğ əsasında xidmətlərdən istifadə müqabilində həyata keçirilir. Fakturasız Xətt sistemində mövcud olan tarif paketləri çərçivəsində istifadə edilmiş xidmətlərə görə hesablanan haqq xidmətin xüsusiyyətlərindən, fors-major və sair hallardan asılı olaraq dərhal və ya sonradan hesablanaraq, nömrənin balansına yüklənmiş məbləğdən çıxıla bilər. Danışıq kartının növü və dəyərindən asılı olaraq, nömrənin balansına yüklənmiş məbləğin istifadə müddəti “Azercell” tarifləri ilə müəyyən edilir. Danışıq kartlarından istifadə qaydaları (istifadə müddətləri və yeni məbləğ yükləmə müddəti də daxil olmaqla) və müvafiq kartların dəyəri “Azercell” tərəfindən öz mülahizəsinə əsasən, sərbəst şəkildə müəyyənləşdirilir və vaxtaşırı olaraq dəyişdirilə bilər. İstifadə müddətləri SİM-kart paketində, “Azercell” tariflərində göstərilir və hər hansı digər reklam vasitəsi ilə də bu barədə məlumat təqdim edilə bilər. Abunəçiyə verilən nömrə onun istifadəsində olur və Abunəçi həmin nömrəyə heç bir mülkiyyət hüququna malik deyil; - 3.1 və 3.3-cü bəndlərə görə “Azercell” müqaviləyə və istifadə qaydalarına müvafiq olaraq, zəruri təmir, profilaktik və təkmilləşdirmə işləri aparılan günləri çıxmaq şərti ilə, hər gün bütün sutka ərzində fasiləsiz xidmətlər göstərir. Tərəflər nəzərə alırlar ki, telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə həyata keçirildiyindən hər hansı kənar maneə mənbələrindən, o cümlədən binalardan, bitkilərdən, relyefdən və sair maneə mənbələrindən müdaxiləyə və arzuedilməz təsirlərə məruz qala bilər, həmçinin abunəçinin cihazından da asılı olan hallar nəzərə alınmaqla, hər bir vaxt və hər yerdə (xüsusən də, maneələrin yerləşdiyi ərazilərdə) keyfiyyətli və aramsız rabitəyə təminat verilmir. Qeyd edilən hallar ilə bağlı “Azercell” cavabdehlik daşımır; - 4.1-4.3-cü bəndlərlə müəyyən edilir ki, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Ödəmələr “Azercell”in müvafiq ödəmə məntəqələrində və vasitələri ilə (o cümlədən, bank və poçtlarda, ATM bankomatları, müvafiq ödəmə kartları, internet ilə və s.) həyata keçirilir. “Azercell” öz mülahizəsinə əsasən nömrənin hesabına keçirilən məbləğin maksimal və minimal hədlərini müəyyən edə bilər. Hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, “Azercell” abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizi ilə bağlı şərtlər “Azercell” tərəfindən müvafiq qaydada dəyişdirilə bilər. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər “Azercell” tərəfindən davam etdirilir. Borca görə ləğv olunmuş nömrə, digər şəxsin istifadəsinə verilməyibsə, müvafiq borc (gecikmə faizi də daxil olmaqla) məbləği və “Azercell” tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq sərbəst müəyyənləşdirilən müvafiq bərpa məbləği ödənildikdən sonra yenidən Abunəçi tərəfindən istifadə oluna bilər; - 5.1-5.3-cü bəndlərin tələbinə əsasən Fakturalı Xətt sistemində abunəçinin istifadəsində olan nömrədə hesablanmış xidmət haqları öz əksini hesab-fakturada tapır. Hesab-faktura hər faktura dövrünün sonunda kəsilərək, abunəçinin istəyi ilə təqdim oluna/göndərilə bilər. Müvafiq faktura dövründə yer alan, lakin əks olunmayan xidmət haqları növbəti hesab-fakturalarda əks olunur. Hesab-fakturada göstərilmiş ödəniləcək məbləğ “Azercell”in bank hesabına keçirildiyi tarixdən etibarən faktura ödənilmiş sayılır; - 7.1-ci bənddə qeyd edilir ki, abunəçinin SİM-kartı nömrə ilə uzlaşdırılmışdır. Nömrə abunəçi tərəfindən satış vaxtı satışda olan nömrələr arasından seçilir. Satış “Azercell” və ya müvafiq səlahiyyətli müstəqil ticarət nümayəndəsi (diler və ya distribütor) tərəfindən həyata keçirilir. SİM-kart paketinin satışı nəticəsində SİM-kart fiziki obyekt olaraq Abunəçinin mülkiyyətinə, nömrə isə onun istifadəsinə keçir; - 8.2 və 8.3-cü bəndlərə görə Fakturalı Xətt sistemində hesab-faktura kəsildiyi tarixdən sonrakı 45 (qırx beş) təqvim günü keçdikdən sonra da borc məbləği və gecikmə faizi ödənilməzsə, həmçinin kredit limitini aşma halı olarsa, “Azercell” abunəçinin nömrəsini ikitərəfli bağlaya bilər. Bu, abunəçiyə xidmət göstərilməsinin dayandırılması deməkdir. “Azercell” tərəfindən xidmət göstərilməsinin dayandırılması gecikmə faizinin hesablanmasını dayandırmır və Abunəçi tərəfindən borcun (gecikmə faizi də daxil olmaqla) hər hansı bir hissəsinin ödənilməsi onu borcun qalan hissəsinin ödənilməsi öhdəliyindən azad etmir. Fakturalı Xətt sistemində abunəçi öz borcunu, gecikmə faizi ilə birlikdə, son ödəmə tarixindən sonra 6 (altı) ay ərzində ödəməzsə, abunəçinin istifadəsində olan nömrənin rabitə xətti tamamilə ləğv edilməklə nömrə onun istifadəsindən çıxarılır və müqaviləyə xitam verilir. Bu zaman “Azercell” Abunəçiyə hər hansı məlumat təqdim etmir. Müqaviləyə xitam verilməsi Abunəçini borclarını ödəmək vəzifəsindən azad etmir; - 10-cu bəndlə müəyyən edilir ki, müqavilə hər iki tərəfdən imzalandıqdan və nömrə “Azercell” tərəfindən aktivləşdiriləndən sonra hüquqi qüvvəyə minir və qeyri-müəyyən müddətdə qüvvədə olur. Müqavilədə nəzərdə tutulan öhdəliklərin abunəçi tərəfindən tam və lazımınca yerinə yetirilməməsi və yaxud müqavilə şərtlərinin təqsirli pozulması “Azercell”ə hüquq verir ki, abunəçi qarşısında heç bir məsuliyyət daşımadan ona xidmət göstərilməsini dərhal (bu Müqavilənin 8-ci maddəsində göstərilən hallar istisna olmaqla) dayandırsın və ya məhdudlaşdırsın. Xidmət göstərilməsi dayandırıldıqdan sonra 6 (altı) ay müddətində abunəçi yol verdiyi pozuntunu aradan qaldırmazsa, bu abunəçi tərəfindən müqavilədən birtərəfli imtina kimi qiymətləndirilir və müqaviləyə xitam verilmiş hesab edilir. Abunəçi Müştəri Xidmətlərinə rəsmi/yazılı müraciət etməklə istənilən vaxt müqaviləyə xitam verə bilər. Hər hansı səbəbdən borcun ödənilməməsi (Fakturasız Xətt sistemində yeni məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğin yüklənməməsi) abunəçi tərəfindən müqavilədən birtərəfli imtina kimi qiymətləndirilir və bu halda “Azercell” abunəçi qarşısında heç bir məsuliyyət daşımadan müqaviləyə xitam verir. Hər hansı səbəbdən müqaviləyə xitam verilməsi abunəçini müvafiq ləğv tarixinədək yaranmış borcların ödənilməsi öhdəliyindən azad etmir; - 12.1-ci bəndin tələbinə görə abunəçi tərəfindən müqaviləni imzalanmaqla və nömrədən istifadəyə başlamaqla müqavilənin bütün müddəaların, istifadə qaydalarına riayət etmək öhdəliyin qeyri-şərtsiz qəbul etmiş hesab edilir. Abunəçi “Azercell” xidmətlərindən, nömrədən istifadə zamanı qanunvericiliyin və müqavilənin müddəalarına və istifadə qaydalarına riayət etməlidir; - 16.5-ci bəndə görə isə tərəflər arasında mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilir. Qarşılıqlı razılaşma yolu ilə həll edilməyən mübahisələr, aidiyyəti üzrə müvafiq məhkəmə tərəfindən həll edilir. Bu maddənin tələblərinə baxmayaraq, abunəçi tərəfindən hər hansı bir öhdəlik pozulduğu halda “Azercell” məhkəməyə müraciət etməzdən əvvəl onu yazılı və ya şifahi yaxud hər hansı digər vasitə ilə xəbərdar etmək vəzifəsini daşımır. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının özünə aid mobil nömrəni abunəçinin istifadəsinə verməsi, rabitə xəttini açması, ona xidmət göstərməsi, cavabdehin isə hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinədək onu ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddianın müqavilədən irəli gələn öhdəliyini icra etməsi həm tərəflər arasında bağlanmış 25 sentyabr 2010-cu il tarixli abunə müqaviləsi, həm də məhkəməyə təqdim edilmiş cari hesab arayışları ilə öz təsdiqini tapır. Belə ki, müqavilənin 10.1-ci bəndindən aydın olur ki, İddiaçı tərəfindən abunəçiyə təqdim edilmiş nömrə aktivləşdikdən sonra müqavilə qüvvəyə minir. Cari hesab arayışlarından isə cavabdehə təqdim edilmiş ********* nömrəsinin aktivləşdirilməsi müəyyən edilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. İddianın təmin edilməsi ilə bağlı istinad etdiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Qanunvericiliyin bu müddəasının tələbi daxilində məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından da məlum olur ki, Cavabdeh oğlu ilə iddiaçı "xxxx" MMC arasında 25 sentyabr 2010-cu ildə Abunə Müqaviləsi bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya borcu yaranmışdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni borclunun təqsirliyi prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 25 sentyabr 2010-cu il tarixli abunə müqaviləsinin 14.1-ci bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, ərizəyə əlavə edilmiş “14" fevral 2022-ci il tarixli cari hesab arayışından aydın olur ki, Cavabdeh ödənilməmiş faktura məbləği 39 (otuz doqquz) manat, 24 (iyirmi dörd) qəpik təşkil edir. Həmçinin həmin sənəddən cavabdehin son ödəməni 28 oktyabr 2019-cu ildə həyata keçirməsi də qeyd edilir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəlindiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 25 sentyabr 2010-cu il tarixli Abunə Müqaviləsi üzrə ********* nömrəli mobil nömrə ilə rabitə xidmətlərindən istifadə etməyə görə yaranmış 39 (otuz doqquz) manat, 24 (iyirmi dörd) qəpik məbləğində borc Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; -həmçinin Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "Azercell-Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 25 sentyabr 2010-cu il tarixli Abunə Müqaviləsi üzrə ********* nömrəli mobil nömrə ilə rabitə xidmətlərindən istifadə etməyə görə yaranmış 39 (otuz doqquz) manat, 24 (iyirmi dörd) qəpik məbləğində borc Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Həmçinin Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar