Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-17/2025 23.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Nümayəndə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 qarşı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən məcburi çıxarılmaları tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “06” sentyabr 2024-cü ildə “Elektron Məhkəmə” İnformasiya Sistemi” vasitəsi ilə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Naxçıvan MR, ünvan 1 ünvanda yerləşən 23 sot torpaq sahəsindən çıxarılması və həyətyanı torpaq sahəsi ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikası ünvan 1 mülkiyyətimdə olan torpaq sahəsi mərhum həyat yoldaşım X2 adına mülkiyyət olaraq qeydiyyatdan keçmiş və Babək rayonu Aqrar İslahatlar Komissiyasının 81 saylı 27 sentyabr 1999-cu il tarixli Qərarı əsasında 23 sot torpaq sahəsi fərdi evin tikintisi üçün ayrılmışdır. Naxçıvan MR Dövlət Torpaq Komitəsi (hazırda ƏMDX-i) tərəfindən verilmiş JN-219A-kod- 10301018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məlum 23 sot torpaq sahəsi paylı mülkiyyət olaraq ailə üzvləri arasında bərabər paylardır. Həyat yoldaşımın vəfatından sonra cavabdehlər torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evini zəbit etmiş və bir müddət yaşamış, sonradan müxtəlif insanlara kirayə vermişdirlər. Dəfələrlə cavabdehlərdən xahiş olunmuşdur ki, zəbt etdikləri yaşayış evindən və torpaqdan çıxsınlar, lakin nəticə əldə olunmamışdır. İşimlə və övladlarımın təhsili ilə bağlı olaraq inzibati orqanlara müraciət etmək imkanım olmamışdır. 2013-cü ildən cavabdehlər əmlakımı zəbt etməklə yuxarıda qeyd etdiyim kimi bir halda özləri, başqa halda isə kirayə verməklə mülkiyyətimdən sərbəst istifadə etməyimə mane olmuşdurlar və bu yolla ailəmizin qanunla qorunan mülkiyyət hüquqlarını davamlı olaraq pozmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdehlərə pretenziya qaydasında müraciət etmiş və ünvan 2 ünvanda yerləşən 23 sot torpaq sahəsindən, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən könüllü çıxmaları xahiş olunsa da, cavabdehlərdən cavab alınmamışdır. 26 sentyabr 2024-cü ildə mülki iş üzrə İddiaçı "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək qeyd olunan iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh2 əsl cavabdeh Nümayəndə ilə əvəz edilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(079)-606/2024 nömrəli qərardadı ilə mülki iş üzrə Cavabdeh2 əsl cavabdeh Nümayəndə ilə əvəz edilmişdir. Bundan sonra 10 oktyabr 2024-cü ildə mülki iş üzrə İddiaçı "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Nümayəndə Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanda yerləşən 23 sot torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə mülki işə İddiaçı Cavabdeh1 və Nümayəndə qarşı cavabdehlərin ünvan 3 ünvanda yerləşən 23 sot torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması həddində baxılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunmuş cavabdehlərlə bərabər onların ailə üzvləri - Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 cavabdeh qismində işə cəlb olunması məhkəmədən xahiş edilmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-606/2024 nömrəli qərardadı ilə iş üzrə Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı və cavabdehlər Nümayəndə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutan məhkəmə işə sözügedən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında 1999-cu ildə Qaraçuq kəndində Araz çayının suyunun artması ilə bağlı köçürülmə ilə əlaqədar olaraq iddiaçı və onun ailəsinə dövlət tərəfindən indiki Babək şəhərində torpaq sahəsi və onun üzərində fərdi yaşayış evinin tikilib təhvil verildiyini, qarşı tərəfin həmin torpağın onun ata mülkü olmasını bildirsə də bunun yalan olduğunu, iddiaçının bir müddət mübahisəli torpaq sahəsindəki tikilidə yaşadıqdan sonra ailəsi ilə birlikdə Bakı şəhərinə getdiyini, əri İsa Hüseynovun 2013-cü ildə vəfat etdiyini, övladlarının isə orada işlədiyindən uzun müddət Naxçıvana qayıtmadıqlarını, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları göstərilən X2 iddiaçının əri, X6 və X7 isə onların birgə nikahından olan uşaqları olduğunu, iddiaçının ailəsi ilə birlikdə 2005-ci ilədək həmin evdə yaşadığını, sonra Rusiyaya getdiklərini, Rusiyadan qayıtdıqdan sonra da 2011-ci ilədək həmin evdə yaşadıqlarını, sonra onların Bakı şəhərinə getdiklərini, 2013-cü ildə iddiaçının həyat yoldaşı İsa İsayev vəfat etdikdən sonra iddiaçı işlədiyinə görə, həmçinin uşaqlarının təhsilinə görə Bakı şəhərində yaşamağa davam etdiklərini, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmadığını, iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlərin həmin evdən çıxmadığını bildirmiş, sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında kəndlərinin Araz çayının yaxınlığında yerləşdiyini, çayın suyunun artması ilə bağlı olaraq 1970-ci ildə dövlətin onları buraya köçürdüyünü, atasının 1992-ci ildə, anasının isə 1993-cü ildə vəfat etdiyini, kiçik qardaşı İsanın 1984-cü ildə Rusiyaya getdiyini və 10 il orada yaşadıqdan sonra 1994-cü ildə geri qayıtdığını, həmin vaxt iddiaçını da özü ilə birlikdə gətirdiyini, 1994-cü ildə ailə qurduqlarını, birgə nikahlarından 1995-ci ildə Hüseynxan, 1996-cı ildə Mətləb və 1997-ci ildə isə Sevinc adlı 3 uşaqlarının dünya gəldiyini, Sevincin vəfat etdiyini, digərlərinin isə sağ olduğunu, İsanın daha sonra Türkiyə Respublikasına getdiyini, İsa geri qayıtdıqdan sonra İsa və Əsmərin evdə nə varsa satıb Rusiyaya getdiklərini, Rusiyada yaşamaq üçün orada qeydiyyata düşməli olduqlarını, özünün burada sənədləri hazırlayıb onlara göndərdiyini, 2006-2007-ci illərdə isə Əsmərin xəbərsiz gəlib özünü və övladlarını hazırki mübahisəli evin qeydiyyatından çıxarıb Bakı şəhərinə getdiklərini, ondan sonra bir daha Əsməri görmədiklərini, daha sonra qardaşının ona zəng edib iddiaçının uşaqları ondan gizlətdiyini bildirdiyini, bir müddət sonra isə daha qardaşından xəbər tuta bilmədiklərini, onu 2007-ci ildən görmədiyini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etdikdə onun ölümü ilə bağlı hər hansı sənəd aşkar edilmədiyini, qardaşı İsanın deyilənə görə 2013cü ildə vəfat etdiyini, qardaşı İsanın adına həyatyanı torpaq sahəsi verilmədiyini, çöl pay torpaq sahəsi verildiyini, İsa Rusiyada olarkən onun adına torpaq sahəsi aldığını, lakin sonra həmin torpaq sahəsini böyük bacısı Minayənin adına keçirdiyini, Minayənin 2004-cü ildə vəfat etdiyini, torpaq sahəsi paylanan vaxt İsa və Əsmərin Rusiyada yaşadıqlarını, onların 1997-ci ildən Rusiyaya getdiklərini, torpaq sahəsi üzərində yerləşən evin isə qeydə alınmadığını, həmin torpağın X3, X5 və X4 məxsus torpaq sahələrinin qonşuluğunda Babək şəhərində yerləşdiyini, torpaq sahəsinin bir tərəfinin isə gediş-gəliş yolu olduğunu, hazırda həmin evdə oğlu Nümayəndə, onun arvadı Cavabdeh5, övladları Nuranə, Aynur və Nurlanın yaşadıqlarını, özü və arvadı Tükəzbanın isə qonaq kimi gedib-gəldiyini, daimi olaraq orada yaşamadıqlarını, özlərinin Babək şəhərində başqa torpaq və evlərinin olduğunu, 1981-ci ildən mübahisəli torpaqda dövlət tərəfindən verilmiş evdə yaşadığını, torpaq sahəsi üzərində 2 evin yerləşdiyini, birinin dövlət tərəfindən atasına verildiyini, digərini isə sonradan özünün tikdiyini, Aqrar İslahat Komissiyasının qərarı ilə öz adına 6 sot torpaq sahəsinin verildiyini, həmin torpaq sahəsinin Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşdiyini, həmin torpaq sahəsində özü, arvadı Cavabdeh4 Şiralı qızı, oğlu Cavabdeh2 və onun ailə üzvlərinin yaşadığını, 1990-ci ildən sonra indiyə qədər daimi olaraq orada yaşadığını, arabir həmin evdə oğlu Musa və ailəsi yaşadığından qonaq gedib-gəldiyini, mübahisə edilən torpaq sahəsinin üzərində yerləşən evin oğlu Musanın adına deyil, atası Hüseynxanın adına olduğunu, evin isə qeydə alınmadığını, həmin torpaq sahəsinin 1999-cu ildə qardaşı İsanın və onun ailə üzvlərinin adına rəsmiləşdirildiyini bilmədiyini, həmin vaxt qardaşının ailəsi ilə birlikdə Rusiyada yaşadığını, Aqrar İslahat Komissiyasının qərarını indiyədək mübahisələndirmədiyini, torpaq sahəsinin ünvan 4 ünvanında yerləşdiyini, iddiaçı tərəfin iddia etdiyi kimi 35 ünvanında yerləşmədiyini, İsanın oğlu ona “Atam cəhənnəmə ölüb, mənə əsas mülk lazımdır” dediyinə görə acığa düşüb oranı yenidən təmir etdirdiyini, çünki orada özünün də payı olduğunu, həyətin 20 sot olduğunu, əvvəllər özünün də orada qaldığını, orada təmir-tikinti işi apardıqlarını, əkin əkdiklərini, bu işləri görəndə həmin evin qardaşına məxsus olduğunu bilmədiklərini, ata evi hesab edərək yaşadıqlarını bildirmiş, sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Nümayəndə məhkəmə hazırlıq iclasında verdiyi izahatında hazırda mübahisə predmeti olan torpaqdakı evdə yaşadığını, həmin evdə doğulduğunu və 6 yaşına qədər orada yaşadığını, daha sonra dövlət tərəfindən atası Cavabdeh1 1999-cu ildə Babək rayonu Qoşadizə kəndində torpaq sahəsi verildiyindən həmin torpaq sahəsində ev tikərək oraya köçdüklərini, evləndikdən sonra isə bir müddət dayısının evində qaldığını, 2020-ci ildən isə indiki mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən 20 sot torpaqda tikilmiş evə xərc qoyub düzəldib köçüb yaşadığını, həmin vaxt o torpağın əmisin İsanın olmasından xəbərsiz olduğunu, ondan əvvəl isə bir müddət atasıgilin orada yaşayıb təmir işi gördüklərini, hazırda atası Əbülfəz və anası Tükəzbanın onlarla birlikdə həmin evdə yaşamadığını, onların atasının adına olan torpaqda elə Babk şəhərində başqa evdə yaşadığını, arabir qonaq kimi gəlib-getdiklərini, əgər babasından qalmış miras əmlak olmadığını bilsəydi oraya xərc çəkməyəcəyini, bunu bilmədən etdiklərini, hazırda orada özü, arvadı və uşaqlarının yaşadığını bildirmişdir. Cavabdeh1, Nümayəndə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 ünvan 1 ünvanda yerləşən 23 sot torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi evdən çıxarılmaları tələbinə dair məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan JN-219A-kod-10301018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Babək rayonu Aqrar İslahatlar Komissiyasının 81 saylı 27 sentyabr 1999-cu il tarixli Qərarı əsasında Babək rayonu, Babək qəsəbəsində yerləşən 0.23 hektar torpaq sahəsinin X8, İddiaçı, X9 və X7 ümumi mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı seriya nömrəsi JN:219A, kod 10301018 olan şəhadətnaməyə əsasən Naxçıvan MR, Babək rayonu, Babək şəhəri 35 ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan torpaq sahəsindən 1/3 hissədə pay hüququ tanınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında işin mübahisəsiz qaydada müəyyən olunmuş halı ondan ibarətdir ki, cavabdehlər Nümayəndə, onun arvadı Cavabdeh5, övladları Cavabdeh8, Cavabdeh7 və Cavabdeh6 hazırda həmin torpaqda inşa edilmiş tikilidə yaşayırlar. Mübahisənin hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında vurğulamışdır ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri vindikasiya iddiadır. Yəni mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bundan əlavə mülkiyyət hüququnun müdafiəsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Bundan başqa məhkəmə onu da bildirir ki, istər İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsindən, istərsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsindən aydın olur ki, mülkiyyət hüququ mütləq hüquq deyil, o məhdudlaşdırıla bilən hüquqdur. Bu məhdudiyyət isə qanuni və əsaslı olmalıdır. Cavabdehlər Nümayəndə, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 İddiaçı məxsus olan torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən istifadə etmələrinin hüquqi əsasının olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Babək rayonu, Babək şəhəri, H.Cavid küçəsi 35 ünvanında yerləşən 23 sot torpaq sahəsinin həmçinin İddiaçı xüsusi mülkiyyətində olması və cavabdehlər Nümayəndə, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 hər hansı qanuni əsas olmadan həmin torpaq sahəsində yerləşən qeydə alınmamış tikildə yaşaması müəyyən olunduğundan məhkəmə sonunculara münasibətdə iddia tələbini mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım hesab edir və əsaslı olması qənaətinə gəlir. Məhkəmə 14 yaşına çatmamış Cavabdeh7 münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Cavabdehlər tərəfindən mübahisələndirilən torpaq sahəsinin ünvan 7 ünvanında yerləşdiyinə dair izahatlarını nəzərə alan məhkəmə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində "xxxx" MMC-nin mütəxəssisin iştirakı ilə yerində müayinə keçirmiş və müayinə nəticəsində mütəxəssis tərəfindən verilmiş rəydə Babək şəhəri, H.Cavid küçəsi 35 ünvanında yerləşən JN-219A nömrəli həyətyanı torpaq sahəsində Nümayəndə iştirakı ilə elektron taxometr vasitəsilə ölçü işinin aparıldığını, torpaq sahəsinin şəhadətnamə üzrə ölçüsünün 2300 m2, faktiki ölçüsünün 1990.47 m2, üzərindəki tikilinin ölçüsünün isə 146.13 m2 olduğu qeyd olunmuşdur. Bununla belə məhkəmə araşdırması zamanı digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddiaçının çıxarılmasını tələb etdiyi ona məxsus torpaq sahəsində inşa edilmiş tikilidə yaşamadıqları mübahisəsiz qaydada müəyyən olunmuşdur. Belə ki, Cavabdeh1 özünə məxsus torpaq sahəsində tikili inşa etdiyini və 1990-ci ildən sonra indiyə qədər daimi olaraq orada yaşadığını, arabir həmin evdə oğlu Musa və ailəsi yaşadığından qonaq gedib-gəldiyini bildirmişdir. Belə olan halda fərdi yaşayış evindən çıxarılması tələb olunan Cavabdeh1 və Cavabdeh4 həmin torpaq sahəsindəki tikilidə yaşaması müəyyən olunmadığından məhkəmə iddia tələbini işin sözügedən faktiki halını nəzərə alaraq onlara münasibətdə əsaslı hesab etmir və təmin edilməməsi qənaətinə gəlir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Nümayəndə, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 JN-219A seriyalı, 10301018 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Babək rayonu Aqrar İslahatlar Komissiyasının 81 saylı, 27 sentyabr 1999-cu il tarixli qərarı əsasında X8, İddiaçı, X9 və X7 ümumi mülkiyyətinə verilmiş Babək rayonu, Babək şəhəri, H.Cavid küçəsi 35 ünvanında yerləşən 0.23 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikildən məcburi qaydada çıxarılmalı, iddia Cavabdeh1 və Cavabdeh4 münasibətdə rədd edilməlidir. MPM-in 119.1-cü maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 manat (bir yüz) dövlət rüsumunun yarısı olan 50 (əlli) manat cavabdehlər Nümayəndə, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 müştərək qaydada alınaraaq iddiaçıya ödənilməli, qalmış hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Nümayəndə, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 JN-219A seriyalı, 10301018 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Babək rayonu Aqrar İslahatlar Komissiyasının 81 saylı, 27 sentyabr 1999-cu il tarixli Qərarı əsasında X8, İddiaçı, X9 və X7 ümumi mülkiyyətinə verilmiş Babək rayonu, Babək şəhəri, H.Cavid küçəsi 35 ünvanında yerləşən 0.23 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikildən məcburi qaydada çıxarılsın. İddia Cavabdeh1 və Cavabdeh4 münasibətdə təmin edilməsin. İddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu cavabdehlər Nümayəndə, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №e-2(079)-17/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-17/2025
23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver