Məhkəmə qərarları › İş №e-2(079)-186/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-186/2022

31.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-186/2022 31.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 Rəsul Nurəli oğlunun Cavabdeh4, X3, X4, Cavabdeh6, X2 və Cavabdeh3 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən etibarsız hesab edilməsi, qanuni istifadə hüququnun tanınması və istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “29” mart 2022-ci ildə nümayəndəsi Vəkil vasitəsi ilə Cavabdeh4, X3, X4, Cavabdeh6, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı ilə Cavabdeh4, X6, X7, Cavabdeh6, X5 və Cavabdeh3 adına verilmiş JN-160A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən etibarsız sayılması, hal-hazırda həmin şəhadətnamə ilə cavabdehlərin mülkiyyətinə verilmiş 39 metr uzunluğunda və 3 metr enində olan torpaq sahəsinə münasibətdə İddiaçı “qanuni istifadə hüququnun tanınması, həmin şəhadətnamə ilə cavabdehlərin mülkiyyətinə verilmiş 39 metr uzunluğunda və 3 metr enində olan torpaq sahəsinə münasibətdə cavabdehlər tərəfindən istifadəyə yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. O, tələbini əsaslandıraq qeyd etmişdi ki, İddiaçı uzun müddətdir ki, Babək rayonu, Yarımca kəndində özünə məxsus fərdi yaşayış evində öz ailəsi ilə birlikdə yaşayır. Onun adına Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı ilə Babək rayoun, Yarımca kəndində 0.13 hektar torpaq sahəsi verilmiş və həmin qərar əsasında da iddiaçının adına JN-159A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Eyni zamanda həmin şəhadətnamə əsasında həmin torpaq sahəsi daşınmaz əmakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmiş, evi tikən zaman evin arxa tərəfindən 39 metr uzunluğunda və 3 metr enində kommunikasiya xətləri üçün boş saxlamışdır. Fərdi yaşayış evi üçün həmin sahəyə baxan 4 ədəd pəncərə açmışdır. Sonradan təxminən 2005-ci ildə müvafiq inzibati orqanın əməkdaşları tərəfindən torpaq sahələrində dəqiqləşdirmələr aparılmış və yuxarıda qeyd edilən torpaq sahəsi hazırki iş üzrə cavabdehlərin mülkiyyətinə verilmiş, buna dair həmin şəxslərə hüquqi sənəd təqdim edilmişdir. Aparılmış dəqiqləşmələrdən iddiaçının xəbəri və məlumatı olmamış, buna dair hər hansı bir rəsmiləşmə (akt, protokol və.s) aparılmamışdır. İddiaçı buna görə də öz mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsindən məhrum olmuşdur. Hal-hazırda da iddiaçı həmin sahədən faktiki olaraq istifadə edə bilmir. Həmin sahədən su və kanalizasiya xətləri çəksə də, bütün bunların heç birindən istifadə edə bilmir. Qeyd edilən ölçüdə torpaq sahəsi hal-hazırda JN-160A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Halbuki hazırki iş üzrə cavabdehlər iddiaçıdan sonra həmin ərazidə özləri üçün fərdi yaşayış evi tikmişdirlər, yəni iddiaçı islahat gedən vaxt və sonralar faktiki olaraq həmin torpaq sahəsinin qanuni istifadəçisi olmuş və ilk olaraq 2000-ci ildə şəhadətnamələr verilərkən də məhz həmin sahə iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı da hər zaman həm hüquqi baxımdan, həm də faktik olaraq həmin torpaq sahəsini özününkü bilmiş və həmin sahədən özü üçün istifadə etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə müvafiq ərizə ilə məhkəməyə müraciət etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının tələbindən ümumi mahiyyətindən görünür ki, o, JN seriyalı 160A nömrəli saylı, 10312018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən etibarsızlığını, həmçinin həmin hüquqi sənəd əsasında cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə olan hüququnun tanınmasını tələb edir. Mübahisələndirilən şəhadətnamədən aydın olur ki, Babək rayonu, Yarımca kəndində yerləşən 0,15 hektar torpaq sahəsi Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 08A nömrəli qərar ilə Cavabdeh4, X8, X7, Cavabdeh6, X5 və Cavabdeh3 xüsusi mülkiyyətinə verilib. İddia tələbini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət münasibətləri 1998-ci ildən yaranmışdır. Həmin dövr mülki münasibətləri tənzimləyən 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin 90-cı maddəsinin mahiyyətindən aydın olur ki, torpaq dövlətin müstəsna mülkiyyəti idi və o ancaq istifadəyə verilirdi. Lakin, 16 iyul 1996-cı il tarixdə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun qəbulundan sonra müvafiq torpaqlar Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyalarının qərarları əsasında özəlləşdirilərək xüsusi mülkiyyətə verilmişdir. Bu isə onu deməyə əsas verir ki, torpaq sahəsi üzərində cavabdehlər barədə ilkin qeydiyyatın yaranması üçün səbəb olan hüquq müəyyənedici sənəd Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 08 A nömrəli qərarıdır. İddiaçının tələbləri isə torpaq sahəsi üzərində ilkin qeydiyyatın aparılmasından yarandığından məhkəmə belə hesab edir ki, bu inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrdir və həmin tələblərə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrin məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsi ilə müəyyən edilir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normadan göründüyü kimi inzibati akt aşağıdakı əsas əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. Qeyd edilən hüquq normaların tələbləri baxımından məhkəmə qeyd edir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 08 A nömrəli qərarının inzibati akt olmasını, həmin qərarı qəbul edərkən onun ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələnin nizama salınmasına yönəlmiş ictimai idarəetmə ilə bağlı fəaliyyət göstərməsi nəzərə alınmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarın: - 2-ci bəndində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidi; - 3.1-ci bəndində qeyd edilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir; onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir; -5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi,etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqların həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 6.1-ci bəndinə görə, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən, nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizlikərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; - 17-ci bəndinə qeyd edilir ki, “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Yuxarıda sadalananı nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisə ümumi (publik) hüquq sahəsinə aid olduğu üçün həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinin məzmundan məlum olur ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsi ilə isə müəyyən olunur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qanunvericiliyin bu tələbini nəzərə alan məhkəmə iddiaçıya izah edir ki, müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsi ilə müəyyən olunur ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə iddiaçıya izah edir ki, həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Sözü gedən Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 28 mart 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki İddiaçı "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3, 153.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh4, X3, X4, Cavabdeh6, X2 və Cavabdeh3 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən etibarsız hesab edilməsi, qanuni istifadə hüququnun tanınması və istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunsun. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 28 mart 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.5ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar