Məhkəmə qərarları › İş №e-2(079)-245/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-245/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-245/2024 29.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “27” fevral 2024-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 1954.26 (bir min doqquz yüz əlli dörd manat, iyirmi altı qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 06 iyul 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. 24 mart 2022-ci il tarixli RRN **********05, RRN **********02, RRN **********91 nömrəli əməliyyatlar Bankın sistemdə uğursuz görünsə də qarşı bank tərəfindən 26 mart 2022-ci il tarixində vəsaitin ödəniş olunan tərəfə çatdığını təsdiq edən sənəd təqdim edilmişdir. Bununla əlaqədar olaraq Banka 1954.26 (bir min doqquz yüz əlli dörd manat, iyirmi altı qəpik) manat həcmində ziyan dəymişdir. Cavabdeh bankın hesabına 1954.26 (bir min doqquz yüz əlli dörd manat, iyirmi altı qəpik) manat məbləğində əsassız varlanmışdır. Müqavilənin 2.7-ci bəndinə əsasən, borcluya ödənilmiş vəsait geri qaytarıldıqda, borclunun hesabında kifayət qədər vəsait olmadığı halda borclunun ödəniş kartına bağlı olan hesabda borc məbləği yaradılır və bu məbləğ sonradan borclu tərəfindən qeydşərtsiz ödənilməlidir. Göründüyü kimi cavabdeh ilə bank arasında olan 06 iyul 2021-ci il tarixli, ******************** saylı müqavilə müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdehonun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 18 yanvar 2024-cü il tarixli, 6-3/07/05-634 saylı pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hal-hazırda borclunun, müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 1954.26 (bir min doqquz yüz əlli dörd manat, iyirmi altı qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 26 iyul 2024-cü ildə Babək Rayon Məhkəməsinə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə müraciət edərək iddia ərizəsinə bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə əvvəldən məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 06 iyul 2021-ci il tarixli, ******************** nömrəli müqavilə bağlanması işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması iddia ərizəsinə əlavə edilmiş 06 iyul 2021-ci il tarixli, ******************** nömrəli müqaviləsindən aydın olur. İşin mübahisəli halı isə iddiaçının Cavabdeh 1954.26 (bir min doqquz yüz əlli dörd manat, iyirmi altı qəpik) manat məbləğində pul tələb etməsidir. İddia tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar öz təsdiqini tapdığından onun tələbi təmin olunmalıdır. Məhkəmə tərəfindən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə ekspert rəyi və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş, məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, əsasən əsassız varlanmadan əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 iyul 2021-ci il tarixli, ******************** nömrəli “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə” dair müqavilə üzrə tərəflər aşağıda qeyd edilən və iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - 1.1-ci bəndinə əsasən müqavilənin predmetini kartın növü MC WORLD, kartın tipi MC World ATB Card Debit PayPass, valyuta növü AZN (Azərbaycan Manatı), kartın hesab nömrəsi ******************** olan, müddəti isə 3 il təşkil edən ödəniş kartının (debet, kredit) verilməsi xidmətinin göstərilməsin təşkil edir; -2.1-ci bəndinə görə tərəflər arasındakı münasibətlər bu xidmət müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə xidmət müqavilələrinin standart şərtləri” ilə tənzimlənir; -2.3-cü bəndi ilə müəyyən edilir ki, limitdən artıq istifadə edilən məbləğə (overdrafta), məbləğ əmələ gələn gündən başlayaraq bankın overdraft kreditləri üçün müəyyən etdiyi faiz dərəcəsi ilə faiz hesablanır və belə məbləğ müştəri tərəfindən 1 (bir) ay ərzində banka ödənilməlidir. Ödənilmədiyi halda bu müddət bitdiyi gündən başlayaraq tam ödənilən günə qədər bankın overdraft kreditlərinin ödənişinin gecikdirilməsi üçün müəyyən etdiyi faiz dərəcəsi ilə cərimə (dəbbə) hesablanır ; - 2.5-ci bəndə əsasən Bank kreditin verilməsi ilə bağlı öhdəliyini Müştəriyə verilmiş ödəniş kartına (ödəniş kartı hesabına) kredit məbləğini təşkil edən vəsaitin köçürülməsi (yerləşdirilməsi) ilə icra edir. Ödəniş kartı hesabına mədaxil edilən kredit vəsaitindən istifadə edilib-edilmədiyindən asılı olmayaraq kredit Müştəriyə verilmiş hesab edilir və Tərəflər bu Xidmət müqaviləsinə və əlavəsinə (əlavələrinə) və Standart şərtlərə uyğun öhdəlik, hüquq və vəzifələrini icra edir ; - 2.7-ci bəndlərin tələbinə görə müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyatla görə bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə xidmət müqavilələrinin standart şərtləri”nin: -1-ci bəndində qeyd edilir ki, “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət Müqavilələrinin «Standart Şərtləri»nə (bundan sonra “Standart Şərtlər”) əsasən Bank Müştərinin yazılı müraciəti əsasında ona bank hesabının açılması, əmanətlərin qəbul edilməsi, maliyyələşdirilmə (kredit, kredit xətti və ya overdraft), ödəniş kartlarının verilməsi, sənədlərin və qiymətlilərin, o cümlədən pul vəsaitlərinin saxlanca qəbul edilməsi ilə bağlı bank xidmətlərini (gələcəkdə hər biri ayrı-ayrılıqda “Xidmət”, birlikdə isə “Xidmətlər” adlandırılacaqdır) göstərə bilər. Bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər bu «Standart Şərtlər»nin müvafiq fəsillərində öz əksini tapmışdır; - 3.1 və 3.1.8-ci bəndələrinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək müştərinin vəzifəsidir; - 6.1-ci bəndinə görə müştərinin bank qarşısında öhdəlikləri yarandıqda və ya müvafiq məhkəmə qərarı olduqda, habelə qanunvericiliklə müəyyən edilmiş digər hallarda müştərinin sərəncamı olmadan onun hesabındakı pul vəsaiti bank tərəfindən akseptsiz qaydada silinə bilər. Müştəri tərəfindən banka edilən ödənişlər bu «Xidmət Müqaviləsi»yə uyğun həyata keçirilmədikdə, yaranmış overdraftı, kredit üzrə əsas borcu, hesablanmış faizləri, xidmət haqları, komissiyaları, müvafiq hallarda cərimə və dəymiş zərəri bank müştərinin bankdakı və ya digər banklardakı hər hansı hesabındakı (hesabın yaranmış öhdəliklə bağlı olub-olmamasından asılı olmayaraq) pul vəsaitini (əmanət və ya cari hesabda olan digər pul vəsaiti) onun razılığı və sərəncamı olmadan akseptsiz və birtərəfli qaydada silə bilər (əgər pul vəsaiti müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya bankın müvafiq tariflərinə əsasən həyata keçirilərək komissiya haqqı müştərinin hesabındakı pul vəsaitindən akseptsiz qaydada silinir). Bank Müştərinin hesabında kifayət qədər vəsait olmadıqda bu faizlərin, borcların, komissiyaların və xidmət haqlarının nağd şəkildə ödənilməsini müştəridən tələb edə bilər. İddiaçının tələbindən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehin ona 1954.26 (bir min doqquz yüz əlli dörd manat, iyirmi altı qəpik) manat məbləğində borcunun olmasını Cavabdeh əsassız varlanması, yəni həmin öhdəliyin tərəflər arasında bağlanmış 06 iyul 2021-ci il tarixli, ******************** nömrəli müqavilədən irəli gəlməməsi – cavabdehin overdrafta yol verməsi (müqavilənin 2.7-ci bəndi ilə) ilə əsaslandırıb. Texniki overdraftın yaranmasının sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı-cavabdeh iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh-iddiaçı tərəfindən iddiaçı-cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin öz tələbinin əsaslandıran halın təsdiqi ilə bağlı məhkəməyə Cavabdeh məxsus AZ17AZRT******************** nömrəli hesabdan çıxarışı təqdim etmişdi. Texniki overdraftın yaranıb-yaranmaması və onun məbləğinin hesablanması xüsusi bilik tələb olunan məsələ olduğundan məhkəmə tərəfindən “30” aprel 2024-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirılməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli, 3-16-33-3/2-507/2024 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş eyni tarixli, 507 nömrəli ekspert rəyində isə qeyd edilir ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 iyul 2021-ci il tarixli, ******************** nömrəli “Fiziki şəxslərə ödəniş kartının (debit, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 04 noyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı Açıq Səhimdar Cəmiyyətinə məxsus kart hesabından 1954.26 (bir min doqquz yüz əlli dörd manat, iyirmi altı qəpik) manat əlavə pul vəsaitinin çıxarılması öz əksini tapmışdır. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntuya yol verilməsi halına rast gəlinmədiyindən məhkəmə ekspertin rəyini sübut kimi qəbul edilən hesab etmişdi. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş 04 noyabr 2023-cü il tarixli maliyyə arayışı və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş 18 yanvar 2024-cü il tarixli, 6-3/07/05-634 nömrəli bildirişdən də cavabdehin banka ekspertin rəyində göstərilən məbləğində borcu olması məlum olur. 868914 nömrəli yol qaiməsindən isə həmin xəbərdarlığın 30 yanvar 2024-cü ildə cavabdeh tərəfə təqdim edilməsi öz təsdiqini tapır. İddia tələbinin təkzib edilməsi vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan iş üzrə cavabdehin Babək rayonu, Kərimbəyli kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti ona əlavə edilmiş sübutlarla birlikdə məhkəmənin 28 fevral 2024-cü il tarixli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi, həmçinin məhkəmə sənədləri onun "Elektron Məhkəmə" informasiya sistemində yaradılan kabinetinə yerləşdirilmişdi. Məhkəmə bildirişində cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Cavabdehə göndərilmiş məhkəmə sənədləri onun Babək rayonu, Kərimbəyli kəndində yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsində nəzərdə tutulur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinin mahiyyətin görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslardan biri əsassız varlanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə isə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdeh öz hərəkətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsasının olması ilə bağlı məhkəməyə hər hansı bir sübuta təqdim etməmişdi Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmçinin qeyd edilən Məcəllənin 439.4-cü maddəsi ilə müəyyən edilir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranması məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 06 iyul 2021-ci il tarixli, ******************** nömrəli müqavilənin 2.3-cü bəndindən isə aydın olur ki, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 39.55 (otuz doqquz manat, əlli beş qəpik) manat miqdarı da Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsini ilə tənzimlənir ki, bu məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir (115.0 və 115.0.1-ci maddələr). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin məhkəməyə təqdim etdiyi ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertin işə baxılması ilə bağlı çəkdiyi xərcin miqdarı 60 (altmış) manat təşkil edir. Hazırki tələb üzrə məhkəmə tələbi əsaslı sayıldığından Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; - Cavabdeh 1954.26 (bir min doqquz yüz əlli dörd manat, iyirmi altı qəpik) manat məbləğində pul, həmçinin 39.55 (otuz doqquz manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - işə baxılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə xərci Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ******************** nömrəli hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 1954.26 (bir min doqquz yüz əlli dörd manat, iyirmi altı qəpik) manat məbləğində pul, həmçinin 39.55 (otuz doqquz manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşə baxılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə xərci Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar