Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-281/2025 23.07.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkil-nümayəndəsi Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyeva (Rüstəmova) Zəhra Murtuz qızı və cavabdehin vəkilnümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməklə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı “01” aprel 2025-ci ildə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Babək rayonu Hacıvar kəndi ərazisində Cavabdeh mülkiyyətində olan **********87 reyestr nömrəli 0.075 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməklə həmin torpaq sahəsinin ¼ hissəsinə pay hüququnun tanınması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən, İddiaçı cavabdehin bacısı Rüstəmova (Əliyeva) Zəhra Murtuz qızı ilə 1998-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, ailə qurduqdan sonra Culfa rayon Qazançı kəndində yaşamaqla birgə nikahımızdan 3 övladımız doğulmuşdur. Sonradan müxtəlif səbəblərdən bizim birgə yaşamağımız mümkün olmamış və aramızdakı nikah Culfa Rayon Məhkəməsinin 2(089)-200/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda bizim aramızda əmlak bölgüsünə dair Culfa Rayon Məhkəməsinin icraatında iş vardır ki, birgə nikah dövründə əldə etdiyimiz bütün əmlaklar iddia predmetinə daxil edilmədiyindən müvafiq tələblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, biz vaxtilə birgə, mehriban yaşadığımız dövrdə Babək rayon Hacıvar kəndi ərazisində torpaq sahəsi almaq qərarına gəlmiş, bu məqsədlə 2008-ci ildə həmin kənd sakini Şahid1 ilə aramızda razılıq əldə edilmişdir. Bu razılaşmaya əsasən Şahid1 mülkiyyətində olan Babək rayon Hacıvar kəndi ərazisində yerləşən 8 sot torpaq sahəsini bizə yəni, ½ pay (dörd sot) mən və ½ pay (4 sot) Cavabdeh satmış bu alqı - satqı müqabilində tərəfimdən Şahid1 4000 (dörd min) manat məbləğində pul ödənilmişdir. Həmin vaxt Cavabdeh torpaq sahəsini almaq üçün tam maddi imkana malik olmadığından mən öz payıma düşən hissəni satıcıya ödəyib işləmək üçün Türkiyə Respublikasına getmiş və bir müddət orada yaşamışdım. Həmin ərəfələrdə isə Şahid1 satdığı torpaq sahəsinin təcili sənədləşməsini tələb etmiş və mən burada olmadığımdan alınmış torpaq sahələri Cavabdeh adına qeydə alınmışdır. Sonradan torpaq sahəsinin cavabdehin adına qeydə alındığını bilsəm də aramızda olan qohumluq münasibəti səbəbindən buna etiraz etməmiş, gələcəkdə həmin sahənin övladlarımdan birinin adına rəsmiləşdiriləcəyini düşünmüşdüm. Lakin münasibətlərimiz normal axarında getməmiş və cavabdehin bacısı ilə aramızdakı nikah artıq pozulmuşdur. Bu müddət ərzində isə Cavabdeh mənə məxsus əmlakın geri qaytarılması tələbim nəticəsiz olmuş, məsələnin hər hansı bir yolla həlli istiqamətdə göstərdiyim səylər heç bir fayda verməməklə cavabdeh tərəf mənə məxsus əmlakı geri qaytarmaqdan imtina etmişdir. Cavabdehlə aramızdakı mübahisənin başqa yolla həll edilməsi mümkün olmadığından mən məcburiyyət qarşısında qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət edirəm. Hesab edirəm ki, məhkəmə mənim iddiamı əsaslı olması səbəbindən təmin etməklə, Cavabdeh adına verilmiş **********87 reyestr nömrəli çıxarışı ləğv etməli və cavabdehin sahibliyində olan torpaq sahəsinə mənim pay hüququmu tanımalıdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında aldığı torpağı cavabdehin müxtəlif yollarla öz adına saldırdığını, cavabdehin bacısı ilə 1998-ci ilə ailə qurub 2024-cü ildə boşandığını, Ələsgərin ona məxsus olan 4 sot torpaq sahəsini mənimsədiyini, Türkiyə Respublikasında işləyib pul yığıb Babək rayonu Hacıvar kəndində torpaq sahəsi almaq istədiyini, torpaq sahəsini cavabdehin xalasının qonşusu Məcnun adlı şəxsdən almaq istədiyini, Məcnunun isə 8 sot torpağının olduğunu və bütöv şəkildə satmaq istədiyini, özünün 4 sot torpaq sahəsi almaq niyyətində olduğunu, qalan 4 sot torpaq sahəsini isə cavabdehin almaq istədiyini, cavabdehin pulu 2-3 ay sonra verəcəyini bildirdiyini, özünün isə torpaq sahəsinin pulunu Məcnuna verdiyini və Məcnunun pulu almağına dair kağızda qeydlər etdiyini, daha sonra yenidən Türkiyə Respublikasına getdiyini, cavabdehin torpaq sahəsinin pulunu ödəməsi üçün onun qardaşını da işləmək üçün özü ilə birgə Türkiyə Respublikasına apardığını, cavabdehin isə 4800 manat pulu 2 həftə ərzində tapıb torpaq sahəsinin pulunu yığdığını, sonra zəng edib Məcnunun oktyabr ayında uşağına toy edəcəyini və təcili şəkildə torpaq sahəsini kiminsə adına keçirmək istədiyini dediyini, Ələsgərin qaynı olduğu üçün torpaq sahəsinin bir müddətlik onun adına salınmasına razılıq verdiyini, torpaq sahəsini 2008-ci ilin may ayından almağına baxmayaraq hələ də öz adına keçirə bilmədiyini və həmin vaxtdan Məcnunun pulu almağına dair sənədi tapa bilmədiyini, torpaq sahəsini öz adına keçirmək istədiyini Ələsgərə bildirsə də ona aid torpaq sahəsinin kəsir olduğunu bildirib, müxtəlif bəhanələrlə torpaq sahəsini onun adına keçirməkdən imtina etdiyini, hər dəfə torpaq sahəsini öz adına keçirmək istədiyi vaxt Ələsgərin bacısına dediyini və bacısının da evdə dava saldığını, bacısından ayrıldıqdan sonra isə torpaq sahəsini mənimsədiyini, özünə aid torpaq sahəsinin qaytarılmasını xahiş etdiyini, torpaq sahəsini Şahid1 2008-ci ilin may ayında aldığını, lakin aldığı torpaq sahəsini cavabdehin adına rəsmiləşdirdiyini, Ələsgərə “Torpaq sahəsini öz adına saldır, mən gələndə adıma saldıraram“ dediyini, lakin cavabdehin onu aldadıb torpaq sahəsini onun adına keçirmədiyini, bisavad olduğu üçün aldığı torpaq sahəsinin gələnədək Məcnunun adına qalmasına razılıq vermədiyini, ayda bir dəfə Naxçıvana qayıtdığını, dəfələrlə cavabdehə torpaq sahəsini öz adına keçirməsi üçün müraciət etdiyini, lakin onun, müxtəlif bəhanələr gətirərək bəzən pulunun olmadığını bildirdiyini, bəzən isə ailə münaqişəsi salıb torpağı adına keçirmədiyini, indi isə ailəsi dağıldığından torpaq sahəsini öz adına keçirmək istədiyini, torpaq sahəsini almağına dair Məcnunun yazılı qeyd verdiyini, həmin yazılı qeydi evdə saxladığını, lakin həmin qeydi yoxa çıxardıqlarını, Məcnunun yazılı qeyddə “X3 ilə birlikdə gəlib mənə 4 sot torpağın qarşılığında 4800 manat pul verib” deyə bir qeyd apardığını və imza etdiyini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd etdiyini, torpaq sahəsinin Şahid1 məxsus evə olan evə tərəf hissəsinin onun, digər tərəfinin isə cavabdehin olacağına dair razılaşdıqlarını, torpaq sahəsinin uzunluğunun 39 metr, eninin isə 11 metr olduğunu, üzərində su quyusunun olduğunu, sonradan isə torpağın pulunun cavabdeh tərəfindən ona qaytarılmadığını, qızı Xanımın 2008-ci ilin iyul ayında dünyaya gəldiyini, may ayında isə torpağın alındığını, cavabdehin həmin vaxt işləmədiyini, özünün isə Türkiyədə işləyib aylıq 600 dollar qazandığını, Məcnuna nağd 4800 manat pul verdiyini, cavabdehin isə pulu olmadığından onu işləməsi üçün Türkiyəyə apardığını, getdikdən 2 həftə sonra necə oldusa pulu düzəltdiyini, həmin ilin dekabrında torpağın cavabdehin adına sənədləşdirildiyini öyrəndiyini, Zəhranın bacısının aldığı 50 manat əmək haqqı və lotereyedan götürdüyü 1000 manat pulla torpaq sahəsini almasının mümkün olmadığını, torpaq sahəsinin 2 sotunun hazırda 19000 manat olduğunu bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının torpaq sahəsinə görə boşanan kimi arvadını və uşaqlarını evdən çıxardığını, bacısının dekret və lotereyadan aldığı pullar ilə torpağı aldıqlarını, iddiaçının da işlədiyini, lakin bacısının 25 il orada əməyinin olduğunu, torpağı aldıqları ilin sonunda sənədləşdirdiklərini və bacısına torpağı nə vaxt adına keçirmək istəsə onun adına keçirəcəyini dediyini, torpaq sahəsinin öz adına sənədləşdirildiyini, iddiaçının tərəflər boşandıqdan sonra torpaq sahəsini öz adına keçirmək istədiyini dediyini, torpaq sahəsinin yarısını pulunu bacısının kredit götürüb verdiyini, torpaq sahəsinin üzərində ev tikildiyini, Şahid1 Babək rayonu, Hacıvar kəndində yerləşən 8 sot torpaq sahəsi aldığını, 8 sot torpağın əvəzində Məcnuna 8000 manat civarında pul ödədiyini, pulu tam ödəmədiyini, pulun bir qisminin əvəzində mal-heyvan verdiyini, bir qismini isə kredit götürüb ödədiyini, torpağın yarısının pulunu bacısı Zəhradan 4000 manat borc götürüb ödədiyini, iddiaçının torpağı almaq istədiyini, lakin bacısı pulu verdikdən sonra torpaq sahəsini öz adına alıb hədiyyə kimi vaxtı gələndə bacısına verəcəyi barədə bacısı ilə razılaşdığını, bacısının uzun illərdir müəllimə işlədiyini, torpağın qarşılığında verilən 4000 manat pulun bacısının sosial məzuniyyətə çıxarkən aldığı, həmçinin lotereyadan götürdüyü pul olduğunu, torpaq sahəsinin bacısının razılığı ilə öz adına sənədləşdirildiyini, torpaq sahəsini özünün tapdığını, Babək rayonu, Hacıvar kəndində yaxın qohumunun yaşadığını, onun vasitəsilə torpaq sahəsinin satıldığını öyrəndiyini, iddiaçının bildirdiklərinin yalan olduğunu, həmin tərəfdə kirayədə yaşadığını, torpaq sahəsinə ehtiyacının olduğunu, bu səbəbdən də ev tikmək üçün torpaq axtardığını, torpaq sahəsi üzərində bir çox problemlərə görə ev tikə bilmədiklərini, evin təməlini atdığını, 5 ildən çoxdur ki, evin təməlinin atıldığını, lakin evin tamamlanmadığını, bacısına isə torpaqda ayrıca ev tikdiklərini, bacısı və iddiaçının arasında mübahisə düşdükdən sonra iddiaçının torpağı öz adına keçirmək istədiyini dediyini, torpaq alınan zaman torpağı satan şəxsin pulun Söhrab tərəfindən verildiyini bildirməli olduğunu, lakin belə bir şeyin olmadığını bildirmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyeva (Rüstəmova) Zəhra Murtuz qızı məhkəmə iclasında verdiyi izahatında həmin torpağın qardaşına məxsus olduğunu, 18 il əvvəl həmin torpağı qardaşı Ələsgərin aldığını, iddiaçının adına heç bir torpağın olmadığını, 1998-ci ildə iddiaçı ilə ailə qurduqlarını, 2024-cü ildə məhkəmənin qətnaməsi əsasında nikahlarının pozulduğunu, torpaq məsələsinin 2008-ci ildə olduğunu, həmin ərəfələrdə torpaq almaq istədiklərini, lakin imkanlarının olmadığını, qardaşına torpaq alması üçün borc pul verdiyini, torpaq sahəsinin Hacıvar kəndində olduğunu, qardaşına 4000 manat pul verdiyini, belə ki, həmin vaxt həm analıq məzuniyyətinə çıxdığını, həm də əvvəlcədən lotereya oynadığını, analıq məzuniyyətinə 2008-ci ildə qızı Xanım Rüstəmli doğulduğu vaxt çıxdığını, 2000-ci ildən işlədiyini, həmin vaxt da müəllimə işlədiyini və sosial məzuniyyətə ayrıldığını, nikah müddətində Qazançı kəndində yaşadıqlarını, Hacıvardan torpaq almaq və köçüb orada yaşamaq kimi bir niyyətlərinin olmadığını, ümumiyyətlə nikahda olduqları müddətdə torpaq sahəsini rəsmiləşdirmək və orada ev tikmək kimi bir niyyətlərinin də olmadığını, qardaşı nikahları pozulduqdan sonra orada ev tikməyə icazə verdiyini və 2024-cü ilin oktyabr ayından həmin torpaq sahəsində özünə ev tikməyə başladıqlarını, alqı-satqı olanda Söhrabın Naxçıvanda olduğunu, onun sadəcə 2007-ci ilin dekabrından 2008-ci ilin yanvar ayının 08-dək Türkiyədə olduğunu, qardaşına 1000 manat bir, 2900 manat bir olmaqla iki dəfə pul verdiyini, kənddə Rza müəllim vəfat etdiyinə görə onun dərs saatlarının da özünə verildiyindən əmək haqqının artdığını, Söhrabın qardaşına bu məqsədlə pul verdiyini bildiyini, amma bununla bağlı evdə problem yaranmadığını, daha sonra qardaşının 2-3 il ərzində verdiyi pulu hiss-hissə qaytardığını, indi tikdiyi hissənin pulunu qardaşından satın alacağını, torpağı Hacıvar kənd sakini Məcnunun satdığını, nikah pozulduqdan sonra gedib torpağa baxdığını, birlikdə yaşadıqları müddətdə aralarında torpaqla bağlı heç bir mübahisənin, söz-söhbətin olmadığını, lakin 1 ildir ki, sözsöhbətin kəsilmədiyini, ayrılmaqlarının labüd olduğunu, ona görə qardaşı ilə həmin torpaqda ev tikmək və həmin torpağı satın almaq barədə razılaşdıqlarını, qardaşının həmin torpağı satmaq istədiyini, imkanı olmadığına görə evi tikib sonra torpağı almaq barədə qardaşı ilə razılaşdıqlarını bildirmişdir. Şahid1 məhkəmədə verdiyi izahatında Ələsgər və Söhrabın birlikdə gələrək ondan torpaq aldıqlarını, pulu ödədiklərini, Söhrabın ona torpağı Ələsgərin adına rəsmiləşdirməsini tapşırdığı üçün 2008-ci ilin dekabr ayının 07-də torpağın hamısını Ələsgərin adına rəsmiləşdirdiyini, torpağın satılma ilini dəqiq xatırlamadığını, lakin may ayında satdığını xatırladığını, həmin vaxta qədər tərəfləri tanımadığını, ümumilikdə 8 sot torpaq satdığını, 4 sotunu Ələsgər, 4 sotunu Söhrabın aldığını, Söhrabın torpağı özü üçün aldığını, Söhrabın öz hissəsinin pulunu özünün verdiyini, Söhrabın 15 gündən və ya 1 aydan bir pulu ödədiyini, hər ikisinin dekabr ayına qədər öz hissəsinin pulunu ödəyib bitirdiyini, Söhrabın sənədləşmə prosesində orada iştirak etmədiyini, Söhrabın sonuncu dəfə ona 700 dollar pul verib əgər özü burada olmazsa torpağı Ələsgərin adına sənədləşdirməyi tapşırıb getdiyini, 2008-ci ilin dekabr ayının 07-də torpağın hamısını Ələsgərin adına rəsmiləşdirdiyini, həmin vaxt heç bir mübahisə olmadığını, razılaşmaya əsasən tərəflərin hər birinin ayrı-ayrılıqda 4800 dollar pul verməli olduqlarını, Ələsgərin ilk öncə ona bir dana və buzov verdiyini, sonra isə qalan pulu ödədiyini, Söhrabın da öz pulunu ödədiyini, torpağı Söhrabın razılığı ilə Ələsgərin adına sənədləşdirdiyini, alqı-satqıda Söhrab və Ələsgərin iştirak etdiyini, pulun dekabra qədər tam ödənildiyi üçün torpağı həmin vaxt Ələsgərin adına keçirdiyini, Söhrabın avqust ayında 700 dollar ödəyib Türkiyəyə getdiyini, burda olmadığı halda torpağın Ələsgərin adına sənədləşdirməsini tapşırdığını, Söhrabın isə alqı-satqı zamanı Türkiyədə olduğunu, 8 sotun yarısını Söhrab, yarısını Ələsgərin aldığını, torpağın pulunu ilk öncə Söhrabın verib bitirdiyini, Ələsgərin isə dekabra qədər ödəniş etdiyini, Söhrab pulu tam ödəyəndə Ələsgərin hələ borcunun qaldığını, Söhrab pulu tam ödədiyi halda torpağı onun adına sənədləşdirməməsinin səbəbinin 8 sotun bütöv olaraq alındığını və tam olaraq kimin payına haradan haraya torpaq düşdüyünün ölçülməməsi ilə bağlı olduğunu, Ələsgərin sənədləşdirmənin pulunu ödədiyini və Söhrab razılıq verdiyi üçün torpağı Ələsgərin adına rəsmiləşdirildiyini, ilk öncə Ələsgərin ona zəng edib torpaq lazım olduğunu dediyini və Söhrabla Ələsgərin birlikdə torpağı almağa gəldiklərini, Ələsgərin xalası Simuzər ilə qonşu olduqlarını, Simuzərin ona Ələsgərin torpaq axtardığını bildirdiyini, bundan sonra Söhrabla Ələsgərin birlikdə torpağı danışmağa gəldiklərini, torpağın qiymətini ümumilikdə 9600 dollara razılaşdıqlarını, torpaq sahəsini ayrılıqda satmağın mümkün olduğunu, lakin hər ikisi birlikdə torpağı alıb böləcəklərini dediklərini, bundan 5-6 gün sonra Söhrabın 2900 dollar ödəniş etdiyini, qalan pulun hissə-hissə verildiyini, ən son Söhrabın 700 dollar verdiyini, həmin vaxt dolların məzənnəsinin 0,76 azn olduğunu, Ələsgərin ən son pulu həmin ilin dekabrın 10-da verdiyini, Söhrabın isə avqustda pulunun tamamən bitdiyini, pulu Söhrabın şəxsən həyətdə verdiyini və torpağı Ələsgərin adına rəsmiləşdirməyi tapşırıb qayıdanda Ələsgərin onun adına keçirəcəyini dediyini, dekabrda isə torpağın Ələsgərin adına rəsmiləşdirildiyini, rəsmliəşdirmə pulunu da özünün (yəni şahidin) verdiyini, Ələsgərin ilk öncə 1700 dollar qarşılığında yanıbalalı inək verdiyini, ən son pulu isə dekabr 10-da verib qurtardığını, pulu verdikdən sonra dekabr ayının 17-də torpağın adına sənədləşdirildiyini, müqavilədə adı keçən İbarhimov Namini tanımadığını, müqavilə bağlananda orada elə bir adam olmadığını bildirmişdir. Şahid2 izahatında Söhrabın anasının xalası oğlu olduğunu, Söhrabın ona torpaq aldığını dediyini, gedib torpağa baxdıqlarını, Söhrabın torpaq almasından 1-2 il sonra məlumatının olduğunu, Söhrabın ona qaynı ilə birlikdə torpaq aldığını dediyini və gedib torpağa baxdığını, orada heç bir tikili olmadığını, torpağın alqı-satqısında iştirak etmədiyini, torpaqda tikinti aparılması ilə bağlı söhbət olmadığını, sadəcə gedib torpağa om baxdığını, təxminən 7-8 il bundan qabaq torpağa gedib baxdığını, torpağın Hacıvarda yerləşdiyini, Söhrab Türkiyədən gəldikdən sonra onunla görüşən zaman ona qaynı ilə birlikdə torpaq aldığını bildirdiyini qeyd etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı Babək rayonu, Hacıvar kəndində yerləşən 0.0758 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətində olması işin mübahisəsiz halı kimi müəyyən olunur. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********87 reyestr nömrəli çıxarışdan Babək rayonu, Hacıvar kəndində yerləşən 0.0758 ha torpaq sahəsinin Cavabdeh adına rəsmiləşdirilməsi; - Babək rayonu Hacıvar kəndi sakini Şahid1 ilə Culfa rayonu, Xoşkeşin kənd sakini Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən isə Naxçıvan MR Dövlət Torpaq Komitəsinin JN-İİOA seriyalı, İ03İ2038 kod nömrəli şəhadətnaməyə əsasən Babək rayonu Hacıvar kəndində yerləşən Şahid1 məxsus 0.34 ha torpaq sahəsindən 800 kv.metr olan hissənin Cavabdeh alqı-satqı müqaviləsi əsasında 7882 manata satılması müəyyən olunur. Mülki işin mübahisəli halı iddiaçının Cavabdeh məxsus Babək rayonu, Hacıvar kəndində yerləşən **********87 reyestr nömrəli 0.075 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın özünün həmin əmlaka mülkiyyət hüququnun mövcudluğu əsası ilə ləğvi ilə bağlıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında vurğulamışdır ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Həmin məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı cavabdehin adına qeydə alınmış torpaq sahəsinin yarısının pulunu özünün ödədiyinə istinad edərək qeydiyyatın dəyişdirilərək həmin hissənin öz adına rəsmiləşdirilməsini tələb etmişdir. Məhkəmədə işdə iştirak edən şəxslər və şahid ifadələri əsasında torpaq sahəsinin alınması üçün iddiaçı ilə üçüncü şəxs qismində cəlb edilən X2 arasında birgə nikah dövründə ümumi təsərrüfatın aparılması zamanı torpaq sahəsinin alınması niyyəti ilə pul vəsaitinin ödənilməsi müəyyən olunsa da sözügedən hal reyestrin qeydinin dəyişdirilməsi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçı qeydiyyatın əsasında dayanan alqı-satqı müqaviləsinin iradə ifadəsinin zədələnməsi əsası ilə etibarlılığını mübahisələndirməmiş, verilmiş vəsait hesabına torpaq sahəsinin cavabdehin adına qeydə alınmasına vaxtında razılıq verdiyinə istinad etmiş və müqavilənin bağlandığı 2008-ci ildən ailə münasibətlərinin pozulduğu 2024-cü ilə qədər xeyrinə reyestrdə qeyd aparılmış şəxsə dair etirazını bildirməmişdir. Cavabdehin xeyrinə reyestrdə qeydiyyatın aparıldığı vaxtdan indiyə qədər keçmiş 15 ildən artıq müddət ərzində qeydiyyata səssiz qalmış iddiaçının cavabdehin bacısı ilə ailə münasibətlərinin pozulması səbəbindən belə bir iddia ilə çıxış etməsi həmçinin mülki dövriyyədə daşınmaz əmlakın ilbəil artan qiyməti, mülki dövriyyənin sabitliyi, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmaqla əsaslı sayıla və təmin edilə bilməz. Sözügedən hal yalnız iddiaçının cavabdeh qarşısında müvafiq pul tələbi ilə çıxış etməsi üçün əsas sayıla bilər. Cavabdehin vəkil-nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi ilə bağlı iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia özlüyündə əsassız hesab edildiyindən iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinin müzakirəsinə hüquqi zərurət yoxdur. Sözügedən halları nəzərə alan məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd edilsin. İddia qaldırılan zaman iddaçı İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №e-2(079)-281/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-281/2025
23.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver