Məhkəmə qərarları › İş №e-2(079)-370/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-370/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-370/2024 10.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 03 may 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 227.10 ( iki yüz iyirmi yeddi manat, on qəpik) manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli **********0256207007 saylı kredit müqaviləsinə əsasən , bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində texniki xəta səbəbindən balansda artıq vəsait yaranmış və müştəri vəsaiti istifadə etmişdir. Bununla əlaqədar olaraq Banka 227.10 (iki yüz iyirmi yeddi manat, on qəpik) manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Cavabdeh Bankın hesabına 227.10 (iki yüz iyirmi yeddi manat, on qəpik) manat məbləğində əsassız varlanmışdır. Bank tərəfindən 04 aprel 2024-cü İl tarixli, 6-3/xx/xx-3151 saylı pretenziya (xəbərdarlıq) məktubu (pretenziya qaydasında həll olunma) göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən cavabsız qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. 23 may 2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə "xxxx" ASC-nin cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında 17 iyul 2023-ci ildə “Fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi" müqaviləsi imzalanmış və cavabdeh iddiaçının xidmətlərindən istifadə etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında 17 iyul 2023-ci il tarixli Fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanması, həmin müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehin adına kart hesabının açılması və ona ödəniş kartının verilməsi aydın olur. Tərəflər arasında bağlanmış müqavilənin: - 2.2-ci bəndinə görə müştəri bu xidmət müqaviləsini, bankın cari tariflərini, “Standart şərrtlər”i oxuduğunu və bütün şərtləri ilə tam razı olduğunu bildirmiş; - 2.3-cü bəndinə görə limitdən artıq istifadə edilən məbləğə (overdrafta), məbləğ əmələ gələn gündən başlayaraq Bankın overdraft kreditləri üçün müəyyən etdiyi faiz dərəcəsi ilə faiz hesablanır və belə məbləğ müştəri tərəfindən 1 ay ərzində Banka ödənilməlidir. Ödənilmədiyi halda bu müddət bitdiyi gündən başlayaraq tam ödənilən günə qədər Bankın overdraft kreditlərinin ödənişinin gecikdirilməsi üçün müəyyən etdiyi faiz dərəcəsi ilə cərimə (dəbbə) hesablanır. - 2.5-ci bəndinə görə Bank kreditin verilməsi ilə bağlı öhdəliyini müştəriyə verilmiş ödəniş kartına kredit məbləğini təşkil edən vəsaitin köçürülməsi ilə icra edir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə xidmət müqavilələrinin standart şərtlərinin “fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtləri” adlanan İV fəslinin: - 1.1-ci bəndinə görə Bank kredit kartını müştəriyə verir, kart vasitəsilə kredit xətti açır, müştəri isə kredit xətti üzrə öhdəliklərini yerinə yetirir. - 3.1.8-ci bəndinə görə isə kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək müştərinin vəzifəsidir. Məhkəmə qeyd edir ki, müştəriyə overdraft təqdim edilməsinin mahiyyəti odur ki, kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bu, yalnız o halda mümkündür ki, overdraft xidməti aktiv edilsin, müştəriyə overdraft təqdim edilsin. Lakin iş üzrə tərəflər arasında bağlanmış müqavilədən belə məlum olur ki, müştəriyə overdraft təqdim edilməmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli arayışda X2 məxsus debet kart hesabı üzrə xx.xx.2022-ci il tarixdə texniki xəta səbəbindən balansda artıq vəsait yarandığı və müştərinin 227.10 ( iki yüz iyirmi yeddi manat, on qəpik) məbləğində vəsaiti istifadə etməsi səbəbindən banka ziyan dəydiyi qeyd olunur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-xx.xx.2024-cü illəri əhatə edən X2 məxsus hesabdan çıxarış isə sözügedən halı təsdiq edir və şəxsin 227.10 ( iki yüz iyirmi yeddi manat, on qəpik) qalığının olduğu müəyyən olunur. Bununla bağlı olaraq xx.xx.2024cü il tarixdə cavabdehə iddiaçı tərəfindən pretenziya göndərilmişdir. Cavabdehin isə yaranmış borc məbləğinin hamısını iddiaçıya geri ödəməsi məhkəməyə təqdim olunmuş iş materialları ilə öz təsdiqini tapmır. Beə ki, cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyini lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalananlara əsasən məhkəmə belə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin kart hesabındakı qalıq məbləğdən artıq miqdarda istifadə etdiyi 227.10 manat (iki yüz iyirmi yeddi manat on qəpik) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 227.10 manat (iki yüz iyirmi yeddi manat on qəpik) məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 manat (otuz manat) miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar