Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-565/2023 11.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin baxılmamış saxlanması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması tələbinə dair mülki işə yazılı icraat qaydasında məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “29” sentyabr 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əsassız varlanmaya görə 549.89 (beş yüz qırx doqquz manat, səksən doqquz) manat məbləğində əsas və 621.68 (altı yüz iyirmi bir manat, altmış səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1171.57 (bir min bir yüz yetmiş bir manat, əlli yeddi qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin 31.72 (otuz bir manat, yetmiş iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 600831 nömrəli, 15 yanvar 2018-ci il tarixli “Kompleks bank xidməti” müqaviləsinə əsasən sonuncuya AZN valyutasında debet (VİSA Classic) kartı verilmişdi. Cavabdeh “Kompleks bank xidməti” müqaviləsi əsasında yaradılmış 424448***4808 saylı kart hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin 01 yanvar 2021-ci il tarixdən 31 yanvar 2021-ci il tarixlərədək olan müddət ərzində yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə o, 549.89 (beş yüz qırx doqquz manat, səksən doqquz) manat məbləğində pul vəsaitinı istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 549.89 (beş yüz qırx doqquz manat, səksən doqquz) manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin banka məxsus qeyd 549.89 (beş yüz qırx doqquz manat, səksən doqquz) manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 549.89 (beş yüz qırx doqquz manat, səksən doqquz) manat məbləğində əsas, 621.68 (altı yüz iyirmi bir manat, altmış səkkiz qəpik) manat məbləğində faiz olmaqla, cəmi 1171.57 (bir min bir yüz yetmiş bir manat, əlli yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. Qeyd olunan fakt 2023-cü il üzrə bankda aparılan daxili audit yoxlaması nəticəsində “Kompleks bank xidməti üzrə əməliyyatlara nəzarət prosesinin auditi” zamanı aşkar edilmişdir. 600831 nömrəli, 15 yanvar 2018-ci il tarixli “Kompleks bank xidməti” müqavilənin əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.4.5-ci maddəsinə əsasən yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarmaq müştərinin vəzifəsidir. Bildiririk ki, 600831 nömrəli, 15 yanvar 2018-ci il tarixli “Kompleks bank xidməti” müqaviləsinə və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlərimiz nəticəsiz qalmışdır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 10 oktyabr 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan mülki işin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun geri qaytarılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsinə hüquqi münasibət bildirən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Bu vəziyyətdə isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin – “barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinin –“əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Məhkəmənin mövqeyinə görə iddiaçının ərizəsi icraata qəbul edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin ərizənin baxılmamış saxlanmasını tənzimləyən hüquq normaları hazırki vəziyyətdə tətbiq edilə bilər. İddiaçının ərizəsinin geri qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). İddiaçının nümayəndəsinin məhkəmənin ünvanına göndərdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması tələbinə mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından qərardaddan şikayət vermə müddəti bitdikdən sonra həmin sənədlərin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmasına zərurət yaranmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 29 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 31.72 (otuz bir manat, yetmiş iki qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 29 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 31.72 (otuz bir manat, yetmiş iki qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-565/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-565/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver