Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-77/2024 05.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 19 iyul 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 253 (iki yüz əlli üç) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 1 küçəsi, 11 saylı bina ünvanında yerləşən RAZ********** saylı, 30 oktyabr 2018-ci il tarixli “Daşınmaz Əmlakın İcbari Sığortası” şəhadətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığorta təminatı almış Allahverdiyeva Nuranə Xanbaba qızına məxsus daşınmaz əmlaka Cavabdeh məxsus olan daşınmaz əmlakdan su axması nəticəsində maddi ziyan vurulmuşdur. 17 avqust 2019-cu il tarixdə ünvan 1 küçəsi, 11 saylı bina ünvanında yerləşən mənzilə subasma hadisəsi nəticəsində vurulmuş zərərə görə 253 (iki yüz əlli üç) manat sığorta ödənişi həyata keçirilmişdi. Hesab edirik ki, ödənilmiş 253 (iki yüz əlli üç) manat məbləği qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdı. Mülki işə Bakı şəhəri, Nizami Rayon Məhkəməsində baxılması zamanı iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 553 (beş yüz əlli üç) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı tələbin həcminin artırılması barədə müraciətini əsaslandıraraq qeyd etmişdi ki, 16 yanvar 2019-cu il və 17 avqust 2019-cu il tarixlərdə ünvan 1 küçəsi, 11 saylı bina ünvanında yerləşən RAZİ807785318 saylı 27 oktyabr 2018-ci il tarixli “Daşınmaz Əmlakın İcbari Sığortası” şəhadətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığorta təminatı almış Allahverdiyeva Nuranə Xanbaba qızına məxsus əmlaka Cavabdeh Məhərrəm oğluna məxsus olan daşınmaz əmlakdan su axması nəticəsində maddi ziyan vurulmuşdu. Vurulmuş zərərlərə görə 253 (iki yüz əlli üç) və 300 (üç yüz) manat sığorta ödənişi həyata keçirilmişdi. Mülki işin Babək Rayon Məhkəməsində baxılmasına səbəb Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(007)-2372/2023 nömrəli qərardadı olmuşdu. Belə ki, cavabdeh Babək rayonu, Qaraqala kəndində qeydiyyatda olduğundan məhkəmənin sözü gedən qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdı. Mülki iş Babək Rayon Məhkəməsinə 27 dekabr 2023-cü ildə daxil olmuşdu. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə, iddiaçının vəkilinümayəndəsinə və cavabdehin nümayəndəsinə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 24 yanvar 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək onların olmadan işə baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla, məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, onun vəkili-nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, evi alan vaxt onun altında gözəllik salonu olmadığını, oranın jekin (mənzil istismar sahəsinin) binası olduğunu, mənzili oğlunun adına aldığını, hadisə olan vaxt evdə kiminsə yaşamadığını, jekin işçisinin ona zəng edərək onun evindən aşağı su axdığını dediyini, özünün jekin işçisi ilə danışdığını, işçinin ona “30 manat verin həll edim” dediyini, özünün bununla razılaşdığını, daha sonra evə gedəndə öz evindən yuxarıda yerləşən mənzildən onun evinə su axdığını gördüyünü, üçüncü mərtəbə qalan ev sahibi ilə danışdığını, həmin evin sahibinin ona evin borusunun partladığını və bunu yoluna qoyacağını ona bildirdiyini, yəni yuxarı mərtəbədən özünün mətbəxinə, oradan isə aşağı mərtəbəyə su axdığını, birinci mərtəbəyə su axması ilə bağlı oğlunun təqsirli olmadığını, aşağı mərtəbəyə vanna otağından suyun axa bilməsinin mümkün olmadığını, çünki orada kanalizasiya olduğunu, su axmasının cəmi bir dəfə baş verdiyini, xatırladığına görə isə bunun 2019-cu ildə baş verdiyini, hazırda həmin evdə hərbiçi qohumunun yaşadığını qeyd etmişdi. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, ünvan 1 küçəsi, 11 saylı binada yerləşən qeyri-yaşayış sahəsinin Allahverdiyeva Nuranə Xanbaba qızının mülkiyyətində olması, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında qeyd edilən daşınmaz əmlakın sığorta edilməsi üçün sığorta müqavilənin bağlanması, ünvan 1 küçəsi, bina 11, mənzil 60 ünvanında olan mənzilin isə cavabdehin mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların mübahisəsiz olması aşağıdakılarla təsdiq edilir. -iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın və texniki pasportun surətindən ünvan 1 küçəsi, 11 saylı binada yerləşən qeyri-yaşayış sahəsinin Allahverdiyeva Nuranə Xanbaba qızının mülkiyyətində olması; - iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş BA seriyalı, 909741 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən Allahverdiyeva Nuranə Xanbaba qızı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında ünvan 1 küçəsi, 11 saylı bina yerləşən qeyri-yaşayış sahəsinin sığorta edilməsi üçün müqavilə bağlanması; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan ünvan 1 küçəsi, bina 11, mənzil 60 ünvanında yerləşən mənzilin Cavabdeh mülkiyyətində olması və həmin mənzilin ikinci mərtəbə yerləşməsi aydın olur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 16 yanvar 2019-cu və 17 avqust 2019-cu il tarixlərdə baş vermiş hadisələr nəticəsində Allahverdiyeva Nuranə Xanbaba qızına vurulmuş ziyanlarla bağlı ona verdiyi siğorta ödənişinin, yəni 553 (beş yüz əlli üç) manat məbləğində pulun subroqasiya tutulmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halını qanunvericiliyin tələbləri daxildə tədqiq edərək belə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan iddiası qismən əsaslı olduğundan əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmənin iddianı qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmədə tədqiq olunmuş yazılı sübutlar, həmçinin cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında əsasən zərər vurmadan əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Allahverdiyeva Nuranə Xanbaba qızı arasında icbari sığorta müqaviləsi bağlandığından və iddiaçı cavabdehə olan tələbini bu müqavilə üzrə Allahverdiyeva Nuranə Xanbaba qızına ödədiyi sığorta ödənişindən irəli gəlməsi ilə əsaslandırdığından mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə bildirir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun preambulası ilə müəyyən olunur ki, həmin Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Bundan əlavə həmin Qanunun 4.1-ci maddəsindən aydın olur ki icbari sığortanın məqsədi, həmin Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etməkdir. Bu məqsədin həyata keçirilməsi üçün isə həmin qanunla icbari sığorta müqaviləsinin bağlanmasının məcburiliyi qeyd edilir. İcbari sığorta müqaviləsinin bağlanmasının məcburiliyini icbari sığortanın prinsiplərindən biri kimi qeyd olunmuş həmin Qanunun 3.1.1ci maddəsində öz əksini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin mahiyyətinə görə isə icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmçinin həmin Qanunun 35.1-ci maddəsindən görünür ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bundan başqa sözü gedən qanunun 38-ci maddəsinə görə sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir. Mülki işin mübahisəsiz hallarından aydın olur ki, Allahverdiyeva Nuranə Xanbaba qızı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında ünvan 1 küçəsi, 11 saylı bina yerləşən qeyri-yaşayış sahəsinin sığorta edilməsi üçün müqavilə bağlanmışdı. Həmin müqavilədən o da görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yuxarıda qeyd edilən daşınmaz əmlak 27 oktyabr 2018-ci il tarixindən 26 oktyabr 2019cu il tarixədək 34539 (otuz dörd min beş yüz otuz doqquz) manat sığorta məbləği olmaqla sığortalanmış və hər bir sığorta hadisəsi üzrə 150 (bir yüz əlli) manat məbləğində şərtsiz azadolma məbləğinin müəyyən edilməsi ilə bağlı tərəflər arasında razılıq olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Allahverdiyeva Nuranə Xanbaba qızı arasında sığorta müqaviləsinin bağlanması sübuta yetirildiyindən məhkəmə qeyd edir ki, icbari sığorta müqaviləsinin bağlanması ilə onlar “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanundan irəli gələn hüquq və vəzifələr əldə etmişlər. Qanunun ümumi mahiyyətindən aydın olur ki, icbari sığorta müqaviləsini bağlamaq sığortalının əsas vəzifələrindən biridir. Sığortaçının isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanundan irəli gələn vəzifələrindən biri sığorta hadisəsinin baş verməsi halında həmin Qanunda nəzərdə tutulmuş hallarda və müddətdə sığorta məbləğinin sığortalıya və ya sığorta olunana verməkdir. Sığorta hadisəsi dedikdə isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Daşınmaz əmlakın icbari sığortası növü üçün sığorta hadisəsi sayıla biləcək halların dairəsi isə qeyd edilən Qanunun 36-cı maddəsində öz əksini tapmışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinin mahiyyətinə görə daşınmaz əmlakın yanğın, ildırım düşməsi; məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısa qapanma; buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; yerüstü nəqliyyat vasitəsinin dəyməsi; təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. İddiaçı tələbinin mahiyyətindən belə aydın olur ki, Cavabdeh mənzilindən 16 yanvar 2019-cu və 17 avqust 2019-cu il tarixlərdə Allahverdiyeva Nuranə Xanbaba qızına məxsus qeyri-yaşayış sahəsinə su axıdılması nəticəsində sonuncu qeyd edilən əmlaka ziyan dəyməsi ilə sığorta hadisəsi baş vermişdi. O, bu faktın - sığorta hadisəsinin baş verməsi faktı məhkəməyə 10 ədəd fotoşəkil surəti, 17 sentyabr 2019-cu il tarixli və 2019-cu ilin noyabr ayında tərtib edilmə günü qeyd edilməyən aktları təqdim edilmişdi. İlkin olaraq məhkəmə bildirir ki, fotoşəkillər surət olmaqla, özündə hadisənin sığorta müddəti ərzində baş verməsini təsdiq etmir. Bundan başqa həmin şəkillərdən hadisənin iddiaçının qeyd etdiyi sığorta hadisələrindən hansına aid olmasını müəyyən etmək mümkün olmur. Birinci aktın məzmunundan onu Nizami rayonu, 28 saylı Mənzil istismar sahəsinin rəisi, mühəndisi və sahə nəzarətçi, ikinci aktın məzmunundan isə onu həmin idarənin rəisi və sahə nəzarətləri tərəfindən tərtib edilməsi aydın olur. 17 sentyabr 2019-cu il tarixli aktda ünvan 1 küçəsi, 11 saylı binanın altında birinci mərtəbədə yerləşən Allahverdiyeva Nuranə Xanbaba qızının qadın salonu kimi istifadə etdiyi qeyri-yaşayış sahəsinin 2019-cu ilin avqust ayının 17-də üst qonşu, mənzil 60-ı kirayəyə vermiş Cavabdeh kirayəşinlərinin suya basması qeyd edilir. Tərtib edilmə günü qeyd edilməyən 2019-cu ilin noyabr ayında tərtib edilmiş aktda isə göstərilir ki, ünvan 1 küçəsi, 11 saylı binanın altında birinci mərtəbədə yerləşən Allahverdiyeva Nuranə Xanbaba qızının qadın gözəllik salonuna bu ilin yanvar ayının əvvəllərində üst qonşu, 60-cı mənzili kirayəyə vermiş Cavabdeh vanna otağından su axıdılmışdı. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsi ilə müəyyən edilir ki, əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Mülki qanunvericilik qeyd edilən məsələ ilə bağlı istisna hal kimi, zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmamasını, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsinin zərər dəymiş əmlaka baxış keçirməməsini və digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığının olmasını müəyyən etmişdi. Həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 22.2 və 22.2.4-ci maddələrinin mahiyyətinə əsasən bu Qanunla üzərinə məlumatlandırma vəzifəsi qoyulmuş digər şəxslər tərəfindən müvafiq məlumat verilməmiş olduqda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi və zərərçəkənlərin olması barədə, bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına, həmçinin sığortaçıya məlumat vermək sığortalının vəzifəsidir. Qeyd edilən normaların tələbindən də görünür ki, əmlakına ziyan dəymiş, yəni sığorta hadisəsi sayıla biləcək faktın baş verməsindən dərhal sonra sığortalı bu barədə sığortaçıya məlumat verməklə zərər dəymiş əmlakı sonuncuya qısa müddətdə təqdim etməlidir. Lakin yuxarıda qeyd edilənlərdən də aydın olur ki, 17 sentyabr 2019-cu ildə tərtib edilmiş akt özündə bir ay ondan əvvəlki faktı, 2019-cu ilin noyabr ayında tərtib edilmiş akt isə təqribən bir il öncəki faktla bağlı tərtib edilib. Məhkəmə belə hesab edir ki, 17 sentyabr 2019-cu ildə tərtib edilmiş aktda qeyd edilən fakt digər sübutlarla öz təsdiqini tapsa da, həmçinin baş vermiş hadisənin xarakterini nəzərə alsaq özündə sığorta hadisənin izlərini özündə saxlaması üçün uzun müddət sayılmasa da, 2019-cu ilin noyabr ayında tərtib edilmiş və tərtib edilmə günü göstərilməməklə onun düzgünlüyünü şübhə altına alan akt bir il müddətində bağlanmış sığorta müqavilə üçün təqribən on bir ay əvvəlki faktın təsdiqi üçün sübut kimi qəbul edilə bilməz. Həmçinin mülki iş materiallarına əlavə edilmiş sənədlərdən 17 avqust 2019-cu ildə baş vermiş subasma ilə bağlı Allahverdiyeva Nuranə Xanbaba qızına dəymiş ziyanın hesablanması, bununla bağlı Cavabdeh iddiaçı tərəfindən 18 iyul 2023-cü ildə pretenziya məktubunun göndərilməsi müəyyən edilsə də, həmin məktubda 16 yanvar 2019-cu ildə sığorta hadisənin baş verməsi və bununla bağlı cavabdehə ziyanın ödənilməsinin təklif edilməsi müəyyən edilmir. Cavabdehin nümayəndəsi də məhkəmədə verdiyi izahatında 2019-cu ildə bir dəfə su basma hadisənin olmasını inkar etmir. Bundan başqa mülki iş materiallarında 17 avqust 2019-cu ildə baş vermiş hadisə ilə zərər aktı olsa da, 16 yanvar 2019-cu ildə sığorta hadisəsi baş verməsi və onun nəticəsində vurulmuş ziyanın məbləğini özündə əks etdirən qiymətləndirmənin olması öz təsdiqini tapmır. Halbuki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.5-ci maddəsinə görə icbari sığorta ödənişinin əldə edilməsi üçün sığortalı, sığorta olunandan və (və ya) faydalanan şəxsin təqdim etməli oduğu sənədlərdən birə də müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənlərə əsaslanan məhkəmə iddiaçının 16 yanvar 2019-cu ildə sığorta hadisənin baş verməsi və buna əsaslanan tələbini əsaslı saymır. 17 sentyabr 2019-cu ildə baş vermiş sığorta hadisəsinin nəticəsi olaraq iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən Allahverdiyeva Nuranə Xanbaba qızına 403 (dörd yüz üç) manat məbləğində zərər dəymiş və onun tərəfindən sığortalıya ödənilmişdi. İddiaçı tələbinin qeyd edilən əsasları ilə bağlı məhkəməyə 26 sentyabr 2019-cu il tarixli, 309 nömrəli dəymiş zərərin hesabatını təqdim etmişdir. Qeyd edilən sənəddən aydın olur ki, həqiqətən də Allahverdiyeva Nuranə Xanbaba qızına məxsus daşınmaz əmlaka 403 (dörd yüz üç) manat məbləğində zərər dəymiş və iddiaçı qeyd edilən məbləğdən 150 (bir yüz əlli) manat azad olma məbləğini çıxaraq 253 (iki yüz əlli üç) manat məbləğində sığorta ödənişini 23 oktyabr 2019-cu ildə Allahverdiyeva Nuranə Xanbaba qızına ödəmişdir. Sonuncu qeyd edilən fakt 005XOH********** nömrəli ödəniş tapşırığı ilə öz təsdiqini tapır. İddiaçının cavabdehə qarşı vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna gəldikdə isə o, qeyd etmişdir ki, Allahverdiyeva Nuranə Xanbaba qızına sığorta ödənişi etdiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd edilən halla əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki iş materialları ilə 17 sentyabr 2018-ci ildə Allahverdiyeva Nuranə Xanbaba qızına məxsus olan qeyri-yaşayış sahəsinə vurulmuş ziyana görə iddiaçı tərəfindən sığorta ödənişi verilməsi öz təsdiqini tapdığından, onun daşınmaz əmlaka vurulmuş zərər görə cavabdeh məsuliyyət daşıması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sığorta hadisəsi baş verən vaxt 17 sentyabr 2019-cu ildə cavabdehin 18 yaşı tamam olmadığından bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan zərərin miqdarı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının 17 sentyabr 2019-cu ilə baş vermiş sığorta hadisəsi nəticəsində 253 (iki yüz əlli üç) manat miqdarında sığorta ödənişinin verməsi öz təsdiqini tapdığından, Cavabdeh qeyd edilən məbləğdə zərəri iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin nümayəndəsi isə məhkəmədə verdiyi izahatında öz mənzilinə yuxarı mərtəbədə yerləşən mənzildən su axmasının nəticəsi olaraq birinci mərtəbəyə su axdığını qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan, iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 13,80 (on üç manat, səksən qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 17 sentyabr 2019-cu ildə baş vermiş sığorta hadisəsi nəticəsində vurduğu zərərə görə Cavabdeh 253 (iki yüz əlli üç) manat məbləğində sığorta ödənişi alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 13,80 (on üç manat, səksən qəpik) manat miqdarı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməli: -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 17 sentyabr 2019-cu ildə baş vermiş sığorta hadisəsi nəticəsində vurduğu zərərə görə Cavabdeh 253 (iki yüz əlli üç) manat məbləğində sığorta ödənişi alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 13,80 (on üç manat səksən qəpik) manat miqdarı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-77/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-77/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver