Məhkəmə qərarları › İş №e-2(094)-122/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-122/2025

29.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-122/2025 29.04.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evə istifadə hüququmun tanınması və azyaşlı övladı xx.xx.2023-cü il təvəllüdlü X4ə birlikdə cehiz əmlakları olan otaga köçürülməyi barədə və həmçinin ödənilmiş 50 manat mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 50 manat, cəmi 100 (yüz) manat məbləgində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh2 oglu ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikah münasibətinə girərək, ailə həyatı qurmuş və nigahı Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində elə həmin tarixdə 128 nömrə ilə qeyd edilmişdir. Birgə nigahdan xx.xx.2023-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Qeyd edir ki, toydan sonra, xx.xx.2023-cü il tarixdə iş üzrə cavabdeh qayınanası Cavabdeh1 razılıgı ilə ona orderlə məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüş və evdə yaşayan qayınanası Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2la birlikdə birgə təsərrüfat aparmışlar. Azyaşlı övladı Mələk də həmin evdə dogulmuşdur. Cehiz əmlakları da hal-hazırda həmin evdədir. Dövlət mənzil fonduna aid olan qayınanası Cavabdeh1 orderlə məxsus olan ev bir mərtəbədən, iki otaq və bir mətbəxdən ibarətdir. Qeyd edir ki, iş üzrə Cavabdeh2 oglu ilə nigahı pozulmamışdır. Həyat yoldaşı iş üzrə Cavabdeh2 oglu 1-ci nigahdan olan oglu Şakiri yaşadığı evə gətirib orada saxladıgı üçün onunla mübahisəsi düşmüş və bu mübahisənin sonunda həyat yoldaşı onu xx.xx.2024-cü il tarixdə evdən qovmuşdur. Həmin tarixdən azyaşlı övladı ilə birlikdə Sabirabad rayonu Ətcələr kəndində atası Sahib Şahbazova məxsus evdə yaşamaga məcbur olmuşdur. Həmin ev 3 otaqdan ibarətdir və ondan başqa həmin evdə 06 nəfər: atası, anası, qardaşı, qardaşının ailəsi və bacısı yaşayır. Ev çox darısqaldır və onun azyaşlı övladı ilə orada yaşamağı qeyri-mümkündür. Məcbur qalaraq müvəqqəti olaraq orada yaşayır. Hesab edir ki, gəlin köçdüyü, cehiz əmlakının olduğu və eləcə də, həyat yoldaşının da hal-hazırda yaşadıgı iş üzrə cavabdeh qayınanası Cavabdeh1 orderlə məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evə istifadə hüququ tanınaraq, həmin evə azyaşlı övladı ilə birlikdə yaşamaq üçün köçürülməlidir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı özü evdən çıxıb getmiş, valideynlərinin yanında yaşayır. İlk vaxtlar onun geri qayıtmasını istəsə də, hazırda məhkəmədə “nikahın pozulması” iddiasına baxıldığından, onun mənzilə qayıtmasını istəmir. Əlavə olaraq bildirdi ki, sözügedən mənzil anasına məxsusdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X2 arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Nəcəfova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh2, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Nəcəfova X1 rayonu Ətcələr kəndində yerləşən atasına məxsus evə ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Sabirabad 1 saylı Mediasiya təşkilatı ilkin İMS-dan iştirak edilməməsi barədə MŞB/MT023/2024-00097 saylı xx.xx.2025 il tarixli arayışdan görünür ki, Nəcəfov X3 prosesində iştirak etməmişdir. İş materiallarında olan “Abşeronneft” NQÇİ-nin müdiriyyəti və Həmkarlar Komitəsinin xx.xx.2002-ci il tarixli 13 saylı ümumi iclas protokolundan çıxarışın surətindən görünür ki, Pirallahı qəsəbəsi S.Vurğun küçəsi döngə 9 ev 1 yaşayış sahəsi 13.9 kv.m olan 1 otaqlı 6 saylı mənzilin kirayəçisi X6 vəfat etməsi ilə əlaqədar mənzilin maliyyə şəxsi hesabı göstərilən ünvanda 4 nəfər ailə tərkibi ilə pasport qeydiyyatında olan və yaşayan NəcəfovaTahirə Mərdan qızının adına dəyişdirilmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə nikaha daxil olaraq sözügedən ünvan 1 ünvana gəlin köçmüş, bir uşaqları doğulmuşdur. xx.xx.2024-cü il tarixdən isə həmin mənzildə yaşamır. Cavabdeh2 boşanma ilə bağlı məhkəməyə müraciət etmişdir. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 9, ev 1, 6 saylı mənzil “Abşeronneft” NQÇİ tərəfindən X6 vəfat etməsi ilə əlaqədar mənzilin maliyyə şəxsi hesabı Cavabdeh1 adına dəyişdirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı qızının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması halı, onun əsasları və tətbiq ediləcək qanunvericilik normaları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. Həmin Məcəllənin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin iclasında məhkəmə tərəfindən tərəflərə əlavə sübutlar təqdim edilməsi təklif olunmuş, onların təqdim edilməməsinin işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmadığı izah edilmişdir. Buna baxmayaraq tərəflər hər hansı əlavə sübut təqdim etməmiş, həmçinin sübutların tələb olunması ilə bağlı vəsatət verməmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabrın 1-dək sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması məqsədilə daşınmaz əmlak bazarının inkişafına köməklik göstərir; müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə — Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra — tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 30.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, mübahisəli Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 9, ev 1, 6 saylı mənzil dövlət mülkiyyətindədir, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli mənzil Cavabdeh1 sahibliyindədir. Belə ki, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 9, ev 1, 6 saylı mənzil order əsasında yaşamaq üçün Cavabdeh1 və onun 4 ailə üzvlərinə “Abşeronneft” NQÇİ tərəfindən verilmişdir. Tərəflər arasında ünvanından istifadə hüququna dair bağlanan və notarial qaydada təsdiqlənən hər hansı yazılı razılaşma olmamış, iddiaçı cavabdehin ailə üzvü kimi həmin yaşayış sahəsinə köçürülməsinə razılıq barədə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə köçərək bir müddət yaşaması, habelə həmin evə dair orderin Cavabdeh1nna məxsusluğu, onun həmin evə məhkəmə qaydasında köçürülməsinə, istifadə hüququnun tanınmasına hüquqi əsas vermir. Qeyd olunanlara əsasən iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən cəmi 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə barədə iddia rədd edilsin. Dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz)manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə elektron formada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar