Məhkəmə qərarları › İş №e-2(094)-153/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-153/2024

07.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-153/2024 07.05.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək mübahisələrinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlamış olduğu 06 fevral 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin 12 yanvar 2024-cü il tarixli əmrinin ləğvi; Cavabdeh tərəfindən qanunsuz olaraq işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni 12 yanvar 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi aylıq əmək haqqının hesablanaraq ödənilməsi; cavabdehin qanunsuz hərəkəti nəticəsində ona ödənilməmiş və işə bərpa olunduğu günədək ödənilməli olan aylıq əmək haqqı məbləğinin 1%-i həcmində ödəncin ona ödənilməsi; iddia tələbinin hazırlanması və məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) ilə əlaqədar çəkdiyi 300 manat xərcin və mediasiya sessiyasının təşkili ilə əlaqədar çəkmiş olduğu 60 manat xərcin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06 fevral 2023-cü il tarixində Cavabdeh MMCnin (bundan sonra - Cavabdeh) Baş direktoru S.A.Hüseynovanın 009 №-li əmri ilə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İşə qəbul edildiyi gündən etibarən vəzifə öhdəliklərinin icrasını yüksək peşəkarlıqla həyata keçirdiyindən Baş direktorun 01 may 2023-cü il tarixli, 022/1 №-li əmri ilə Baş mühəndis vəzifəsinə keçirilmişdir. İşlədiyi müddət ərzində barəsində heç bir intizam tənbeh tədbiri tətbiq edilməmiş, əmək məcəlləsi ilə müəyyən olunmuş iş vaxtlarından əlavə vaxtlara da da işə cəlb edilməyinə baxmayaraq müəssisədaxili nizam-intizam qaydalarına daim tərəfindən əməl edilmişdir. Lakin, əmək bazarında daha da irəliyə getmək niyyətilə əlaqədar olaraq 2023-cü ilin sonlarına doğru iş yerini dəyişmək barədə Cavabdehə olan müraciətindən sonra Cavabdeh ona qarşı qərəzli mövqe tutmağa başlamışdı. Belə ki, Cavabdeh müəssisənin yerləşmiş olduğu ərazinin onun faktiki yaşadığı ərazidən xeyli uzaq məsafədə olması, o cümlədən daha yuxarı əmək haqqı ilə, daha prespektivli iş təklifi alması səbəbindən 20 noyabr 2023-cü il tarixində Cavabdehə ərizə ilə müraciət edərək tutumuş olduğum vəzifədən azad edilməyinə dair əmrin verilməsini xahiş etmişdir. Lakin, sözügedən ərizənin verilməsindən 1 ay keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müvafiq əmr verilməmişdir. Ona iş təklifi etmiş digər bir müəssisə təqvim ilinin sonu olduğunu bildirərək 2024-cü il ilin əvvəlindən işə başlaya biləcəyini yenidən təklif etdiyindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndi ilə müəyyən olunmuş hüququmdan istifadə etməyərək Cavabdeh müəssisədə əmək fəaliyyətini davam etdirmişdir. 11 yanvar 2024-cü il tarixində yenidən ərizə ilə müraciət edərək tərəflərin iradə azadlığına uyğun olduğu halda həmin tarixdən tutumuş olduğu vəzifədən azad edilməyinə dair əmrin verilməsini xahiş etmişdir. Cavabdeh müəssisənin insan resusları bölməsinin müvafiq əməkdaşı işdən çıxma əmrinin veriləcəyini və bununla da tutduğu vəzifədən azad olunacağını bildirmişdir. Yeni işəgötürənlə əmək müqaviləsinin bağlanması üzrə zəruri olan sənədlərin toplanması və təqdim edilməsi məqsədi ilə əmək kitabçasının təhvil verilməsi üçün dəfələrlə Cavabadehə müraciətləri olmuşdur. Lakin, cavabdeh hər dəfəsində “rəhbər işdə deyil, möhürlənməyib, imzalanmayıb, sabah yaxınlaşarsınız, tədbir var və s.” kimi müxtəlif bəhanələr gətirərək əmək kitabçasının təhvil verilməsindən yayınmışdır. Ən əsas məqam isə ondan ibarətdir ki, Cavabdeh 29 yanvar 2024-cü il tarixində ona bildiriş yollayaraq bildirmişdir ki, guya dəfələrlə məlumat verilməsinə baxmayaraq o, əmək kitabçasının götürülməsi ilə əlaqədar cavabdeh müəssisəyə yaxınlaşmamışdır. O, bu halın Cavabdehin sənəd düzgünlüyü ilə bağlı saxtalaşdırma siyasətinin bir parçası olduğunu, gələcəkdə AR DƏMX tərəfindən araşdırmaya və inzibati tənbehdən yayınması kimi qəbul etsə də, cavabdehlə mübahisəyə səbəb olacaq heç bir addımı atmayacağını və artıq yeni işəgötürənilə əmək müqaviləsi bağlamağı üçün əmək kitabçasının təcili götürülməli olduğunu düşünərək Cavabdeh müəssisəyə yaxınlaşmaqla əmək kitabçasını götürmüşdür. Əmək kitabçasını götürən zaman isə onda çox böyük təəcüb və təəsüf yaradacaq hallarla rastlaşmışdır. Belə ki, cavabdeh müəssisə onlara təqdim etmiş olduğu əmək kitabçasını deyil, başqa bir əmək kitabçasını onun adına rəsmiləşdirərək ona təqdim etmişdir. Həmin əmək kitabçasında əvvəlki iş yerinə dair heç bir məlumatın əks olunmaması və “Əmək kitabçası sahibinin imzası" qrafasında onun imzasının olmaması əmək kitabçasının dəyişdirilməsinin bariz sübutudur. Əlavə olaraq cavabdeh müəssisə tərəfindən əmək kitabçasının dəyişdirilməsinin sübutu olaraq əvvəlki iş yerindən əmək kitabçasının tərtib edilməsi və yekunda ona verilməsinə dair alınmış arayış elektron məhkəmə vasitəsilə məhkməyə təqdim ediləcəkdir. Həmçinin, bu halın araşdırılması ilə əlaqədar tərəfindən AR Baş Prokurorluğuna da müraciət edilmişdir ki, nəticəsi barədə məhkəməyə məlumat veriləcəkdir. Həçminin, bildirir ki, əmək kitabçasına diqqətlə nəzər salındıqda xx.xx.2023-cü il tarixli işə qəbul qeydi, xx.xx.2023-cü il tarixli vəzifə dəyişikliyi qeydi və xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam qeydləri eyni mürəkkəblə yazılmışdır. Bu isə əmək kitabçasının sonradan, tələsik vəziyyətdə tərtib edilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır. Təbii ki, bu halın təsdiq edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə müvafiq ekspertiza təyin etməklə bu halın müəyyən olunmasına nail ola bilər. Əmək kitabçasının əsli məhkəmə iclası zamanı məhkəməyə təqdim ediləcəkdir. Əsas məqam ondan ibarətdir ki, saxtalaşdırılmış əmək kitabçasını götürdüyü zaman ona məlum olmuşdur ki, Cavabdeh onunla olan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan ama dəqiqləşdirilmiş olmayan hansısa hala əsaslanaraq AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam vermişdir. Üst rəhbərinə bu barədə məlumat verməklə səbəbini soruşduqda ona davamiyyətə əməl etmədiyini, yəni AR ƏMnin 72-ci maddəsinin “a” bəndində olan hala uyğun olaraq xitam verildiyini bildirmişdir. Lakin, saxtalaşdırılmış əmək kitabçasına da nəzər saldıqda müəyən olunur ki, onunla bağlanılmış əmək müqaviləsinə 12 yanvar tarixindən xitam verilmişdir. Sual olunur ki, əgər o, 11 yanvar tarixində işdə olmuşdursa və əmək müqavilənə xitam verilməsinə dair ərizə ilə müraciət etmişdirsə, 12 yanvar tarixində işə gəlməməyinin səbəbləri araşdırılmadan necə ola bilər ki, əmək müqaviləsinə AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilə bilər? İşə gəlməməyinin səbəbləri, işə gəlməməyinin üzrsüz hal olması məhz həmin gün ərzində cavabdeh necə müəyyən etmişdir. Əgər Əmək müqaviləsinə 13 yanvar və ondan sonrakı tarixlərdə xitam verilsə idi bəlkə də cavabdehin bu yanaşması daha da məntiqli ola bilərdi. Əlavə olaraq, o, öz xahişi əsasında işdən çıxarılmaya dair ərizə ilə müraciət etdiyini, ona bu ərizəyə uyğun olaraq, yəni öz xahişi əsasında işdən çıxarılacağını bildirdiklərini, həmçinin, işə çıxmağının təklif edilməsi ilə bağlı bildiriş göndərə biləcəklərini bildirsə də qeyd etdiklərinə məhəl qoyulmamış, adekvat cavablar verilməmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh müəssisə AR ƏM-nin 83-cü maddəsinin 2-ci bəndinin tələbinə bugünə qədər əməl etməmiş, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətini hələ də ona təqdim etməmişdir. Cavabdeh yuxarıda qeyd olunan qanunsuz hərəkətləri ilə onun işsiz qalmağına səbəb olmuşdur. Belə ki, iş təklifi aldığı işəgötürən onunla əmək müqaviləsi bağlanmağı təxirə salmış, ona əvvəlki iş yerim tərəfindən qanunsuz olaraq AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verildiyini bildirsə də, həmin maddə əsasında işdən çıxarılmış şəxsin əməkdaşları sırasına əlavə edilməsinin cəmiyyət prinsiplərinə zidd olduğu və bu hal aradan qaldırıldıqdan sonra mənimlə yeni əmək müqaviləsi bağlaya biləcəklərini bildirmişlərdir. (Bununla bağlı “SPEED REKLAM" MMC- nin xx.xx.2024 tarixli, məktubu iddia ərizəsinə əlavə edilir). Göründüyü kimi, Cavabdeh müəssisə yuxarıda qeyd olunan hüquq normalarına əməl etməyərək onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə zidd olaraq xitam vermişdir. Bununla da işsiz qalmağına, maddi vəziyyətinin pisləşməsinə, ailə başçısı olaraq öhdəliklərini icra edə bilməməyinə səbəb olmuşdur. Sonradan iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair 12 yanvar 2024-cü il tarixli əmrin dəyişdirilməsi və öz xahişinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinin cavabdehə həvalə edilməsi; əmək müqaviləsinə qanunsuz olaraq AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verildiyindən və bununla əlaqədar olaraq digər işəgötürənlər tərəfindən işə götürülmədiyindən əmək müqaviləmə xitam verilməsi əmrinin dəyişdirilməsi tarixinədək orta aylıq əmək haqqı məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi; iddia tələbinin hazırlanması və məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) ilə əlaqədar çəkdiyi 300 manat xərcin cavabdehdən alınaraq ona ödənilməsi; mediasiya sessiyasının təşkili ilə əlaqədar çəkmiş olduğu 60 manat xərcin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə etdi ki, 20 dekabr 2023-cü il tarixindən sonra işdən çıxmamasının həmçinin kadr çatışmazlığı ilə bağlı cavabdehin ondan işdə qalmasını xahiş etməsi ilə əlaqədar idi. Cavabdeh müəssisədə ondan başqa mütəxəssislər var idi və onun işdən getməsi Cavabdeh müəssisə üçün heç bir problem yaratmamışdır, müəssisə əvvəlki kimi fəaliyyətini davam etdirmişdir. Bundan başqa iddiaçı bildirmişdir ki, onunla Cavabdeh müəssisə arasında hər hansı münaqişə və problem olmamışdır, bunun əksinə hətta ona dekabr və yanvar aylarında mükafat da verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, iddiaçının işdən azad edilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ərizə müəssisəyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işdən çıxmaq barədə ərizə ilə müraciət edərək elə həmin tarixdə də çıxıb getmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli İddiaçının işə qəbul ərizəsindən göründüyü kimi İddiaçı özü mühəndis vəzifəsinə qəbul edilməsini və yarımştat vahidi ilə əvəzçilik üzrə əmək müqaviləsinin bağlanmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsindən, xx.xx.2023-cü il tarilxi 009 saylı Əmrdən və xx.xx.2023-cü il tarixli xxxxxxx00800 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi İddiaçı ilə Cavabdeh müəssisə arasında əvəzçilik üzrə əmək müqaviləsi imzalanmış və İddiaçı mühəndis vəzifəsinə qəbul edilmişdir. İddiaçının iş yeri – ünvan 2 olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi 20 noyabr 2023-cü il tarixli ərizəsində bildirir ki, “İddiaçı 1 ay əvvəlcədən Cavabdehə müraciət edərək 20 dekabr 2023-cü il tarixində işdən azad olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində işdən çıxma niyyətini daha yuxarı əmək haqqı və daha prespektivli başqa bir iş təklifi alması ilə əlaqələndirmişdir. Lakin ərizənin verilməsindən 1 ay keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müvafiq əmr verilməmişdir. Bununla belə ona iş təklifi etmiş digər bir müəssisə təqvim ilinin sonu olduğunu bildirərək ona 2024-cü il ilin əvvəlindən işə başlaya biləcəyini yenidən təklif etdiyindən Əmək Məcəlləsinin 69cu maddəsinin 2-ci bəndi ilə müəyyən olunmuş hüququndan istifadə etməyərək Cavabdeh müəssisədə əmək fəaliyyətini davam etdirmişdir.” Məhkəmə baxışı zamanı isə İddiaçı 20 dekabr 2023-cü il tarixindən sonra işdən çıxmaması səbəbi kimi həmçinin kadr çatışmazlığı ilə bağlı Cavabdehin ondan işdə qalmasını xahiş etməsi ilə əlaqələndirmişdir. Məhkəmə baxışı zamanı İddiaçı bildirmişdir ki, Cavabdeh müəssisədə ondan başqa mütəxəssislər var idi və onun işdən getməsi Cavabdeh müəssisə üçün heç bir problem yaratmamışdır, müəssisə əvvəlki kimi fəaliyyətini davam etdirmişdir. Bundan başqa məhkəmə baxışı zamanı İddiaçı bildirmişdir ki, onunla Cavabdeh müəssisə arasında hər hansı münaqişə və problem olmamışdır, bunun əksinə hətta ona dekabr və yanvar aylarında mükafat da verilmişdir. Məhkəmə baxışında Cavabdehin nümayəndəsi isə ümumiyyətlə bu ərizənin təqdim edilmədiyini bildirmişdir. Qeyd edilən ərizənin şəklinin Cavabdeh müəssisənin ofisindəki lokasiyada çəkilməsi həmin ərizənin təqdim edilməsi faktını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bununla belə İddiaçı məhkəməyə təqdim etdiyi mobil telefondakı lokasiyanın Cavabdeh müəssisənin ofisindəki lokasiya olduğunu bildirmişdir. Əmək Məcəlləsinin: 69-cu maddəsinin 2-ci hissəsinə əsasən - ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının baxış zamanı bildirdiklərini nəzərə alaraq, sübut olaraq təqdim edilmiş 20 noyabr 2023-cü il tarixli ərizəyə və mobil telefondakı ünvan çıxarışına tənqidi yanaşaraq qeyd edir ki, 20 noyabr 2023-cü il tarixdə həmin ərizənin şəklinin cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev 493 ünvanında yerləşən ofisin ünvanda çəkilməsi həmin ərizənin cavabdehə təqdim edilməsi hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə iddia ərizəsində qeyd edilən halları nəzərə alaraq müəyyən edir ki, iddiaçı həqiqətdə həmin ərizəni cavabdehə təqdim etməmişdir. Əksi halda iddiaçı 20 dekabr 2023-cü ildən işə çıxmayaraq müvafiq əmrin verilməsini cavabdehdən tələb edərdi. Həmçinin iddiaçı hər hansı müəssisədən iş təklifinin verilməsini təsdiq edən heç bir sübutu məhkəmə təqdim etməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində onun iş yerini dəyişmək barədə cavabdehə bildirməsindən sonra cavabdehin ona qarşı qərəzli mövqe tutmağa başlamasını göstərsə də, iddiaçının məhkəmə baxışında bildirdikləri ziddiyyətli izahatı bu həqiqət deyil. Bu fakt iddiaçının məhkəməyə təqdim etdiyi bank çıxarışında qeyd edilən 28 dekabr 2023-cü il tarixli və 10 yanvar 2024-cü il tarixində mükafat qeydləri, həmçinin iddiaçının 11 yanvar 2024-cü il tarixinədək işləməsi və cavabdeh müəssisənin ona qarşı xoş münasibət göstərməsi ilə bağlı verdiyi izahatları ilə bir daha təsdiq edilir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddiaçının hal-hazırkı iddia tələbi 20 noyabr 2023-cü il tarixli ərizəsi ilə əlaqədar deyildir, iddiaçının 11 yanvar 2024-cü il tarixli ərizəsi və onun nəticələri ilə bağlıdır. Bu hal da yuxarıda göstərilən faktın təsdiqi olaraq məhkəmə tərəfindən əlavə dəlil kimi qəbul edilir. Cavabdehin məhkəməyə təqdim etdiyi 11 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı həmin gün işdən çıxmaq istəmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarilxi 007 saylı Əmrdən və xx.xx.2024-cü il tarixli xxxxxxx008X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçını 12 yanvar 2024-cü il tarixində vəzifədən azad edərək onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi bank çıxarışından göründüyü kimi işçi işdən çıxarkən ona son haqq hesab ödənilmişdir. Məhkəmə baxışında iddiaçı bildirmişdir ki, onun iş yeri Pirallahı rayonunda, Gürgan qəsəbəsində yerləşən dərman istehsalı zavodu olmuşdur. İddiaçı həmçinin bildirmişdir ki, işdən çıxmaq istəyini müəssisədə keçirilən iclasda bildirmişdir. 11 yanvar 2024-cü il tarixində o, cavabdeh müəssisənin ofisinə getmiş və 10 yanvar 2024-cü il tarixlə işdən çıxma ərizəni yazmışdır. İddiçı həmçinin məhkəmə baxışı zamanı bildirmişdir ki, o, 11 və 12 yanvar tarixlərində işə getməmişdir. Ərizəni yazıb ofisdə kadr işləri üzrə mütəxəssisə təqdim etdikdən sonra evə getmişdir. Bununla belə iddiaçı məhkəməyə təqdim etdiyi işdən çıxma ərizəndə qeyd edilən 10 yanvar 2024-cü il tarixi ilə cavabdehin təqdim etdiyi işdən çıxma ərizəndə qeyd edilən 11 yanvar 2024-cü il tarixi arasında olan uyğunsuzluğu izah edə bilməmişdir. Bununla belə 10 yanvar 2024-cü il tarixli işdən çıxma ərizəninin şəklini 11 yanvar 2024-cü il tarixində cavabdeh müəssisənin ofisinin ünvanında çəkdiyini təsdiq etmişdir. Məhkəmə baxışında cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin gün, yəni 11 yanvar 2024-cü il tarixində iddiaçı işə getməyərək birbaşa müəssisənin ofisinə gəlmişdir. Lakin iddiaçı ofisdə 10 yanvar 2024-cü il tarixli ərizəni deyil, 11 yanvar 2024-cü il tarixli ərizəni təqdim etmişdir. İşdən çıxmasının həmin gün olmasını müəssisənin rəhbəri ilə razılaşdırmamışdır. Eyni zamanda ərizə verildikdən sonra kadr üzrə mütəxəssis tərəfindən onun hələ də işdə olduğunu və işə getməli olduğunu bildirmişdir. Lakin iddiaçı işdən çıxma ərizəsini verdiyini nə həmin gün, nə də sonra işə getməyəcəyini bildirmişdir. Ümumiyyətlə iddiaçı tərəfindən əvvəlcədən ərizənin şəkillərinin çəkilməsi və bu cür hazırlıq işlərinin görməsi artıq onu sübut edir ki, cavabdeh müəssisənin iddiaçıya qarşı deyil, iddiaçının müəssisəyə qarşı qərəzi var idi və iddiaçının bütün bunları etməkdə məqsədi gələcəkdə müəssisəyə qarşı istifadə etmək idi. İddiaçının 10 yanvar 2024-cü il tarixli ərizənin şəkili ümumiyyətlə məhkəmə tərəfindən sübut kimi qəbul edilməməlidir. Eyni zamanda cavabdeh məhkəməyə sübut olaraq təqdim etdiyi 11 yanvar 2024-cü il tarixli və 12 yanvar 2024-cü il tarixli Aktlarını və 12 yanvar 2024-cü il tarixli Təqdimatdan görünür ki, iddiaçı 11 yanvar 2024-cü il tarixində bütün iş günü ərzində işdə olmamışdır və 12 yanvar 2024-cü il tərixində də işə gəlməmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən 12 yanvar 2024-cü il tarixində o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi mobil telefon ünvan çıxarışdan görünür ki, ərizənin şəklinin çəkildiyi ünvan cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev 493 ünvanında yerləşən ofisinin ünvanıdır və şəkildə 10 yanvar 2024-cü il tarixli ərizədir. Beləliklə, İddiaçının izahatını və digər sübutları qiymətləndirərək məhkəmə 11 yanvar 2024-cü il tarixində mobil telefon ilə çəkilmiş 10 yanvar 2024-cü il tarixli ərizəyə tənqidi yanaşır və iddiaçı tərəfindən cavabdehə 10 yanvar 2024-cü il tarixli ərizənin deyil, 11 yanvar 2024-cü il tarixli ərizənin təqdim edildiyini müəyyən edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həqiqətən 11 yanvar 2024-cü il tarixdə iş yerində olmamışdır. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli əmək müqaviləsindən göründüyü kimi, iddiaçının iş yeri cavabdehin ünvan 2 ünvanında yerləşən zavodudur. Tərəflərin mübahisə etmədiyi fakt ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi şəkillərdə göstərilən yer iş yeri deyil, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev 493 küçəsində yerləşən, Cavabdehin ofisidir. Beləliklə, o, həmin gün öz iş yerinə deyil, Cavabdeh müəssisənin başqa rayonda olan ofisinin yerləşdiyi ünvana gedərək işdən çıxma ərizəsini kadr üzrə mütəxəssisə təqdim etmişdir və daha sonra da iş yerinə getməmişdir. Eyni zamanda iddiaçı 12 yanvar 2024-cü il tarixində də işə getməmişdir. Bundan başqa məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı məhz 11 yanvar 2024-cü il tarixdə işdən çıxmasını konkret olaraq cavabdeh müəssisənin rəhbəri ilə razılaşdırmamışdır, sadəcə olaraq işdən çıxmaq istədiyini İddiaçının özünün də tarixini xatırlaya bilmədiyi hansısa iclasda bildirmiş və özünün şəxsi təşəbbüsü ilə tarixi müəyyən edərək ərizədə qeyd etmiş və kadr üzrə mütəxəssisinə əməkdaşına təqdim etmişdir. Həmçinin iddiaçı ərizə verdikdən sonra işə getməməsini üzürlü səbəbdən baş verməsini təsdiq edən heç bir sübutu da məhkəməyə təqdim etməmişdir. Bundan başqa 11 yanvar 2024-cü il tarixli işdən çıxma ərizəsində başqa işəgötürənlə əmək müqaviləsi bağlaması barədə hər hansı qeydin olmaması və həmin vaxt hər hansı müəssisədən iş təklifinin verilməsinə və əmək müqaviləsinin bağlanmasına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının bu barədə bildirdikləri həqiqətəuyğun olmadığı üçün əsassızdır. Əmək Məcəlləsinin: 69-cu maddəsinin 2-ci hissəsinə əsasən - ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən - İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 70-ci maddənin “ç” bəndinə əsasən - əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. 72-ci maddənin “a” bəndinə əsasən - aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. Beləliklə, məhkəmə zamanı müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə nəzərdən tutulmuş iddiaçının onun 11 yanvar 2024-cü il tarixində əmək müqaviləsinin ləğvi üçün əsaslardan heç biri mövcud olmamışdır və ərizə verdikdən sonra Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq iddiaçı 1 ay ərzində işə çıxmalı idi. xx.xx.2023-cü il tarixli İddiaçının işə qəbul ərizəsindən göründüyü kimi İddiaçı özü mühəndis vəzifəsinə qəbul edilməsini və yarımştat vahidi ilə əvəzçilik üzrə əmək müqaviləsinin bağlanmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsindən, xx.xx.2023-cü il tarixli 009 saylı Əmrdən və xx.xx.2023-cü il tarixli xxxxxxx00800 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi iddiaçı ilə cavabdeh müəssisə arasında əvəzçilik üzrə əmək müqaviləsi imzalanmış və İddiaçı mühəndis vəzifəsinə qəbul edilmişdir. İddiaçının iş yeri – ünvan 2 olmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı izahatında bildirmişdir ki, 06 fevral 2023-cü il tarixindən yarımştat üzrə mühəndis vəzifəsində işləmişdir. İş yeri Pirallahı rayonu Gürgən qəsəbəsində olan dərman istehsalı müəssisəsi olmuşdur. O, 06 fevral 2023-cü ildə işə düzələrkən hələ də, "xxxx" MMC-də direktor vəzifəsində işləyirdi. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş 07 mart 2024-cü il tarixli arayışdan göründüyü kimi İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023cü il tarixinədək həmin şirkətdə Direktor vəzifəsində işləmişdir. Məhkəmə baxışında Cavabdehin nümayəndəsi bildirmişdir ki, İddiaçı həqiqətən 06 fevral 2023-cü ildə işə düzələrkən hələ də, "xxxx" MMC-də işləyirdi və bu səbəbdən onunla əvəzçiliklə üzrə əmək müqaviləsi imzalanmışdır. Buna görə də İddiaçı müəssisədə işə düzələrkən əmək kitabçasını təqdim etməmişdir. Əmək Məcəlləsinin 58-ci maddəsinin birinci hissəsinə əsasən işçinin əmək kitabçasının saxlandığı yer əsas iş yeridir və əvəzçilik üzrə işə düzələrkən əmək kitabçası təqdim edilmədən bağlanır. İddiaçının əsas iş yeri "xxxx" MMC olduğundan əmək kitabçası həmin MMC-də olmuşdur. Eyni zamanda vergi xidmətinin rəsmi internet saytından əldə edilmiş məlumata əsasən İddiaçı 13 mart 2023-cü il tarixinədək həmin MMC-nin direktoru olmuşdur. Direktorluqdan çıxdıqdan sonra isə əmək kitabçasını müəssisəyə verməmişdir. Bu hal bir daha onu sübut edir ki, İddiaçı əmək kitabçasını özündə saxlayaraq müəssisəyə qarşı istifadə edəcəkdi. Müəssisə isə əmək kitabçasının verilmədiyini görərək qanunvericiliyin tələbinə uyğun İddiaçı üçün əmək kitabçası açmalı olmuşdur. İddiaçı bilirdi ki, əmək kitabçasını müəssisəyə verməyib və bu halda yenə də müəssisənin əleyhinə istifadə etmək istəmişdir. Bundan başqa İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi "xxxx" MMC-nin verdiyi sənədin tarixinə diqqət yetirildikdə görünür ki, sənəd 06 yanvar 2024-cü il tarixində verilmişdir. Yəni, İddiaçı 11 yanvar 2024-cü il tarixində işdən çıxma ərizəsi verdiyi gündən 5 gün əvvəl həmin sənədi almışdır. Bu fakt bir daha onu göstərir ki, bu sənəd məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bilməz. Məhkəmə baxışı zamanı iddiaçı 11 yanvar 2024-cü il tarixdən sonra dəfələrlə şifahi şəkildə əmək kitabçasını tələb etdiyini, lakin hər hansı yazılı müraciət etmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı o da, müəyyən edilmişdir ki, iddiaçı 29 yanvar 2024-cü il tarixində cavabdeh müəssisədən əmək kitabçasını götürməsi barədə xəbərdarlıq alsa da, müəssisənin ofisinə yalnız 31 yanvar 2024-cü il tarixində getmişdir. Əmək Məcəlləsinin: 58-ci maddənin 1-ci hissəsinə əsasən - əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. 87-ci maddənin 7-ci hissəsinə əsasən - əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının: 1.2-ci bəndinə əsasən - əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçı nə işə düzələrkən, nə də sonradan müəssisəyə əmək kitabçası təqdim etməmişdir. Cavabdeh qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı üçün əmək kitabçası açmış, onun müəssisədə işləməsi barədə qeydlərini aparmış, həmin əmək kitabçasını iddiaçıya təqdim etmiş və iddiaçı hər hansı etiraz bildirmədən həmin əmək kitabçasını təhvil almışdır. Eyni zamanda iddiaçı yeni işə düzəlmək istəyinin cavabdehin təqsiri üzündən mümkün olmamasını sübuta yetirə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 06 yanvar 2024-cü il tarixli "xxxx" MMC-nin verilmiş sənəd isə məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı 11 yanvar 2024-cü il tarixində işdən çıxma ərizəsi verdiyi gündən 5 gün əvvəl onunla bağlanmış müqavilənin hansı maddə ilə ləğv edilməsini bilməsi və həmin əmək kitabçanı həmin şirkətə təqdim etməsi mümkün deyildi. Həmçinin məhkəmə onu da nəzərə alır ki, iddiaçı 20 gün ərzində əmək kitabçasının tələbi ilə bağlı Cavabdehə hər hansı yazılı müraciət etməmişdir. Bundan başqa hətta cavabdeh müəssisədən 29 yanvar 2024-cü il tarixində xəbərdarlıq aldıqdan sonra da 29 və 30 yanvar tarixləri iş günləri olsa belə o, əmək kitabçasını götürməmişdir və yalnız iki gündən sonra 31 yanvar 2024-cü il tarixində kitabçasını götürmək üçün cavabdehin ofisinə gəlmişdir. Bütün bunlar iddiaçının həqiqətdə başqa bir işəgötürəndən iş təklifi almadığını sübut edir. Məhkəmə onu da vurğalayır ki, Əmək Məcəlləsində işçinin heç bir normasında işəgötürən tərəfindən Əmək Məcəlləsinin hansısa maddəsi ilə çıxan işçinin işə qəbul edilməsinin qadağan edilməsi halı nəzərdə tutulmamışdır. Bu pozuntuya yol verən istənilən işəgötürən hərəkəti Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinin pozulmasıdır. Əmək Məcəlləsinin 16-cı maddəsi Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən əmək müqaviləsi ləğv edilərkən qanun pozuntusuna yol verilməmişdir, iddiaçı tərəfindən göstərilən hallar məhkəmədə öz təsdiqini tapmır, bu səbəbdən iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı əmək mübahisələrinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar