Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-175/2023 04.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi, xəstəlik vərəqəsi üzrə ödənişlərin ödənilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsaslanan xx.xx.2023-ci tarixli, 29-K nömrəli əmrinin etibarsız sayılaraq ləğv edilməsi və məcburi işə buraxma, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə isə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsinə aylıq əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli və 1070 saylı əmək müqaviləsi ilə «Azneft» İB- 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsində təmirçi-çilingər peşəsində qüsursuz və yüksək imtahan nəticələrilə çalışırdı. xx.xx.2023-cü il tarixli 29-K saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Müqaviləsinə qanunsuz olaraq xitam verilib. Bildirir ki, səhhətində ciddi problemlər yaranmışdır. Keçən ilin fevral ayında pandemiya dövrü zamanı həkimə müraciət etmişdir. Həkimin nəzarəti altında 11 ay xəskin xəstliklər keçirərək əmək qabiliyyətinin olmaması barədə Xəstəlik Vərəqələri açılmışdır. xx.xx.2023 tarixində isə Əlillik təyin edilmişdir. Əmək qabiliyyətinin olmaması səbəbindən işə çıxmadığı dövrdə xx.xx.2023-cü il tarixdə 29-K saylı əmr ilə Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilib. Hesab edir ki, cavadehin xx.xx.2023-ci il tarixli, 29-K saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Əmək Məcəlləsinin “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddədinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cumaddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işə götürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir.İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan əmək qanunvericiliyində işçilərin hüquqlarının 5 (beş) təminatı üçün əmək müqaviləsinin ləğv olunmasını qadağan edən normalar nəzərdə tutulmuşdur. Bu qaydalar dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinin b yarımbəndinə əsasən əmək münasibətlərisahəsində işə götürənin əsas vəzifələri bu Məcəllənin və Əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsinin nümayəndəsi və vəkili Vəkil məhkəmə etiraz ərizəsi və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, bildirdi ki, İddiaçı cavabdeh "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı "işə bərpa və digər" tələblərinə dair iddia ilə Pirallahı rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakılara görə iddia ərizəsini əsassız hesab edirlər: Belə ki, İddiaçı ilə "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, 1 saylı xüsusi texnika sahəsinin təmirçi-çilingər vəzifəsində işə başlamışdır. İddiaçı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli rəyi il 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı işə gəlməmiş, gəlməməsi barədə İdarəetmə aparatına məlumat verməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir sənəd təqdim etməmişdir. 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinə razılıq verilməsi barədə 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsi xx.xx.2023-cü il tarixdə iclas keçirilmiş və iddiaçı Nümayəndə1la bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 12 yanvar 2023-cü il tarixli 29-K nömrəli əmri ilə 1 saylı xüsusi texnika sahəsinin 6-cı dərəcəli təmirçi çilingəri İddiaçıla bağlanmış əmək müqaviləsinə üzürlü səbəb olmadan bütün günü işə gəlməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. Bundan əlavə, həmin iddia ərizəsinin, iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini zəruri hesab edir. Belə ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, həmin əmr xx.xx.2023-cü il tarixdə ona göndərilmiş, facebookda xx.xx.2023-cü il tarixdə paylaşılmışdır. Bakı 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Nümayəndə1 tərəfindən mediasiya tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə göndərilmiş, mediasiya sessiyası üçün xx.xx.2023-cü il tarixdə ərizə yazılmış, xx.xx.2023-cü il tarixdə mediasiya keçirilmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Faktiki hallardan göründüyü kimi, İddiaçı mediasiya arayışı tərtib edildiyi tarixdən sonra 1 ay 10 gün sonra məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququnun qorumağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İddiaçının iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi ilə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsinin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sosial arayışdan görünür ki, İddiaçı «Azneft” İB-də təmirçiçilingər vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli müayinə əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 2 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İşdə olan 1070 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə təmirçi çilingər vəzifəsinə işə götürülmüşdür. İşdə olan «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvana gedilmiş və ərzaq məhsulları olmaqla bayram hədiyyələri təqdim edilmişdir. Eyni zamanda onun işə gəlməməsinin səbəbi araşdırılmışdır. İddiaçı xəstə olduğunu yeriyə bilmədiyini bildirmişdir. Lakin noyabr ayında Zirə qəsəbəsində küçəsinin açılışında iştirak etmiş və orada olan iştirakçılarla birlikdə ayaq üstə foto şəkil çəkdirmişdir. Bu hall ondan soruşulduqda o, belə hadisənin olmadığını və ümumiyyətlə orada olmadığını bildirmişdir. İşdə olan «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı idarə aparatına şəxsi avtomobili ilə gələrək idarə aparatına daxil olmamış ona xidməti otağa gələrək işdə olmamasının və hansı səbəbdən gəlməməsi barədə izahat verməsi təklif olunsa da, o, bundan imtina etmiş və oğlunun vasitəsilə xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasının tərəfindən əmək qabiliyyətinin 45% itirilməklə 3-cü dərəcəli əlillik təyin edilməsi barədə Forma 88 arayışı təqdim etmişdir. İşdə olan «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ilə ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılaraq, Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasə 3-cü dərəcəli əlillik təyin edildiyi üçün, həmçinin təqdim etdiyi ******* nömrəli xəstəlik vərəqəsinin DSMF tərəfindən ödənişə qəbul edilmədiyi üçün araşdırılması məqsədilə idarəyə dəvət olunmuş, lakin Nümayəndə1 edilən dəvətdən imtina etdi və mühəndis, dispetçer, rəis müavini işləyə biləcəyini deyərək əlilliyi ilə əlaqədar aşağı ixtisaslı başqa peşəyə keçməyəcəyini bildirdi. İşdə olan «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində əlaqə saxlanılmış, ona HİK-nin iclasına dəvət edilmiş, həmçinin işdə olmadığı günlər barədə izahat verməsi təklif olunmuşdur. O, birmənalı şəkildə gəlməkdən və izahat verməkdən imtina etmişdir. İşdə olan İşdə olan «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2023-cü il tarixli 29-K saylı əmrindən görünür ki, Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə İddiaçı ilə bağlanmış 1070 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. İşdə olan İşdə olan «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2023-cü il tarixli 15 saylı əmrindən görünür ki, üzrsüz səbəbdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməməklə, əmək müqaviləsi və vəzifə təlimatı ilə üzərinə düşən öhdəlikləri pozduğuna görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İşdə olan «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, İddiaçı onunla bağlanmış xx.xx.2020-ci il tarixli 1070 saylı Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixli 29-K nömrəli əmrlə ləğv edilməsi bildirilmiş, qısa müddət ərzində əmək kitabçasını götürməyi və ya poçt vasitəsi ilə göndərilməsi üçün razılıq ərizəsinin göndərilməsi xahiş edilmişdir. İşdə surəti olan X6 Mərkəzinin xx.xx.2023-cü il tarixli aktında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsi açılmış, lakin xx.xx.2022-ci il tarixində İddiaçı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əmək qabiliyyətinin itirilməsi 45% olmaqla 3-cü dərəcəli əlillik verilmişdir. xx.xx.2022-xx.xx.2023 tarixinə kimi olan SN 00008 №0065607 saylı ƏQOV xx.xx.2022-ci il tarixində təsdiq edilmiş əlillik dərəcəsinə əsasən ləğv edilsin, xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixinədək olan ƏQOV dublikat olaraq açılıb verilsin. İşdə surəti olan X6 Mərkəzinin xx.xx.2023-cü il tarixli 3 saylı aktda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli aktla SN 0008 №0065607 saylı ƏQOV ləğv edilmişdir. Lakin İddiaçı sahə terapevt tərəfindən səhvən xx.xx.2023-cü il tarixdən başlayaraq SN 00008 №0065771 saylı ƏQOV-si açılmışdır. xx.xx.2023-cü il tarixdəki aktda SN 00008 №0065607 saylı ƏQOV ləğv ediləndə İddiaçı xəstəlik vərəqəsi açılmadığından akta xx.xx.2023-cü il tarixində xəstəlik vərəqəsinin açılması qeyd edilməmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı X1 yaxınlaşaraq təqdim etmiş və onun əsasında həmin tarixdə 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə İddiaçı həmin idarədə işləyib-işləməməsi barədə məktub ünvanlanmış və həmin idarədən cavab olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə ləğv edildiyi bildirilmişdir. İddiaçı səhvən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə olan SN 00008 №0065771 saylı ƏQOV açılmış (xəstəlik vərəqəsi) ləğv edilsin. İşdə olan X6 Mərkəzinin xx.xx.2023-cü il tarixli 4 saylı aktının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ******* nömrəli ƏQOV-nin ləğvi ilə bağlı xx.xx.2023-cü il tarixli akt tərəflərindən ləğv edilir və həmin ƏQOV-nin əsaslı olduğu bildirilir. İşdə olan Bakı 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışın surətindən görünür ki, İddiaçı tərəfindən «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə İMS üçün ərizə verilmiş, xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etsə də, «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi iştirak etməmişdir. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi “Zirə Sağlamlıq Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 159 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx-1965-ci il təvəllüdlü Zirə qəsəbəsi Natəvan küçəsi ev 2 ünvan qeydiyyatlı İddiaçı ambulator tibbi kitabçasına tərəfimizdən baxış keçirilərkən aydın oldu ki, İddiaçı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixində "üçüncü dərəcəli əlillik" (orqanizmin funksiyalarının pozulması faizi-45%) təyin edilmişdir.(Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi- xx.xx.2023-cü il) İddiaçı 2022-2023-cü il tarixlərində aşağıda qeyd edilən əmək qabiliyyətinin olmaması vərəqləri xəstəliyinə uyğun müvafiq diaqnozlarla verilmişdir. xx.xx.2022.xx.xx.2022-ƏQQV №0687292-Fövqəladə Hallar Nazirliyinin X8 Hospitalı xəstəlik tarixi 0869003, Diaqnoz: İkitərəfli pnevmoniya.KTÇ; xx.xx.2022-xx.xx.2022-ƏQOV №0687292- X6 Mərkəzinin HMK-sı tərəfindən uzadılıb, Diaqnoz: İkitərəfli pnevmoniya; xx.xx.2022xx.xx.2022.-ƏQOV № 0565819- Zirə MDM Diaqnoz: Viral pnevmoniya; xx.xx.2022-xx.xx.2022- ƏQOV № 0565941-Zirə MDM, Diaqnoz: İkitərəfli viral pnevmoniya; xx.xx.2022-xx.xx.2022-ƏQOV № 0566046-Zirə MDM Diaqnoz: Şəkərli diabet; xx.xx.2022-xx.xx.2022-ƏQOV № 0401891-X2, Diaqnoz: Şəkərli diabet tip İİ.Sağ diz oynağının artrozu,sinoviti; xx.xx.2022-xx.xx.2022-ƏQOV №0617894-X2 Diaqnoz: Sağ diz oynağının artrozu .sinovit; xx.xx.2022-xx.xx.2022-ƏQOV №0765735-Zirə MDM, Diaqnoz: Sağ tərəfli qonartroz.Şəkərli diabet İİ tip,Piylənmə; xx.xx.2022xx.xx.2022-ƏQOV №0765903-Zirə MDM, Diaqnoz: Dəqiqləşdirilməmiş qonartroz.Şəkərli diabet İİ tip insulin tələbli.Piylənmə İV dərəcə; xx.xx.2022-xx.xx.2022-ƏQOV №0766003-Zirə MDM. Diaqnoz: Dəqiqləşdirilməmiş qonartroz.Şəkərli diabet İİ tip insulin tələbli.Piylənmə İV dərəcə; xx.xx.2022-xx.xx.2022-ƏQOV №0866260-Zirə MDM. Diaqnoz: Piylənmənin digər formaları.Şəkərli diabet İİ tip ağırlaşmalar.Sağ diz oynağının artrozu; xx.xx.2022-xx.xx.2022-ƏQOV №0866397-Zirə MDM Diaqnoz:Şəkərli diabet İİ tip.Piylənmənin digər formaları; xx.xx.2022-xx.xx.2023-ƏQOV №0065607-Zirə MDM. Diaqnoz: Şəkərli diabet İİ tip.Piylənmənin digər formaları; xx.xx.2023xx.xx.2023-ƏQOV №0065771-Zirə MDM. Diaqnoz: Dəqiqləşdirilməmiş qonartroz. Hal-hazırda İddiaçı Zirə Sağlamlıq Mərkəzində "Şəkərli diabet və piylənmə" diaqnozu ilə dispanser qeydiyyatdadır və ona ayda bir dəfə imtiyazlı xəstə kimi endokrinoloq tərəfindən xəstəliyinə uyğun dərman reseptləri yazılır.Məlumat üçün bildirirəm ki, İddiaçı öz şəxsi həkimlərində müalicə alır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-16397/2023 saylı məktubunda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nümayəndə1 əlillik vəziyyəti X4 E00029593TVF və D00040836QXM nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində qiymətləndirilmiş və adına aktiv əmək müqaviləsi olduğu halda əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə məlumat aşkar edilmədiyindən, həmçinin diaqnoz düzgün yazılmadığından və xəstəliyin mərhələsi ilə ağırlaşmalar tam ətraflı qeyd edilmədiyindən hər iki halda natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə vətəndaş müraciəti əsasında xx.xx.2022-ci il tarixində 2 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən yaşadığı ünvanda əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X7-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq əlillik təyininə əsas verən ağırlaşmalar aşkar olunmuşdur. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə 2 il müddətinə orqanizmin funksiyalarının 45 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, işin həqiqi halları, tərəflərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən üzrsüz səbəbdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlmədiyi əsasilə xx.xx.2023-ci il tarixli əmrlə ləğv edilsə də, həmin vaxt iddiaçının əmək qabiliyyəti olmamışdır. Belə ki, cavabdeh tərəf iddiaçının üzrsüz səbəbdən işə gəlmədiyinə görə işdən azad olunduğunu qeyd etsə də, məhkəmə sorğusu ilə alınaraq işə əlavə olunan materiallarla müəyyən olundu ki, mübahisələndirilən dövr ərzində, yəni xx.xx.2022-xx.xx.2023 müddətində Şəkərli diabet İİ tip.Piylənmənin digər formaları diaqnozu ilə ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi (ƏQOV), xx.xx.2023xx.xx.2023 müddətində isə Dəqiqləşdirilməmiş qonartroz diaqnozu ilə ******* nömrəli ƏQOV açılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə 2 il müddətinə orqanizmin funksiyalarının 45 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göründüyü kimi, əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla ləğv edilmişdir. Lakin, işin materiallarından da aşkar surətdə göründüyü kimi, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, İddiaçı əmək müqaviləsinin ləğv edildiyini bildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli idi. Belə ki, iddiaçı hüqununun pozulmasını ən geci xx.xx.2023-cü tarixdə bilirdi. Çünki həmin tarixdə onun tərəfindən mediasiyanın tətbiqi barədə cavabdehə təklif məktubu göndərilmişdir. xx.xx.2023-cü il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış verilmişdir. Buna baxmayaraq, o, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci bəndinə əsasən, Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci bəndinə əsasən, Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci bəndinə əsasən, Mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından, mübahisə tərəfi olan cavabdeh «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iş üzrə iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh «Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi, xəstəlik vərəqəsi üzrə ödənişlərin ödənilməsi və maddi ziyan” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-175/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-175/2023
04.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver