Məhkəmə qərarları › İş №e-2(094)-6/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-6/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-6/2024 10.09.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan (LPO) «AmrahBank” ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (LPO) «AmrahBank” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmentinə yönəldilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (LPO) «AMRAHBank” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmentinə yönəldilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017- ci il tarixli 473/E saylı Kredit Müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 22400,0 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 70, 36 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə borcalan Cavabdeh2 və ipotekaqoyan Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli X2 imzalanmışdır. Bu razılaşma Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra məzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2022 tarixli **********874 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixində 200,0 manat məbləğində ödəniş etmişdir. Odur ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 24464,32 manat təşkil edir. Bundan 17499,04 manat əsas, 6852,39 manat faiz, 112,89 manat cərimə borcu və iş üzrə ödənilmiş 163,39 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40,0 manat rüsumunun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 70, 36 saylı mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, (LPO) İddiaçı ASC-yə təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh iddia tələbinə etiraz etmədiyini, borcu qaytaracağını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 arasında 29 sentyabr 2017-ci il tarixli, 473/E nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 12 faiz dərəcəsi ilə 60 ay müddətinə 22400 (iyirmi iki min dörd yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 473/EG nömrəli 29 sentyabr 2017-ci il tarixli X2ndən göründüyü kimi, müqavilə tərəflər arasında bağlanmış kredit müqaviləsini təmin etmək üçün bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, 47.5 kv.m ümumi, 16.4 kv.m yaşayış sahəsindən ibarət olan 36 saylı mənzil ipoteka predmeti kimi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışın surətindən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən, 47.5 kv.m ümumi sahədən ibarət olan 36 saylı mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş **********138 nömrəli 26 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2017- ci il tarixli 473/E saylı istehlak kredit müqaviləsi üzrə 02 sentyabr 2022-ci il tarixinə 17499,04 manat əsas, 6852,39 manat faiz, 112,89 manat cərimə borcu olmaqla ümumilikdə 24464,32 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia qeyd edilən hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və əsas verən Qanunda nəzərdə tutulmuş digər hallar nəzərdə tutulmuşdur Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024cü il tarixli, 10/8360-9/8571 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu Alatava-7 küçəsi, ev 70, 36 saylı ümumi sahəsi 47,5 kv.m olan mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 85500,0 manat (47,5 kv.m. x 1800,0 manat), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (85500-10%) 76900,0 manat məbləğində müəyyən edilir . Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə tərəflər arasında mənzilin ilkin satış qiyməti barədə razılıq olmamasını, qiymətləndirmə aparmış ekspertin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, onun tərəfindən aparılmış qiymətləndirməni ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti olaraq qəbul edilməsini mümkün hesab edir. Bu baxımdan ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməli olduğundan və yaşayış sahəsinin likvid dəyəri 76900,0 manat olduğundan mübahisəli yaşayış sahəsinin ilkin satış qiyməti 76900,0 manat müəyyən edilməklə açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun qaytarılmasına ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan çıxarılması və həmin mənzilin boşaldılması tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlak(lar) ipoteka müqavilə(lər)si üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47.5 kv.m-dən ibarət mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan çıxarılmalı və həmin əmlak boşaldılmalıdır. Məhkəmə həmçinin iddianın 163.39 manat məbləğində dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumununu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100,0 manat məbləğində pul cavabdehdən alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 29 sentyabr 2017-ci il tarixli, 473/E nömrəli kredit müqaviləsinə əsasən 17499.04 (on yeddi min dörd yüz doxsan doqquz manat 04 qəpik) manat əsas, 6852.39 (altı min səkkiz yüz əlli iki manat 39 qəpik) manat faiz, 112.89 (yüz on iki manat 89 qəpik) cərimə borcu və iş üzrə ödənilmiş 163.39 (yüz altmış üç manat 39 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun, ümumilikdə 24667.71 (iyirmi dörd min altı yüz altmış yeddi (.71)) manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 70 ünvanında yerləşən 36 saylı mənzilə yönəldilsin. Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 70 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m. olan 36 saylı mənzilin likvid dəyəri 76900,0 (yetmiş altı min doqquz yüz) manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun qaytarılmasına ödənilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam qaytarılmasına kifayət etmədiyi halda, qalan məbləğ Cavabdeh2 tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 70 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m. olan 36 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində həmin mənzil boşaldılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,0 manat məbləğində pul Cavabdeh2 alınaraq X1 (Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT.Bik: CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar