Məhkəmə qərarları › İş №e-2(094)-9/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-9/2023

28.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-9/2023 28.02.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X18 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair idiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y yə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və onlara məxsus həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı ev 21 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara ataları X12 miras qalmışdır. Həmin evə dair onların xüsusi mülkiyyət hüquqları 05 oktyabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Onların X2 qeyd edilən fərdi yaşayış evində tək yaşamış və 18 may 2021-ci il tarixdə ölmüşdür. X2 subay olmuş, onun heç bir vərəsəsi olmamışdır. Qardaşları öləndən sonra həmin ev boş qalmışdır. Onlar həmin evə getmək isdikdə isə həmin evdə Cavabdeh1 və Cavabdeh2 yaşamasını görmüşlər. Belə ki, həmin şəxslər onları öz evlərinə buraxmamışlar. Əsas kimi isə onların həmin evdə qeydiyyatlarının olmasını göstərmişlər. Hal-hazırda onlar öz evlərinə daxil ola bilmirlər. Öz mülkiyyətlərindən istədikləri kimi istifadə, sahiblik edə və sərəncam verə bilmirlər. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən cavabdehlər onlara məxsus evdən onlarla bərabər istifadə etmək hüququna malik deyil və onların həmin evə istifadə hüquqları yaranmamışdır. Cavabdehlərin həmin evi nə vaxt zəbt etmələri barədə onlarda məlumat yoxdur. Lakin onlara məlum olmuşdur ki, cavabdehlər onlara məxsus evə qardaşları öləndən sonra qeydiyyata düşmüşlər. Cavabdeh1 80 yaşı var və o, xəstə adam olmaqla yanaşı Pirallahı qəsəbəsində öz mülkiyyətində olan mənzili vardır. Digər Cavabdeh2 isə onun oğludur. Cavabdeh2 öz anasını həmin evə yerləşdirməklə onlara məlum olmayan yollarla həmin evə qeydiyyata düşmüşdür. Cavabdehlər onlara məxsus evdə daimi yaşamaq niyyəti ilə deyil, sadəcə həmin evi ələ keçirmək niyyəti ilə yaşayırlar. Çünki onların özünə məxsus daimi yaşayış yerləri vardır və onların başqa mənzilə ehtiyacları yoxdur. Sadəcə Cavabdeh2 öz qoca anasından istifadə edərək onlara məxsus mənzili zəbt etmişlər. Məhkəmə iclasında İddiaçı1 bildirdi ki, cavabdeh mübahisəli mənzildə yaşamır. Onun başqa yaşayış yeri vardır. Cavabdeh həyətə bir it bağlamış və ara bir gəlib ona yemək verir. Həyətdə it olduğundan onlar həyətə girə bilmirlər. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 iddia tələbini müdafiə edərək, digər iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə elektron informasiya sistemi vasitəsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə elektron informasiya sistemi vasitəsi ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ölməsi müəyyən edildiyindən, mülki işə ona aid hissədə xitam verilmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçıların və onların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AZ-İİ seriyalı, 208728 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1965-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 37 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 160348 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 76 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə vəfat etmiş X14 qanun üzrə vərəsələri İddiaçı2 və İddiaçı1 müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evin ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan ASAN-5 tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadır. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 378498 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 16 nömrə ilə qeyd edildmişdir. Nikah bağlandıqdan sonra ərə Mirzoyev, arvada Mitrofanova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayon Polis şöbəsi tərəfindən verilmiş 058-9479-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanına xx.xx.2021-ci il tarixdə və X8 xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Xüsusi X3 tərəfindən verilmiş 21 nömrəli, 11 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Bakı şəhəri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair mərhumun vərəsi arvadı X1 xx.xx.2022-ci il tarixli vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında (№1-348-2022) vərəsəlik işi açılmışdır. Sonradan onlara məlum olmuşdur ki, S.M.Mitrafanova xx.xx.2022ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyinə görə ona qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan ASAN-4 tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında heç kim yoxdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş 51/2-1073/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 5 saylı “ASAN xidmət” mərkəzinə ünvanlamış sorğuya cavab olaraq bildirilir ki, Cavabdeh1 və X5 sorğuda qeyd olunan ünvanda qeydiyyatda olmaları öz əksini tapmadı. Məlumat üçün bildirilir ki, qeydiyyata düşməyə əsas verici sənədlər dövlət orqanlarının sorğuları əsasında göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil 05 oktyabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 ataları mərhum X14 qanun üzrə vərəsələri kimi müəyyən olumaqla Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi evə ½ hissə olmaqla payaları müəyyən edilməklə iddiaçıların mülkiyyətindədir. Cavabdeh mübahisəli mənzildə yaşamır və pasport qeydiyyatında yoxdur. Bundan başqa, məhkəmə iclası zamanı İddiaçı1 izahatında cavabdehin mübahisəli mənzildə yaşamadığını, onun başqa yaşayış yeri olduğunu, həyətə it bağladığını və ara bir gəlib itə yemək verdiyini, onlar həyətdə it olduğundan atalarından miras qalmış mənzilə girə bilmədikələrini bilmədiklərini bildirmişdir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən aktların müddəaları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar ünvan 5 ünvanında yerləşən evə cavadeh tərəfindən qanunsuz zəbt etdiyini iddia etsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin evdə cavabdeh yaşamır və həmin mənzilə qeydiyyatı yoxdur. Lakin, iddiaçılar onlara məxsus mənzilin cavabdeh X9 təçrəfindən zəbt edildiyini iddia etsələr də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə iddianın əsassız olduğu qənaətinə gəlir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia rədd edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar