Məhkəmə qərarları › İş №e-2(1-8)-1805/2026

Ali Məhkəmə Qərar — İş №e-2(1-8)-1805/2026

15.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-1805/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq Incəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Iddiaçı Iddiaçı cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq Incəsənət Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq Incəsənət Məktəbinin direktoru nümayəndə2 ## #### 2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, onun həmin məktəbə xor müəlliməsi vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq Incəsənət Məktəbinin ## #### 2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə (xor müəlliməsi) bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir.

3. Qeyd olunan qətnamədən cavabdeh ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir.

4. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 363.1-ci maddəsinin tələbləri riayət edilmədən verildiyindən geri qaytarılmışdır.

5. Cavabdeh ## #### 2026-cı il tarixdə yenidən qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır.

7. Qərardad onunla əsaslandırılmışdır ki, qətnamədən narazı qalan cavabdeh tərəfindən ilk dəfə ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdeh apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh tərəfindən ## #### 2026-cı il tarixdə yenidən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilməmişdir.

8. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin nümayəndəsi nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə ## ###### 2026-cı il tarixdə yerləşdirilmiş, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı MPM ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından müddətin axımı da elektron kabinetə yerləşdirildiyi gündən sonrakı gündən başlamış və cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə (1 ay sonra) ## #### 2026-cı il tarixdə verilmişdir.

9. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətini müddət ötürməklə vermiş və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir və yuxarıda sadalanan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamış, prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 360, 363, 366-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

11. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 8, 9, 14, 88, 360, 363-cü maddələrinin tələbləri pozulmuşdur.

13. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardadda yalnız yenidən təqdim edilmiş apellyasiya şikayətinin məhkəməyə daxil olduğu tarix əsas götürülərək, ilkin verilmiş ## ###### 2026-cı il tarixli apellyasiya şikayətinə və onun qanunvericiliklə müəyyən edilmiş müddət daxilində təqdim olunmasına hüquqi qiymət verilməmişdir. Halbuki, ilkin apellyasiya şikayətinin vaxtında təqdim edilməsi artıq cavabdehin apellyasiya şikayəti vermək hüququndan prosessual müddət çərçivəsində istifadə etdiyini təsdiq edir. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisəli dövrdə “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyəti ilə bağlı mövcud olmuş texniki problemlər və sistemin qeyri-sabit işləməsi cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinin taleyinin operativ şəkildə izlənilməsini və prosessual vəziyyətinin müəyyən edilməsini əhəmiyyətli dərəcədə çətinləşdirmişdir. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təqdim edilsə də, elektron sistemdə yaranmış texniki nasazlıqlar səbəbindən şikayətin hərəkəti, icraata qəbul olunubolunmaması, eləcə də sonrakı prosessual vəziyyəti barədə məlumatların vaxtında əldə edilməsi faktiki olaraq mümkün olmamışdır. Eyni zamanda, həmin müddətdə məhkəmədən operativ məlumat əldə edilməsi də mümkün olmamış, nəticədə apellyasiya şikayətinin geri qaytarılması barədə məlumat cavabdeh tərəfə gec məlum olmuşdur. Həmçinin, Abşeron Rayon Məhkəməsi tərəfindən ## ###### 2026-cı il tarixli ilkin apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş sənədlər sırasında mövcud olubolmaması qeyri-müəyyən qalmışdır. Belə olan halda, iki məhkəmə instansiyası arasında yaranmış kommunikasiya və sənəd mübadiləsi problemlərinin mənfi nəticələrinin cavabdehin üzərinə qoyulması, onun prosessual hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, həm ## ###### 2026-cı il tarixli ilkin apellyasiya şikayəti, həm də ## #### 2026-cı il tarixli təkrar apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində cavabdeh tərəf həmin iş üzrə iştirakçı qismində əlavə edilməmişdir. Bu səbəbdən elektron kabinet vasitəsilə işin hərəkətinin, apellyasiya şikayətlərinin prosessual vəziyyətinin, onların geri qaytarılması və ya digər prosessual hərəkətlərə məruz qalmasının operativ şəkildə izlənilməsi faktiki olaraq mümkün olmamışdır. Nəticə etibarilə, elektron sistemdə iştirakçı kimi qeydiyyatın təmin edilməməsi və sistemin qeyri-sabit fəaliyyəti birlikdə cavabdeh tərəfin məlumat əldə etmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış, apellyasiya şikayətinin geri qaytarılması barədə məlumatın gec əldə edilməsinə səbəb olmuşdur.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

15. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində cavabdehin apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddət ötürülmüşdür.

18. Belə ki, iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırılmış surəti cavabdehin nümayəndəsi (məktəbin direktoru) nümayəndə2 “Elektron Məhkəmə” Informasiya Sistemindəki elektron kabinetinə ## ###### 2026-cı il tarixdə yerləşdirilmişdir.

19. Həmçinin müəyyən olunur ki, cavabdehin adından vəkil vəkil3 ilk dəfə apellyasiya şikayətini ## ###### 2026-cı il tarixdə “Elektron Məhkəmə” Informasiya Sisteminə yerləşdirmişdir. Lakin, həmin apellyasiya şikayəti MPM-in 363.1-ci maddəsinin tələbləri riayət edilmədən verildiyindən Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır.

20. Daha sonra müəyyən olunur ki, cavabdehin adından təkrar apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə “Elektron Məhkəmə” Informasiya Sisteminə yerləşdirilmişdir.

21. Beləliklə, müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfə ## ###### 2026-cı il tarixdə rəsmi qaydada təqdim olunmuş və Mülki Prosessual Məcəllənin 360-cı maddəsi ilə müəyyən edilən prosessual müddət ## ###### 2026-cı il tarixdə bitdiyi halda, apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə verilmiş, müddətin bərpasına dair ərizə ilə cavabdeh tərəfindən müraciət olunmamışdır.

22. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası izah edir ki, Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsi ilə apellyatora bu Məcəllənin 363.1.1 və 363.1.2ci maddələrində göstərilmiş halları aradan qaldırmaqla, yenidən məhkəməyə apellyasiya şikayəti vermək hüququ müəyyən edilsə də, həmin hüquq MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş müddətlərdə həyata keçirilməlidir. Bu müddət ötürüldüyü halda isə şikayət verilməsi üçün müəyyən olunmuş prosessual müddətin bərpasına dair ərizə verilməli və belə ərizənin əsaslılığına məhkəmə tərəfindən qiymət verilməklə, sonrakı prosessual hərəkətlər edilməlidir.

23. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin vəkilinin ## ###### 2026-cı il tarixdə ilk dəfə apellyasiya şikayəti verməsi, Mülki Prosessual Məcəllənin 360-cı maddəsi ilə nəzərdə tutulmuş müddətin axımını dayandırmır. Belə ki, həmin apellyasiya şikayəti MPM-in 363.1-ci maddəsinin tələblərinin riayət olunmaması əsası ilə geri qaytarıldığından, onun verilməsi müddətin hesablanması üçün nəzərə alınmamalıdır.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq Incəsənət Məktəbi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar