Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(1-8)-1886/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X1 Mərkəzinin cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: məhkəmə aidiyyəti haqqında qərardaddan verilən şikayətin mümkünlüyü, şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh İsmayıl oğlu tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X1 Mərkəzinin cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı “torpaq sahəsinin boşaldılması və tikintilərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdehin vəsatəti Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim S. Allahverdiyev) təmin edilməmişdir.
2. Həmin qərardaddan cavabdeh Cavabdeh İsmayıl oğlu şikayət vermiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qarışıq Tərkibin mövqeyi:
4. İş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
5. Belə ki, iş materiallarından görünür ki, cavabdeh işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinin təmin ediməməsi barədə birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından şikayət versə də, həmin məhkəmə şikayəti iş materiallarına əlavə etməmiş (şikayət “Elektron Məhkəmə” İnformasiya Sistemindən Ali Məhkəmədə çap olunaraq işə əlavə olunmuşdur), Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun olaraq bu şikayətin əsaslı olub-olmamasını müzakirə etməmiş, yalnız ## #### 2026-cı il tarixli müşayiət məktubu ilə iş materiallarını Ali Məhkəməyə göndərilmişdir.
6. Odur ki, iş materialları mülki prosessual qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403-1.4, 404-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İş materialları Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh İsmayıl oğlu tərəfindən verilmiş şikayət üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsi ilə nəzərdə tutulmuş hərəkətlərin edilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın.