Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-2169/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Inzibati və Kommersiya kollegiyalarına daxil olan hakimlərin qarışıq təkibinin iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu (məruzəçi), Inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, e-*(*-*)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ##.##.2021-ci il tarixli, ** saylı müqaviləyə əsasən yaşayış kompleksində qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsinə dair müqavilə üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən 1-ci mərtəbə 50 m2, 2-ci mərtəbədə 70 m2 qeyri-yaşayış sahələri olmaqla, ümumilikdə 120 m2 sahənin (yalnız çöl divarlar daxil edilməklə, qeyri-yaşayış sahəsinin pilləkənlərin yerləşdiyi ərazi ümumi sahəyə daxil edilməməklə) iddiaçıya təhvil verilməsi, əldən çıxmış fayda kimi 44.000 manat zərərin və ödənilmiş 232 manat dövlət rüsumun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim E.F.Vəliyeva).
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, e-*(*-*)- ****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər R.Ə.Eyvazov – sədrlik edən və məruzəçi, R.N.Qafarova və C.C.Musayeva).
5. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi milli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq şəxsin səlahiyyətli məhkəmə tərəfindən müdafiə hüququnun təmin edilməsinə xidmət edir. Bu baxımdan, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən ilk növbədə mübahisənin öz səlahiyyətinə aid olub-olmadığını yoxlamalıdır.
6. Iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı mübahisənin yarandığı dövrdə fərdi sahibkar kimi vergi uçotunda qeydiyyatda olmuş, cavabdeh isə kommersiya hüquqi şəxsidir. Dövlət Vergi Xidmətinin təqdim etdiyi məlumatlara əsasən iddiaçı sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırsa da, qanunvericiliklə müəyyən edilmiş qaydada vergi uçotundan çıxarılmamış və bu səbəbdən fərdi sahibkar statusunu saxlamışdır.
7. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə iddiaçıya məxsus sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi qeyri-yaşayış sahəsinin sökülməsi və əvəzində yeni tikiləcək binada qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı olmuş, hazırkı mübahisə də həmin müqavilənin icrası ilə əlaqədar yaranmışdır. Beləliklə, mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış müqavilə münasibətlərindən irəli gəlir.
8. Prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan müqavilə və digər kommersiya xarakterli mübahisələrə kommersiya məhkəmələri baxır. Mübahisənin kommersiya məhkəməsinə aid edilməsi üçün hüquq münasibətinin ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyəti ilə bağlı olması kifayətdir.
9. Iddiaçının sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırması işin məhkəmə aidiyyətinə təsir göstərmir. Qanunvericiliyə və Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən, fərdi sahibkar yalnız qanunla müəyyən edilmiş əsaslarla vergi uçotundan çıxarıldıqdan sonra həmin statusunu itirmiş hesab olunur. Eyni zamanda, fərdi sahibkarın vergi uçotunda göstərilən fəaliyyət istiqamətindən fərqli sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması da mübahisənin məhkəmə aidiyyətini dəyişdirmir.
10. Belə olan halda, birinci instansiya məhkəməsi mübahisənin hüquqi xarakterini, tərəflərin statusunu və prosessual qanunvericiliyin aidiyyətə dair tələblərini nəzərə almadan işi icraata qəbul etmiş və mahiyyəti üzrə baxmışdır. Halbuki, qanunvericiliyə əsasən məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir və qanunla müəyyən edilmiş aidiyyətin dəyişdirilməsi yolverilməzdir. Iş materiallarından cavabdeh hüquqi şəxsin Bakı şəhərində yerləşdiyi müəyyən olunduğundan, hazırkı mübahisəyə kommersiya xarakterli iş kimi məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Konstitusiyasının 62- “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının ci, 11. 6.1-ci, Insan hüquqları haqqında Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü, Mülki Prosessual Məcəllənin 24.2, 25, 26, 31, 384.0.4, 385.1.1-ci maddələrinə, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarın 12, 13, 28-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
12. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində məhkəmə aidiyyəti ilə bağlı hər hansı tələb irəli sürülmədiyi halda, məhkəmə öz təşəbbüsü ilə iddiaçının VÖEN-ə malik olub-olmamasını araşdırmış və yalnız vergi uçotunda fərdi sahibkar kimi qeydiyyatda olması faktına əsaslanaraq mübahisənin kommersiya məhkəməsinə aid olduğu qənaətinə gəlmişdir. Hətta iş üzrə yekun hüquqi qiymətləndirmə aparılmadan ilk məhkəmə iclasında işin kommersiya məhkəməsində baxılmalı olduğunu bildirməklə əvvəlcədən mövqeyini ifadə etmişdir.
14. Bundan əlavə, həmin iclasda kassator iştirak etməmiş, sonradan məhkəmənin sorğusu əsasında Dövlət Vergi Xidmətindən əldə edilmiş məlumat isə yalnız iddiaçının vergi uçotunda fərdi sahibkar kimi qeydiyyatda olduğunu təsdiq etmişdir. Lakin həmin məlumat mübahisəli qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyətində istifadə olunmasını və ya tərəflər arasında yaranmış hüquq münasibətlərinin kommersiya xarakteri daşımasını təsdiq etmir. Əksinə, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı həmin qeyri-yaşayış sahəsində heç vaxt sahibkarlıq fəaliyyəti həyata keçirməmiş, VÖEN yalnız digər fəaliyyət istiqaməti üzrə alınmış və faktiki fəaliyyət göstərilmədən müvəqqəti dayandırılmışdır.
15. Apellyasiya instansiyası işin faktiki hallarına hüquqi qiymət vermədən, tərəflərin prosessual hüquqlarının tam təmin edilməsinə və təqdim edilmiş sübutların qiymətləndirilməsinə lazımi diqqət yetirmədən aidiyyət məsələsini öz təşəbbüsü ilə araşdırmışdır. Halbuki, ikinci məhkəmə iclasında iddiaçının nümayəndəsi üzrlü səbəbdən iclasın təxirə salınmasını xahiş etsə də, məhkəmə vəsatəti təmin etmədən işə birtərəfli qaydada baxmış və qərar qəbul etmişdir. Sonradan kassator tərəfindən təqdim edilmiş vəsatət və sübutlar isə nəzərə alınmamışdır.
16. Iş materiallarında mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu təsdiq edən heç bir mötəbər sübut mövcud deyil. Məhkəməyə təqdim edilmiş icarə müqavilələrindən görünür ki, iddiaçı həmin münasibətlərdə heç vaxt fərdi sahibkar və ya vergi ödəyicisi statusunda çıxış etməmişdir. Qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmaq özlüyündə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq demək deyil və qüvvədə olan qanunvericilikdə belə əmlaka malik olmaq üçün vergi ödəyicisi və ya sahibkar statusu tələb edilmir. Həmçinin tərəflər arasında bağlanmış müqavilələrin heç birində iddiaçı sahibkar kimi çıxış etməmişdir.
17. Mübahisəyə əsas olan müqavilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanmış kommersiya müqaviləsi deyil, dövlətin şəhərsalma proqramı çərçivəsində sökülmüş daşınmaz əmlaka görə kompensasiyanın müəyyən edilməsi məqsədi ilə bağlanmış mülki-hüquqi müqavilədir. Bu hüquq münasibətində iddiaçı sökülmüş daşınmaz əmlakın mülkiyyətçisi, cavabdeh isə kompensasiya öhdəliyini öz üzərinə götürmüş tikinti şirkəti kimi çıxış etmişdir. Belə olan halda, mübahisənin nə subyektiv tərkibi, nə də hüquqi mahiyyəti onun kommersiya xarakterli mübahisə kimi qiymətləndirilməsinə əsas vermir.
18. Beləliklə, apellyasiya məhkəməsi yalnız iddiaçının vergi uçotunda fərdi sahibkar kimi qeydiyyatda olması faktını həlledici meyar kimi qəbul etməklə, mübahisənin predmetini, hüquq münasibətlərinin xarakterini və işin faktiki hallarını lazımi qaydada araşdırmamış, nəticədə məhkəmə aidiyyəti barədə səhv hüquqi nəticəyə gəlmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
22. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.
23. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
24. Maddə 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
25. Maddə 402.2.5. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
30. Belə ki, prosessual normalar tətbiq edilərkən onların formal şəkildə deyil, ədalət mühakiməsinin məqsədlərinə uyğun şərh və tətbiqi təmin edilməlidir. Bu baxımdan, məhkəmə aidiyyəti qaydalarının tətbiqi də məhkəməyə əlçatanlıq, işlərə ağlabatan müddətdə baxılması, prosessual qənaət prinsipi və ədalət mühakiməsinin səmərəliliyi nəzərə alınmaqla həyata keçirilməlidir.
31. Ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri işə ağlabatan müddətdə baxılmasıdır. Bu səbəbdən, artıq məhkəmənin icraatına qəbul edilmiş, uzun müddət araşdırılmış və mahiyyəti üzrə həll olunmuş işin sonrakı mərhələdə yalnız məhkəmə aidiyyəti əsas gətirilməklə başqa məhkəməyə göndərilməsi, bir qayda olaraq, prosessual qənaət prinsipinə və ədalət mühakiməsinin səmərəliliyinə xidmət etmir. Aidiyyət qaydalarının tətbiqi formal xarakter daşımamalı, əksinə, ədalət mühakiməsinin məqsədlərinin reallaşdırılmasına xidmət etməlidir.
32. Hazırkı işin hallarından görünür ki, iddia ərizəsi ##.##.2024-cü il tarixdə məhkəməyə verilmiş, iş birinci instansiya məhkəməsinin icraatında uzun müddət araşdırılmış, tərəflərin izahatları alınmış, sübutlar tədqiq edilmiş və ##.##.2025-ci il tarixdə mübahisə mahiyyəti üzrə həll edilərək qətnamə qəbul olunmuşdur. Yalnız bundan sonra apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmişdir.
33. Göründüyü kimi, hazırkı iş üzrə mübahisə birinci instansiya məhkəməsində uzun müddət ərzində araşdırılmış, sübutlar tədqiq edilmiş və mahiyyəti üzrə həll edilərək qətnamə qəbul edilmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə mahiyyəti üzrə hüquqi qiymət vermək əvəzinə yalnız məhkəmə aidiyyəti məsələsinə istinad etməklə qətnaməni ləğv edib işi başqa məhkəməyə göndərməsi prosessual qanunvericiliyin məqsədlərinə və ədalət mühakiməsinin təyinatına uyğun olmamışdır.
34. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsinin bu yanaşması işə ağlabatan müddətdə baxılması və prosessual qənaət prinsiplərinin təmin edilməsinə xidmət etməmiş, əksinə, mübahisənin həllinin əsassız olaraq uzanmasına səbəb olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işi məhkəmə aidiyyəti üzrə başqa məhkəməyə göndərməsi qanuni və əsaslı hesab edilə bilməz.
35. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi xarakterini müəyyən edərkən də düzgün nəticəyə gəlməmişdir.
36. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 25 və 26-cı maddələrinin mənasına görə isə kommersiya məhkəmələri yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisələrə baxırlar.
37. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" ## ######## 2020-ci il tarixli, ** nömrəli Qərarında da izah edilmişdir. Plenum qeyd etmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsində həlledici meyar tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasıdır. Tərəflərdən yalnız birinin sahibkar statusuna malik olması və ya mübahisənin yalnız bir tərəfin sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün kifayət etmir. Mübahisənin kommersiya məhkəməsinə aid edilməsi üçün əsas tələb üzrə hüquq münasibəti ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəlməlidir.
38. Hazırkı işdən görünür ki, tərəflər arasında mübahisə ##.##.2021-ci il tarixli əvəzləşdirmə müqaviləsinin icrası ilə bağlı yaranmışdır. Iddiaçı sökülmüş qeyri-yaşayış sahəsinin əvəzində yeni tikilən binada qeyri-yaşayış sahəsinin təhvil verilməsini və zərərin ödənilməsini tələb etmişdir. Göründüyü kimi, mübahisə sökülmüş daşınmaz əmlakın əvəzləşdirilməsi ilə bağlı mülki-hüquqi öhdəlik münasibətlərindən irəli gəlmişdir. Iş üzrə tərəflər arasında sahibkarlıq münasibətinin mövcudluğu aşkar edilməmişdir. Belə olan halda iddianın tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış müqavilə münasibətlərindən irəli gələn mübahisə olması barədə apellyasiya məhkəməsinin qənaəti də əsassız olmuşdur.
39. Iddiaçının fərdi sahibkar kimi vergi uçotunda qeydiyyatda olmasına və cavabdehin kommersiya hüquqi şəxs olmasına istinad edilməklə mübahisənin kommersiya xarakterli hesab edilməsi yuxarıda istinad olunan prosessual hüquq normalarına və Ali Məhkəmə Plenumunun qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.
40. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin mübahisənin hüquqi xarakterini tam araşdırmadan yalnız iddiaçının fərdi sahibkar kimi vergi uçotunda qeydiyyatda olmasına əsaslanmaqla mübahisəni kommersiya məhkəməsinə aid etməsi, habelə uzun müddət birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılmış işin yalnız apellyasiya mərhələsində aidiyyət üzrə başqa məhkəməyə göndərilməsinin qanunsuz olması barədə dəlilləri məhkəmə kollegiyasının yuxarıda göstərilən hüquqi mövqeyinə uyğun gəldiyindən əsaslı hesab edilir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş apellyasiya instansiyası məhkəməsinə mahiyyəti üzrə baxılması üçün göndərilməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # #### 2026-cı il tarixli, e-*(*-*)- ****/**** nömrəli qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.