Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-1423/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyanın hakimi Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı ( mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı Masallı Rayon Məhkəməsinin e-2(050)-614/2024 nömrəli iş üzrə 12 yanvar 2024-cü il tarixli qərardadından iddiaçının şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı X1 istifadəsində və dövlət mülkiyyətində olan 27.650,4 kv.m. torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş 1.373,3 kv.m. və 58 kv.m. hissələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir.
2. Masallı Rayon Məhkəməsinin e-2(050)-614/2024 nömrəli iş üzrə 12 yanvar 2024cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Qərardadın əsaslarına görə, “... Cavabdeh (VÖEN **********) fərdi sahibkar statusu olan fiziki şəxslərdir. Odur ki, hüquq münasibətlərinin xarakteri baxımından işə kommersiya məhkəməsində baxılmalıdır.”
4. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.
5. Şikayətin dəlillərinə görə, tələb əşya hüquqi tələb olmaqla, iddiaçının dövlət orqanı kimi nəzarət səlahiyyətlərindən yaranan tələbdir. Bu tələbə isə kommersiya xarakterli mübahisədən yaranan tələb kimi baxıla bilməz.
6. Masallı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət baxılma sı üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 8. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.
9. Azərbaycan Respublikasının Vergi Məcə lləsi: Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 11. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata k eçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələ rinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiy yəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır; Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndə rilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
13. Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşd ırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərar: “Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.”
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarı: Bənd
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır; Bənd
25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətl ərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
16. İlk olaraq, qüvvədə olan qanunvericiliyə əsasən (MPM-in 32 və 403-1-ci maddələri, §12) məhkəmə aidiyyəti ilə bağlı yaranmış mübahisələrin və məhkəmələr arasında fikir ayrılıq larının həll edilməsi kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir.
17. Bu kontekstdə, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılsa da, qərardad işin kommersiya məhkəməsinə aid olması ilə əsaslandırıldığı üçün, hakimlərin qarışıq tərkibi hesab edir ki, əsaslandırılmasından asılı olmayaraq, qərardadın qəbul edilməsi məhkəmə aidiyyəti məsələsi ilə bağlı olduğundan, hazırkı şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 403-1-ci maddəsində nəzərdə tutulan qaydada baxılmalıdır.
18. İşdən görünür ki, tərəflərdən iddiaçı dövlət orqanı, cavabdeh fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir, sonuncunun qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi sahibkar qismində vergi ödəyicisi kimi vergi orqanında uçota alınması (VÖEN-ə malik olm ası) iş materialları ilə təsdiqini tapır, tərəflər arasında yaranan mübahisə əşya hüquqi münasibətlərdən irəli gəlmişdir.
19. Birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmasını MPM-in 152.1.3-cü maddəsi və Ali Məhkəmə Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının (§14) 14-cü bəndi ilə əsaslandırmışdır.
20. Hakimlərin qarışıq tərkibi, dövlət orqanlarının tərəf olduğu əşya hüquqi münasibətlərdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə Ali Məhkəmə Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən ümumi məhkəmələrdə baxılmalı olduğu üçün, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmasa da, iddia ərizəsinin MPM-in 152.1.1-ci maddəs inin tələbinə müvafiq qaydada qaytarılmalı olmasını nəzərə alaraq, prosessual qənaət prinsipi baxımından qərardadın ləğvinə lüzum görmür.
21. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
22. Göstərilənlərə əsasən və MPM-in 32 və 403-1.8-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Masallı Rayon Məhkəməsinin e-2(050)-614/2024 nömrəli iş üzrə 12 yanvar 2024-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.