Məhkəmə qərarları › İş №e-2(102)-1570/2025

Ali Məhkəmə Qərar — İş №e-2(102)-1570/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-1570/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri Notariat kontoruna və Cavabdeh1nə qarşı “müqavilə öhdəliyinə xitam verilmiş və icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(102)-1570/2025 Açar sözlər: məhkəmə aidiyyəti, işin ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışı q tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2(005)1938/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri Notariat kontoruna və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh İddiaçı arasında 10 sentyabr 2022-ci il tarixli xalça və avtoyuma avadanlığına dair icarə müqaviləsi üzrə müqavilə öhdəliyinə xitam verilmiş və Bakı şəhəri 09 saylı notariat ofisinin 26 dekabr 2024-cü il tarixli, 8İ-15751 saylı icra qeydinin (iddiaçıdan 16525 manatın tutularaq tələbkar Cavabdeh3 xeyrinə ödənilməsi) icra edi lməməli hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e2(005)-1938/2025 nömrəli qərardadı ilə (hakim S.Ədilova) iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və 140 manat məbləğində dövlət rüsumu geri qaytarılmış və iddiaçıya izah edilmişdir ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər.

3. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1, 26.1, 31.1, 114.1, 114.1.3, 151.1, 152.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərinə istinad edərək göstərmişdir ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş çıxarışdan görünür ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh3 (VÖEN: **********) fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Beləliklə məhkəmədə müəyyən edilir ki, hazırkı mübahisənin həm subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Kommersiya məhkəmələri başlıca olaraq müxtəlif hüquqi şəxslər, o cümlədən fərdi sahibkarlıq arasında yaranan mübahisələri araşdırır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, İddiaçı və Cavabdeh3 fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər olduğundan, onl ar arasındakı hüquqi münasibətlər icarə müqaviləsindən irəli gəldiyindən tərəflər arasında olan mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Şikayətin dəlilləri:

4. İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

5. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 31, 151.1, 152.1.3-cü maddələrinin tələbləri pozulmuşdur.

6. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keç irilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəali yyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qərarın mənasından göründüyü kimi tərəfinin sahibkarlıq subyekti olması kommersiya məhkəməsinə aidiyyəti olması əsas şərt deyil, əsas şərt mübahisənin predmetini təşkil edən tələbdir. Mövcud iddia tələbi “notariat hərəkətlərinin qanunsuz hesab edilməsi, müqavilə öhdəliyinə xitam verilmiş v ə icra sənədinin icra edilməməli hesab olunması tələbi”nə dair olduğundan, mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı deyil. Belə ki, mübahisə Cavabdeh3 ilə İddiaçı arasında 10 sentyabr 2022-ci il tarixli xalça və avtoyuma avadanlığına dair icarə müqaviləsi üzrə müqavilə öhdəliyinə xitam verilmiş, Bakı şəhəri 09 saylı notariat ofisinin 26 dekabr 2024-cü il tarixli, 8İ-15751 saylı icra qeydinin (İddiaçı 16525 manat tutularaq tələbkar Cavabdeh3 xeyrinə ödənilməsi) icra edilməməli hesab olunmasından ibarətdir. Burada mübahisənin predmeti icarə müqaviləsi və ya ondan irəli gələn öhdəliklər deyil. O baxımdan ki, birincisi “icarə müqaviləsi” qüvvədə deyil (müqavilənin müddəti bitmişdir), ikincisi “icarə müqaviləsi” üzrə öhdəliklər bitmişdir (İddiaçı (icarəçi) Cavabdeh3 (icarəyə verənə) ümumilikdə 6000 manatdan artıq pul vəsaiti ödəmişdir). Ali Məhkəmənin Plenumunun həmin Qərarının 14cü bəndində qeyd edilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq f əaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Buradan da göründüyü kimi, iddiaçının fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq, mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmədiyindən, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır.

7. Birinci instansiya məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, b u Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiy yətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual M əcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mü bahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilə rkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

11. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.

12. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

13. İddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi iddiaçının və cavabdehlərdən Cavabdeh3 fərdi sahibkar statusuna malik olmalarını və mübahisənin onların sahibkarlıq fəaliyyətindən (icarə münasibətlərindən) irəli gəlməsini əsas gətirərək hesab etmişdir ki, iş kommersiya məhkəməsinə aiddir.

14. Lakin, məhkəmə nəzərə almamışdır ki, hazırkı mübahisənin predmetini icarə müqaviləsi üzrə öhdəliklərin icrası (icra olunmaması) deyil, notariat orqanının verdiyi icra qeydinin mübahisələndirilməsi təşkil edir. 15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiy yəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldə izah olunmuşdur ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq, xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmələr baxır.

16. Hazırkı tələb notariat orqanının icra qeydinin verilməsi ilə bağlı mübahisə olduğundan, Qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

17. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2(005)1938/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri Notariat kontoruna və Cavabdeh1nə qarşı “müqavilə öhdəliyinə xitam verilmiş və icra sənədinin icra edilməməli hesab olunması” tələbinə dair iddia ərizəsi baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar