Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4144/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlak və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(102)-4144/2024 Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlak və maddi zərərin ödənilməsi” tələbinə dair i ş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, e-2(004)1927/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 avqust 2017-ci il tarixli,47-Q-Y nömrəli müqaviləyə əsasən 130 kv.m qeyri-yaşayış sahəsini təmirli qaydada İddiaçı verilməsi öhdəliyinin Cavabdeh MTK-nın (VÖEN **********) üzərinə qoyulması; maddi zərər olaraq 135000 manat, hüquqi yardıma görə ödənilmiş 500 manat, dövlət rüsumuna görə ödənilmiş 426 manat pulun cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, e-2(004)1927/2024 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
3. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 30, 32.4-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarına istinad edərək göstərmişdir ki, tərəflər arasında 15 avqust 2017-ci il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan 250 kv.m qeyri-yaşayış sahəsini MTK-ya verməyi, bunun əvəzində MTK 24 ay müddətində 130 kv.m qeyri-yaşayış sahəsini təmirli qaydada iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, habelə öhdəliyin vaxtında yerinə yetirilməməsi nəticəsində dəymiş maddi zərərin tutulmasını tələb edir. Dəymiş zərər qeyriyaşayış sahəsinin icarə obyekti qismində icarəyə verilməməsi nəticəsində əldən çıxmış faydadır. Göründüyü kimi, hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, məhkəmə tərəfindən işin obyektiv və məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şikayətin dəlilləri:
4. İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, tərəflər arasındakı müqavilə üzrə ödəniş həyata keçirilməmiş, alqı-satqı olmamışdır. Hazırkı tələb mülkiyyət hüququ ilə əlaqədar olduğu üçün ümumi məhkəmədə baxılmalıdır. Müqavilə üzrə tərəflər arasında hər hansı bir sahibkarlıq fəaliyyəti olmamışdır
6. Birinci instansiya məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin tə qdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:
11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçi rilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyə ti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deli ktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
10. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
12. Hazırkı işin mübahisəsiz hallarına görə, iddiaçı verg i ödəyicisi kimi dövlət qeydiyyatına alınmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, cavabdeh isə hüquqi şəxsdir.
13. Həmçinin müəyyən olunur ki, hazırkı iddia müqavilə münasibətlərindən yaranmaqla, müqavilənin predmetini qeyri-yaşayış sahəsi təşkil edir.
14. İddiaçının hazırda mübahisələndirdiyi hal, mübahisənin əsasında olan müqavilənin alqı-satqı müqaviləsi olmaması, qəzalı vəziyyətdə olmuş iddiaçının mülkiyyətindəki sahənin sökülməsi ilə bağlanmış müqavilə olmaqla, iddiaçı tərəfindən cavabdehə pul ödəməməsidir.
15. Məhkəmə kollegiyası iddiaçının şikayətinin bu dəlili ilə razılaşmayaraq izah edir ki, işlərin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən olunması üçün hazırkı müqavilənin mahiyyəti əhəmiyyət kəsb etmir. Belə ki, müqavilə hər bir halda əvəzli olmuş (iddiaçı mü lkiyyətində olan sahəni cavabdehin sərəncamına vermiş, sonuncu isə yeni tikilən binada müəyyən qeyri-yaşayış sahəni iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür), hər iki tərəf sahibkarlıq subyektləridirlər və mübahisənin obyekti olan sahə qeyri-yaşayış sahəsi olmaqla, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə olunmalıdır.
16. Beləliklə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11 və 12-ci bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətin in həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
17. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması istisna olunur.
18. Yuxarıda göstəril ənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
19. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1927/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.