Məhkəmə qərarları › İş №e-2(103)-1942/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-1942/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-1942/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə öhdəliklərin icrası və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə ərazi aidiyyatının müəyyən edilməsi barədə məhkəmələr arası fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, müqavilə üzrə öhdəliklərin icrası və binanın tikintisi başa çatdırıb müqavilədə qeyd olunan mənzillərdən birini (232№-li) ona təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, müqavilə üzrə öhdəliklərin icrası və binanın tikintisi başa çatdırıb müqavilədə qeyd olunan mənzillərdən birini (232№-li) ona təhvil verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə vəsatət təqdim edərək, mülki işin məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-4666/2023 saylı qərardadına əsasən məhkəmə araşdırması zamanı, iş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatlarından göründüyü kimi Cavabdeh hüquqi ünvanının ünvan 1 aidiyyət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması qənaətinə gəlinərək 2(006)-4666/2023 saylı mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi hesab etmişdir ki, iddia tələbinin mahiyyəti “müqavilə üzrə öhdəliklərin icrası və binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan mənzillərdən birini – (232 nömrəli)-iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”dır. İddia tələbinin əsasında ilkin olaraq tərəflər arasında bağlanmış müqavilə münasibətlərinin olması təəssüratı yaranır. Lakin, mübahisənin özəyini məhz daşınmaz əmlakın təhvil verilməsi təşkil edir. Daşınmaz əmlakın təhvil verilməsi tələbi özlüyündə mülkiyyət hüquqlarının müdafiəsi, mülkiyyətçinin iddia olunan əmlak üzərində hüquqi hakimiyyətinin bərpasını, təmin olunmasını özündə ehtiva edir. münasibətlərin yaranması əsasından (müqavilə, öhdəlik və s.) öncə mübahisənin mahiyyəti önə çəkilməli, məsələyə formal yanaşılmamalıdır. Deməli, mübahisənin məhz daşınmaz əmlak və mülkiyyət hüquqları ilə bağlı olmaqla MPM-in 39.1-ci maddəsinin yurisdiksiyasına daxil olması ehtimalı yüksəkdir. Məhkəmə qeyd edir ki, MPM-in 35-ci maddəsinə nisbətdə MPMin 39-cu maddəsi xüsusi norma qismində çıxış edir. Yəni, 35-cü maddə ümumi tənzimləməni həyata keçirir, 39-cu maddə isə ümumi tənzimləmənin daxilində xüsusi tənzimləməni nəzərdə tutur. Daşınmaz əmlakla bağlı xüsusi tənzimləmənin nəzərdə tutulmasının praktiki önəmi məhz daşınmaz əmlakın yerləşdiyi yerə birbaşa bağlı olması, yerləşdiyi torpaqla vəhdət şəklində çıxış etməsidir. Bunun xüsusi önəmi adətən əşyaya yerli baxışın keçirilməsi halında ortaya çıxır. Qeyd edilənlərə əsasən məhkəmə sonradan mulki işin MPM-nin 45.4-ci maddələrinə istinad edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Bu səbəbdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-806/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə baxılmasının aidiyyətinin müəyyən edilməsi üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırki işdən göründüyü kimi, İddiaçı iddia tələbini üzrə ələbi dəqiqləşdirməklə iddiasının Cavabdeh MTK-ya yönəldiyini, müqavilə üzrə öhdəliklərin icrası və binanın tikintisi başa çatdırıb müqavilədə qeyd olunan mənzillərdən birini (232№-li) ona təhvil verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə vəzifə qoyulmasını tələb etmişdir. Belə olan halda kollegiya hesab edir ki, hazırki iddia tələbinə cavab verməli olan şəxs Cavabdeh MTK müəyyən edildiyindən hazırki iddia tələbi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. İlk öncə qeyd edilməlidir ki, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi prosessual qanunvericiliyin müstəsna aidiyyəti müəyyən edən normasının təsirinə də düşmür. Belə ki, qanunverici ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də müstəsna aidiyyət qaydasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd edilən müəddəaların tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, yalnız Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4cü maddələrinə istinadən irəli sürülən tələblər müstəsna aidiyyət qaydasına tabedir – hansı ki, həmin maddi hüquq normalarında mülkiyyət hüququnun müdafıəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. İddia tələblərindən və onun əsaslandırıldığı hallardan görünür ki, hazırki iddia tələbinin predmeti dolayısı ilə daşınmaz əmlakla bağlı olsa da, tələb iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməsi ilə əlaqədardır. Başqa sözlə, iddia tələbləri mülkiyyət hüququnun subyektiv hüquq kimi müdafiəsinə deyil, MTK-nın iddiaçı qarşısında götürdüyü öhdəliklərin icrasının təmin edilməsinə istiqamətlənib. Belə olan halda kollegiya hesab edir ki, hazırda tələbə münasibətdə prossesual qanunvericiliyin müstəsna aidiyyat qaydaları tətbiq edilə bilməz və iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə öhdəliklərin icrası və mənzilin təhvil verilməsi” qarşı iddia tələbi üzrə mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar