Məhkəmə qərarları › İş №e-2(103)-2067/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-2067/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-2067/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehə qarşı iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Qazax Rayon Məhkəməsinə müraciət edərək, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 275,50 manat məbləğində borcun (abonent kodu: **********480) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manatın cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki mülki işin ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Qazax Rayon Məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddiaçının qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdiyindən, hazırki mülki işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə aidiyyət barədə Qazax Rayon Məhkəməsinin fikri ilə razılaşmamış və məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığına qiymət verilməsi məqsədilə işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Yasamal Rayon Məhkəməsi hesab edir ki, iddia ərizəsi istehlakçı tərəfindən qaldırılmadığı üçün hazırki işə MPM-in 35-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üzrə Qazax Rayon Məhkəməsində baxılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddia ərizəsi, onun məzmunundan göründüyü kimi, istehlakçının hüququnun müdafiəsi haqqında iddialara aid deyil. İddia tələbi istehlakçı olan cavabdehdən ödənilməmiş borcun tutulması ilə bağlıdır. İddia tələbi istehlakçı tərəfindən irəli sürülməmiş, əksinə istehlakçıya qarşı irəli sürülmüşdür. Belə olan halda, mülki işə cavabdehin rəsmi qeydə alındığı Qazax şəhəri (dəqiq ünvan işdə var) üzrə Qazax Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırki mülki iş aidiyyəti və mahiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş mahiyyəti və ərazi aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar