Məhkəmə qərarları › İş №e-2(103)-2726/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-2726/2023

03.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-2726/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması» tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 183 nömrəli evin 29 nömrəli mənzilinin naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehdən onun xeyrinə 400.000 manat məbləğində pulun kompensasiya kimi tutulması, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdehlə onun arasında ½ nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1933/2020 saylı qətnaməsinə əsasən birgə nikah dövründə əldə edilmiş "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 14 mərtəbəli bir bloklu yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 192 kv.m olan 3 otaqlı 29 saylı mənzilin üzərində ½ hissədə onun, ½ hissədə isə cavabdehin payı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixdə mənzilin ½ hissəsinə dair adına çıxarış verilmişdir. Lakin cavabdeh onu mənzilə buraxmır, nəticədə o, mənzilinə dair mülkiyyət hüquqlarımı həyata keçirə bilmir.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 3983/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və iddiaçıya aidiyyəti üzrə cavabdehin qeydiyyat ünvanı üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.

4. Daha sonra Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iddia ərizəsi icraata qəbul edilmişdir.

5. İş üzrə müxtəlif tarixlərdə məhkəmə iclasları keçirildikdən və ekspert rəyi alındıqdan sonra Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-181/2023 saylı qərardadı ilə iddiaçı tərəfin vəsatəti təmin edilmiş və mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, iş materialları ilə cavabdehin Bakı şəhəri Səbail rayonu ərazisində qeydiyyatda olduğu müəyyən edildiyindən, habelə hazırki iddia tələbi məhz ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddia tələblərinə aid edildiyindən, hazırki tələbə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə fəaliyyət göstərən birinci instansiya məhkəməsində baxılmalıdır.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi özünün xx.xx.2023-cü il tarixli, e- 2(009)-758/2023 saylı qərardadı ilə ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

Tətbiq edilən hüquq normaları

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

10. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqındadır.

11. İddiaçı iddia edir ki, cavabdeh onu tərəflər arasında bərabər paylara bölünmüş mənzilə buraxmır, nəticədə o, mənzilinə dair mülkiyyət hüquqlarımı həyata keçirə bilmir və buna görə də payının naturada ayrılmasını xahiş edir.

12. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi ilkin olaraq iddia ərizəsini geri qaytarsa da, daha sonra iddia ərizəsinə həmin məhkəmədə baxılmalı olduğu qənaətinə gələrək öz qərardadını ləğv etmiş və iddia ərizəsini icraata qəbul etmiş, bir neçə məhkəmə iclasları keçirmiş, habelə ekspertiza təyin edərək ekspert rəyi almışdır.

13. Bundan sonra mülki işin başqa məhkəməyə göndərilməsi məhkəmə prosesinin uzadılması ilə nəticələnəcəkdir ki, bu da öz növbəsində prosessual qənaət prinsipinə zidd olacaqdır.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərar aldı:

İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması» tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar