Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-3109/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işin ərazi aidiyyəti məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası cəlb edilmiş, məhkəmə iclaslarının gedişində iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim etmiş, ərizə təmin edilmiş, cavabdeh qismində Bakı şəhəri üzrə Təhsil İdarəsi cəlb edilmişdir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-1484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2935/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
7. Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.
8. MPM-in 36.11-ci maddəsində təsbit olunmuşdur ki, icra yeri göstərilən müqavilələrdən əməl gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.
9. MPM-in 44.1-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
10. MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
11. Mülki işdə olan iddiaçının ərizəsindən bəlli olur ki, onun iddia tələbi “işə bərpa və sair” tələbdən ibarətdir və cavabdeh kimi Bakı şəhəri 17 nömrəli körpələr evi qoyulmuş, daha sonra məhkəmə iclaslarının gedişində iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim etmiş, ərizə təmin edilmiş, cavabdeh qismində Bakı şəhəri üzrə Təhsil İdarəsi cəlb edilmişdir. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin hüquqi ünvanı ünvan 2n Məhkəməsi tərəfindən müvafiq qərardadla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
12. Nəsimi Rayon Məhkəməsi 2(006)-2935/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında qeyd etmişdir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmə iddia ərizəsini öz icraatına qəbul etmişdirsə, iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Yasamal Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən öz təşəbbüsü ilə cavabdeh qismində iddia ərizəsində qeyd edilən uşaq bağçasını deyil, Bakı şəhəri üzrə Təhsil İdarəsini qeyd etsə də məhkəmənin sonrakı prosessual hərəkətlərindən görünür ki, cavabdeh qismində iddia ərizəsində qeyd edilən cavabdeh cəlb edilmişdir. Yəni, məhkəmə iddia ərizəsini icraata qəbul edərkən sırf ərazi aidiyyəti qaydalarının pozulması ilə qəbul etməmiş, sadəcə cavabdeh qismində düzgün cavabdehi qeyd etməyərək səhvə yol vermişdir. Daha sonra isə məhkəmə baxış iclasında iddiaçının cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə ərizəsinə əsasən cavabdeh kimi Bakı şəhəri üzrə Təhsil İdarəsini cəlb etmişdir. Belə olan halda aydın olur ki, əvvəlcədən cavabdeh kimi uşaq bağçası müəyyən edilmiş və iddia ərizəsi aidiyyət qaydaları pozulmadan icraata qəbul edilmişdir. Sonradan cavabdehin əsl cavabdeh ilə əvəz olunması isə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə heç bir halda əsas ola bilməz.
13. Hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından, mülki işin ərazi aidiyyatının müəyyən edilməsi üçün İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
14. Yuxarıda da qeyd edildiyi kimi, MPM-in 35.1-ci madəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, həmin norma ərazi aidiyyətini ümumi olaraq cavabdehin rəsmi qeydə alındığı yerlə müəyyən etmiş, eyni zamanda qanunla başqa halın nəzərdə tutulmasını da mümkün hesab etmişdir. MPM-in 36-cı maddəsi də məhz iddiaçının seçiminə görə aidiyyəti müəyyən edir. Məcəllənin 36.11-ci maddəsi müqavilədən əmələ gələn iddiaların iddiaçının seçiminə əsasən müqavilənin icra yerinə görə vermək imkanını nəzərdə tutur.
15. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı müqavilə üzrə öhdəliklərini Yasamal rayon 17 saylı xüsusi təyinatlı körpələr evi və uşaq bağçasında yerinə yetirir, başqa sözlə desək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin icra yeri həmin uşaq bağçasıdır ki, onun da Yasamal rayonunun inzibati ərazisində yerləşməsi mübahisəsizdir.
16. Belə olan halda müəyyən olunur ki, İddiaçı hazırkı halda cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbi ilə ərazi aidiyyəti baxımından Yasamal Rayon Məhkəməsinə müraciət etməsi aidiyyət qaydalarına uyğun olmuşdur. Demək ki, hazırkı mülki iş iddiaçının seçiminə əsaslanan aidiyyət qaydalarına uyğun olaraq Yasamal Rayon Məhkəməsində baxılmalı olduğundan, baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
18. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
19. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
20. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.