Məhkəmə qərarları › İş №e-2(103)-3163/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-3163/2025

02.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-3163/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxaraq müəyyən etdi: Nəsimi RM ilə Yasamal RM-nin arasında ərazi aidiyyətinə dair fikir ayrılığı yaranıb. Belə ki, iddia ərizəsi Yasamal RM-nə verilib, ərizə icraata qəbul olunub, daha sonra baxılması üçün Nəsimi RM-nə göndərilib. Həmin məhkəmə bununla razılaşmayıb və aidiyyətlə bağlı fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə fikir ayrılığının həlli barədə aşağıdakıları qeyd edir. Birinci, AR Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Müəyyən olunur ki, iş aidiyyət qaydalarına əməl edilməklə Yasamal RM-nin icraatına qəbul edilib. Belə ki, iddia ərizəsində cavabdeh kimi Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı nitq qüsurlu körpələr evi-uşaq bağçası göstərilib və iddia ərizəsi cavabdehin ünvanı üzrə Yasamal RM-nə verilib. Bundan sonra Yasamal RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, əsl olmayan cavabdeh, yəni həmin körpələr evi-uşaq bağçası əsl cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əvəz edilsin və iş əsl cavabdehin ünvanı üzrə Nəsimi RM-nə göndərilsin. Əsl cavabdehin işə cəlb edilməsindən sonra işin əsl cavabdehin ünvanı üzrə məhkəməyə göndərilməsi 44.1-ci maddənin tələbinə ziddir. İkinci, AR Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə görə, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Hazırkı iddia əmək müqaviləsindən əmələ gəlib. Əmək müqaviləsinin icra yeri iş yeridir. “İş yeri” anlayışı AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-ci hissəsinində belə müəyyən edilib: “İş yeri - işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir”. Hər bir əmək müqaviləsində işçinin iş yeri mütləq göstərilməlidir, çünki bu, qanunun tələbidir, Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin “c” bəndində qeyd olunub ki, əmək müqaviləsində işçinin iş yerinin ünvanı göstərilməlidir. İddiaçının əmək müqaviləsindən görünür ki, onun iş yeri Yasamal rayonunda yerləşir. Ona görə də iddiaçı öz iş yeri üzrə məhkəməyə müraciət edə bilər. Beləliklə, işə Yasamal RM-də baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar