Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-6735/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – İddiaçı İB) Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4027/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata götürülmüş, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(012)-4027/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
3. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı iddia ərizəsində Cavabdeh faktiki yaşayış yeri kimi ünvan 1i ünvanını göstərərək iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəs. D Y/S, 12, 23 ünvanında qeydiyyatdadır.
5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi özünün xx.xx.2025-ci il tarixli, e- 2(010)-6020/2025 nömrəli qərardadı ilə (hakim S.M.Miriyeva) mülki işin ərazi aidiyyətinin müəyyən edilməsinə dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, İddiaçı İB (Paylayıcı) və Cavabdeh (İstehlakçı) arasında xx.xx.2021-ci il tarixli, AKX-02800xx/xx-2021 nömrəli qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə məxsus ünvan 1i ünvanında yerləşən (abonent kodu: **********02355) fərdi yaşayış evini təbii qazla təchiz etməyi, bu məqsədlə qaz xətti üzərində istehlak edilən təbii qazın sərfiyyat göstəricilərini qeydə alan qaz sayğacı quraşdırmaqla, ünvana abonent kodu verməyi, cavabdeh isə istehlak edilən təbii qazın dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Qazın alğı-satqısı barədə müqavilənin icra yerinin ünvan 1i olması həm tərəflər arasında bağlanmış müqavilə, həm cavabdehə göndərilmiş mübahisənin məhkəməyədək nizama salınması barədə bildiriş (pretenziya məktubu), həm də abonentin saldosundan müəyyən olunur. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, cavabdehin rəsmi qeydə alındığı ünvanın Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşməsi iddiaçını subyektiv seçimə görə ərazi aidiyyətini müəyyənləşdirmək hüququndan məhrum edə bilməz. Belə olan halda, tərəflər arasında yaranmış mübahisəyə baxılması üzrə birinci instansiya məhkəməsi qismində səlahiyyətli məhkəmə Abşeron Rayon Məhkəməsi olsa da, müvafiq məhkəmə tərəfindən aidiyyət qaydalarının pozulmasına yol verilmiş, mülki iş əsassız olaraq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, mülki işin ərazi aidiyyətinin məhz apellyasiya qaydasında müəyyənləşdirilməsinə zərurət yaranmışdır.
Tətbiq edilən hüquq normaları:
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. İşdən görünür ki, iddiaçı cavabdehdən müqaviləyə və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tələb edir.
9. Mülki-prosessual qanunvericiliyə görə, iddiaçı icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddiasını müqavilənin icra yerinə görə də verə bilər.
10. İşdə olan tərəflər arasında bağlanmış müqavilə və digər sənədlərdən müəyyən edilir ki, müqavilənin icra yeri ünvan 1idir.
11. İddiaçı prosessual hüququndan istifadə edərək Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
12. Kollegiya həmçinin qeyd edir ki, mübahisə ilə bağlı gələcəkdə mülki iş üzrə ekspertiza, yerində müayinə kimi prosessual tədbirlərin həyata keçirilməsi zərurəti yaranacağı təqdirdə işin Abşeron Rayon Məhkəməsində baxılması məqsədəuyğundur.
13. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işə Abşeron Rayon Məhkəməsində baxılmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərar aldı:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: