Məhkəmə qərarları › İş №e-2(103)-6939/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-6939/2025

22.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-6939/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Zaqatala X2 İdarəsi və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi barədə Xətai Rayon Məhkəməsinin müraciətinə baxaraq müəyyən etdi: İddia ərizəsi Zaqatala RM-nə verilib, həmin məhkəmə ərizəni icraata qəbul edib, daha sonra isə baxılması üçün Xətai RM-nə göndərilib. Xətai RM bununla razılaşmayıb və aidiyyətlə bağlı fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Zaqatala RM-nin mövqeyi belədir ki, ərazi aidiyyətinə görə hazırkı işə Xətai RM-də baxılmalıdır, çünki cavabdeh Zaqatala X2 İdarəsi hüquqi şəxs deyil, hüquqi şəxs olan digər Cavabdeh2 İB-nin ünvanı isə Xətai rayonunun ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Xətai RM-nin mövqeyi belədir ki, ərazi aidiyyətinə görə hazırkı işə Zaqatala RM-də baxılmalıdır, çünki iddia ərizəsi verilərkən cavabdeh kimi yalnız Zaqatala X2 İdarəsi göstərilib, iş üzrə icraat zamanı Cavabdeh2 İB əlavə cavabdeh kimi işə cəlb edilib, bndan sonra iş baxılması üçün Cavabdeh2 İB-nin ünvanının olduğu yerin məhkəməsinə – Xətai RM-nə göndərilib. Cavabdeh2 İB cavabdeh kimi cəlb edilsə də, Zaqatala X2 İdarəsi cavabdehlərin sırasından çıxarılmayıb, iki cavabdehdən birinin – Zaqatala X2 İdarəsinin ünvanı Zaqatala rayonunun ərazisində olduğuna görə iddia ərizəsi Zaqatala RM-nin icraatına düzgün qəbul edilib. MPM-in 31.2-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə fikir ayrılığının həlli barədə aşağıdakıları qeyd edir. Ərazi aidiyyəti qaydalarına görə işə Xətai RM-də baxılmalıdır. Belə ki, MPM-in 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Odur ki, hər hansı qurumun cavabdeh sayılması üçün iki əlamət birlikdə mövcud olmalıdır: 1) həmin quruma qarşı iddia tələbi yönəlməlidir; 2) həmin qurum hüquqi şəxs statusuna malik olmalıdır. Zaqatala X2 İdarəsinə qarşı iddia tələbi yönəlsə də, o, hüquqi şəxs statusuna malik olmadığına görə cavabdeh sayılmır. Zaqatala X2 İdarəsinin Əsasnaməsinin 1.2-ci bəndinə görə, İdarə Cavabdeh2 İB-nin stuktur vahididir. Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına görə, Mülki Məcəllənin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də MPM-in 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Odur ki, iddia ərizəsində həmin İdarənin adının qarşısında “cavabdeh” sözünün yazılması onun cavabdeh sayılması üçün əsas hesab edilmir. Xətai RM-nin istinad etdiyi hala – Zaqatala X2 İdarəsinin cavabdehlərin sırasından çıxarılmaması barədə məsələyə münasibətdə məhkəmə qeyd edir: Birinci, cavabdeh hesab olunmayan qurumun cavabdehlərin sırasından çıxarılması mümkün deyil. İkinci, mülki prosesdə “cavabdehlərin sırasından çıxarma” anlayışı yoxdur. Əgər yuxarıda göstərilən iki əlamət mövcuddursa, qurum cavabdeh hesab olunur, əgər iki əlamətdən ən əzı biri mövcud deyilsə, qurum cavabdeh hesab olunmur. Odur ki, bu qərardadan sonra iş üzrə tərtib ediləcək prosessual sənədlərdə Zaqatala X2 İdarəsinin adı cavabdeh kimi qeyd olunmamalıdır. Beləliklə, Zaqatala RM iddia ərizəsini icraata qəbul edərkən aidiyyət qaydasını pozub. MPM-in 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Cavabdeh hüquqi şəxsin - Cavabdeh2 İB-nin ünvanı Xatai rayonunun ərazisindədir, o cümlədən əmək müqaviləsinə görə işçinin (iddiaçının) iş yeri Zaqatala rayonunda deyil, Qax rayonunda yerləşir. Belə ki, o, Zaqatala X2 İdarəsinin Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 8-ci dərəcəli mühəndis işləyib. MPM-in 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Ona görə də Zaqatala RM düzgün olaraq işi baxılması üçün Xətai RM-nə göndərib. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 45.4-cü maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı mülki iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar