Məhkəmə qərarları › İş №e-2(105)-1741/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(105)-1741/2024

05.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(105)-1741/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması və s. tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığına dair məsələyə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli, xx.xx.2011- ci il tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışla üzərində iddiaçının icarə hüquqları qeydiyyat alınmış, Bakı şəhəri Xəzər rayonu inzibati ərazisində yerləşən (Abşeron rayonu, X4 ərazisi ünvanında) 1.00 hektar torpaq sahəsində cavabdehlərin (cavabdehlərin qeyriqanuni sahibliyində olan torpaq sahələri barədə məlumat aşağıda qeyd olunur) hər biri tərəfindən inşa edilmiş tikililərin onların vəsaiti hesabına sökülməsi və yerləşdiyi torpaq sahəsini təyinatına uyğun vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi vəzifəsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-1412/2024 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Mülki işin materiallarından görünüdüyü kimi iddiaçının iddia etdiyi X4 ərazisində ona məxsus 1.00 ha torpaq sahəsi Abşeron rayonu X4 ərazisində yerləşir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5652/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli qərardadı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı tələb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 4 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli, xx.xx.2011-ci il tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışla üzərində iddiaçının icarə hüquqları qeydiyyat alınmış, Bakı şəhəri Xəzər rayonu inzibati ərazisində yerləşən (Abşeron rayonu, X4 ərazisi ünvanında) 1.00 hektar torpaq sahəsində cavabdehlərin hər biri tərəfindən inşa edilmiş tikililərin onların vəsaiti hesabına sökülməsi və yerləşdiyi torpaq sahəsini təyinatına uyğun vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi vəzifəsinin həvalə edilməsi barədədir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, hazırki mübahisəyə mübahisəli torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Abşeron Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.2 (iddiaçının seçməsinə görə aidiyyət) rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Maddə 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Maddə 40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 44.2. və 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını bir-birilə əlaqəli şəkildə təhlil edərək belə hesab edir ki, hazırkı mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir ki, hazırki iddia tələbi həmin maddənin təsiri dairəsinə düşür. İddiaçı iddia ərizəsində əvvəlki məhkəmə mübahisəsi zamanı torpaq sahəsinin Suraxanı rayonunun inzibati ərazisində yerləşdiyini bildirdiyini, lakin torpağın yerləşdiyi yerə yenidən baxış keçirilərkən Google maps proqram tətbiqinə əsasən torpaq sahəsinin koordinatlarının Xəzər rayonunun ərazisinə düşdüyünün müəyyən olunduğunu göstərmiş və məhz bu səbəbdən də müstəsna aidiyyət qaydalarına istinad etməklə iddia ərizəsini xx.xx.2024-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim etmişdir. İş materiallarından görünür ki, iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3857 saylı məktubu ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Daha sonra isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi öz qərardadında iddiaçının iddia etdiyi torpaq sahəsinin Abşeron rayonu, X4 ərazisində yerləşdiyini göstərməklə işin Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərarına gəlsə də, bununla bağlı hər hansı sübuta istinad etməmişdir. Bununla belə işin 157-ci səhifəsində olan DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı məktubda vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşdiyi göstərilmişdir. Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda isə iddiaçının icarəsində olan 1.0 ha torpaq sahəsinin inzibati cəhətdən Bakı şəhəri Suraxanı rayonunun inzibati ərazisində yerləşdiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm mülki, həm də inzibati mübahisələrə dair işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən müvafiq reyestr xidmətləri bəzi hallarda Bakı şəhərinin ərazisində yerləşən torpaq sahələrinin Abşeron rayonunun inzibati ərazisində yerləşməsi ilə bağlı məktublar versə də, Abşeron rayonu keçmiş X3 aid torpaq sahələri Maraqlı şəxs idarəçiliyində olmaqla, faktiki olaraq Bakı şəhəri inzibati ərazisində yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olan torpaqlarda yerləşsə belə, inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün mübahisəyə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. İddiaçının iddia ərizəsində göstərdiyi hallardan, habelə Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan irəli gələn hallara əsasən torpaq sahəsinin Bakı şəhərinin Xəzər Rayonunun deyil, Suraxanı rayonunun inzibati ərazisində yerləşməsi halı müəyyən edildiyi halda isə mübahisənin ərazi aidiyyəti müvafiq apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39, 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması və s. tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar