Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(105)-1781/2025 18.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sahibliyinə verilməsi tələbinə dair mülki iş üzrə (ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə məhkəmə iclas katibi Rüstəmli Aytən Kamil qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sahibliyinə verilməsi tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Birinci instansiya məhkəmələrində icraat a) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sahibliyinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 icarə hüququ ilə ona məxsus olan Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən 0,02-ha torpaq sahəsini boşaldaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixli vəsatətlə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh qarşı 12 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh icarə hüququ ilə ona məxsus olan Abşeron rayonu, Ramana qəsəbəsi südçülük sovxozunda yerləşən 0,02- ha torpaq sahəsini boşaldaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində e- 2(008)-1716/2024 nömrə ilə hakim Həqiqət Mahmudovanın icraatında olmuş, onun həmin mülki iş üzrə 26 fevral 2024- cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertiza təyin olunmuş və iş rəyverilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Lakin bu günə kimi ekspertin rəyi alınmamışdır. Sonra həmin mülki iş e2(008)-148/2025 nömrə ilə icraata verilmişdir. 22 may 2025-ci il tarixli məktubu ilə həmin mülki iş üzrə qəbul edilmiş e- 2(008)-1716/2024 nömrəli 26 fevral 2024-il tarixli qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, mülki işin icraatı dayandırılmışdır. Lakin bu günə kimi iş üzrə müxtəlif bəhanələrlə ekspert rəyi verilməmişdir. Məhkəmə də qanuni tədbir görülməmişdir. O, 12 iyun 2015-ci tarixdə müvəqqəti təminat tədbiri barədə ərizə versə də, tərəfindən heç bir tədbir görülməmişdir. Hazırda ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin yerləşdiyi yer Abşeron rayonu ərazisində yerləşir, lakin həmin ərazidə olan hər hansı bir cinayət hadisəsi və başqa bir hadisəyə Sabunçu rayonun hüquq mühafizə orqanları tərəfindən baxılır. Onun tərəfindən Cavabdeh qarşı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılmışdır. O, məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman Azərbaycan Respublikası MPM-nin 39.1 -ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən iş icraata qəbul edildiyi üçün hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 44.1 -ci maddəsinə əsasən işə mahiyyəti üzrə Sabunçu Rayon Məhkəməsində həll ediləcəkdir. İcraatda olan e-(008)-148/2025 nömrəli mülki iş Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən ərazi aidiyyətinə görə, Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim N.Cəfərli) xx.xx.2025-ci il tarixli, 2(008)-148/2025 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin vermiş olduğu sorğusuna xx.xx.2025-ci il tarixində vermiş olduğu cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşdiyindən müraciətdə qeyd olunan məsələ ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə həmin məktubu nəzərə alaraq hesab edib ki, mübahisə olunan torpaq sahəsi və onun üzərindəki tikili Abşeron rayon inzibati sərhədləri daxilində olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir
5. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 31.1, 39.1, 44.2.2, 45.1, 45.2, 45.3, 45.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Abşeron Rayon Məhkəməsində icraat
6. Abşeron Rayon Məhkəməsinin (hakim M.Mirhəsənli) 28 noyabr 2025-ci il tarixli, 2(012)-6798/2025 nömrəli qərardadına əsasən mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin sorğuya cavab məktubundan görünür ki, iddiaçının boşaldılaraq təhvil verilməsini xahiş etdiyi tikilinin yerləşdiyi Ramana qəsəbəsi, Südçülük sovxozuna aid torpaq sahələri Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olmaqla Bakı şəhərinin (Sabunçu rayonu) inzibati ərazisində yerləşir. Beləliklə, göstərilən xüsusata əsasən məhkəmə hesab edib ki, mübahisəli torpaq sahəsi Abşeron rayonunun ərazisində yerləşmədiyindən, iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Hazırki mülki işə Abşeron Rayon Məhkəməsində deyil, iddiaçının boşaldılaraq təhvil verilməsini xahiş etdiyi torpaq sahəsinin yerləşdiyi inzibati ərazi üzrə - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilər. Beləliklə, məhkəmə hesab edib ki, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
8. Abşeron Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 45.4, 45.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Madddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Maddə 45.5. İşin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası iş materiallarını bir-birilə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sahibliyinə verilməsi” tələbinə dair mülki iş aidiyyət qaydalarına görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır.
12. Birincisi ona görə ki, araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilkin olaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
13. İş üzrə bir neçə dəfə məhkəmənin hazırlıq iclasları keçirilmiş, hətta mübahisənin mahiyyəti üzrə obyektiv həllinə nail olmaq məqsədi ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və bundan sonra da bir sıra prosessual hərəkətlər həyata keçirilmişdir.
14. Daha sonra yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə hazırkı işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir.
15. Sadalanan ardıcıllıqdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi prosessual qənaət prinsipinin tələblərini nəzərə almamış, ilkin olaraq prosessual əsaslar üzrə düzgün şəkildə icraata qəbul edilən iddia ərizəsi üzrə mülki işin uzun müddət məhkəmənin icraatında olması, müvafiq araşdırmanın həyata keçirilməsi və təxminən işin mahiyyəti üzrə baxılmasının yekunlaşması mərhələsi olmasını diqqətə almadan, işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti təmin etməklə yanlış nəticəyə gəlmişdir.
16. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin 02 dekabr 2025-ci il tarixli cavab məktubunda qeyd olunub ki, Abşeron rayonu keçmiş Ramana südçülük sovxozuna aid torpaq sahələri Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olmaqla Bakı şəhərinin (Sabunçu rayonu) inzibati ərazisində yerləşir.
17. Göründüyü kimi hazırkı iş üzrə mübahisəsi gedən torpaq sahəsinin yalnız idarəçiliyi Abşeron Rayonuna aid olsa da, Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində yerləşir. Bu səbəbdən iddia ərizəsi ilk dəfə düzgün olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilmişdir.
18. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri).
19. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur
20. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir.
21. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.
22. Beləliklə Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin icraatına qəbul etdiyi, uzun müddət məhkəmə icraatlarının davam etdiyi halda, sonradan işin aidiyyəti üzrə göndərilməsi, ədalət mühakiməsinin təyinat və məqsədlərinə cavab vermir, işə ağlabatan müddətdə baxılmasını təmin etmir, prosessual qənaət prinsipinin əhəmiyyətini azaldır, şəxsin pozulmuş hüququnun uzun müddət bərpa olunmaması ilə nəticələnir.
24. Bu baxımdan məhkəmə kollegiyası yuxarda göstərilənlərə istinad edərək baxılan iş üzrə işin aidiyyəti üzrə göndərilməsinə dair Sabunçu Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sahibliyinə verilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.