Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1058/2024 12.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6307,38 ABŞ dolları əsas borcun, 122,17 manat dövlət rüsumunun və 0,8 manat bank xidmət haqqının tutulması barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ikitərəfli ödəniş kartı verildiyini, hesablaşma aparılması üçün bank hesabları açılaraq, kredit limiti ayrıldığını, həmin müqavilə üzrə tərəflərin hüquq və vəzifələrinin müəyyən edildiyini, bankın “Gənclik” filalı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsas olmadan 5698,62 ABŞ dolları məbləği hesabdan çıxardığını, həmin məbləğə 610,8 ABŞ dolları faiz hesablandığını, hüquqi əsas olmadan çıxarılmış məbləğdən 1,32 ABŞ dolları silinmə aparıldığını, Cavabdeh banka cəmi 6307,38 ABŞ dolları borcu mövcud olduğunu, yaranmış borcla bağlı mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəfin səy göstərdiyini, lakin cavabdehin öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixdə telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığını, iddianı qəbul etdiyini, bank ilə razılıq əldə edəcəyini bildirmiş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan BPM**********05 nömrəli, xx.xx.2022-ci il tarixli TAM KART çərçivə müqaviləsindən görünür ki, Bank Müştəriyə bank hesabı açmağı, kredit limiti ayırmağı, Müştəri isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 1 ədəd plastik kart təhvil verilmişdir. İş materiallarında olan əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh 5698,62 ABŞ dolları əsas, 610,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6308,70 ABŞ dolları borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, məxaric orderi və.s) sübuta yetirmişdir. Cavabdeh iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehə telefonoqram göndərilən zaman iddianı qəbul etdiyini bildirmiş, lakin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddianın etirafına dair ərizəsini məhkəməyə təqdim etməmişdir. Həmin müqavilənin 7.2.17-ci bəndində göstərilir ki, texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində, 4.1.1.2-ci yarımbənddə qeyd olunan razılaşmada və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunan SMS-də göstərilən illik faiz dərəcəsi ilə hesablanmış faizləri və bankın tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini müştərindən tələb etmək hüququ vardır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia tələbinin qanuni əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı normalarını tətbiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 4775,5 manat alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş 122,17 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Qışlaqabbas kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 6307,38 (altı min üç yüz yeddi dollar otuz səkkiz sent) ABŞ dolları əsas borc qətnamənin icra olunduğu tarixə olan manat məzənnəsi ilə, ödənilmiş 122,17 (bir yüz iyirmi iki manat on yeddi qəpik) manat dövlət rüsumu və 0.8 manat (səksən qəpik) bank xidmət haqqının alınaraq "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-1058/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1058/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver