Məhkəmə qərarları › İş №e-2(110)-258/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-258/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-258/2022 15.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 63 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında 05.05.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin bağlandığını, qeyd olunmuş müqavilələr üzrə cavabdehin öhdəliklərini yerinə yetirmədiyini, iddiaçıya olan borcunu ödəməkdən imtina etdiyini bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edildiyini, 10.03.2021-ci il tarixli E-2(110)-223/2021 saylı Məhkəmə qətnaməsinin çıxdığını, nəticədə iddiaçı “X1 Azərbaycan” QSC-nin "xxxx" MMC ilə bağlanmış 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında “ müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etdiyini, “İnternational Legal Services" MMC-nin öz növbəsində cavabdeh barədə qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etdiyini, Cavabdeh 08.07.2021-ci il tarixində ödənilən 234.13 manat və 11.08.2021-ci il tarixində ödənilən 185.99 manat məbləğlərindəki, vəsaitin "xxxx" MMC-nin vasitəsi ilə təmin edildiyini və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 63 manat məbləğində xidmət haqqı ödənildiyini, yuxarıda qeyd edilən 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında“ müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə yönəldilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 63 manat məbləğində xidmət haqqı ödənildiyini, “X1 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanmış 05.05.2015-ci il tarixli 4.19 cu bəndində bu müqavilənin yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə bankın kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibinin bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsini qəbulunu təstiq edilməsinin qeyd edildiyini bildirərək, Cavabdeh 63 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Tərəflər arasında 05 may 2015-ci il tarixli bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq Müqavilə bağlanmış, həmin müqavilənin 4.27-ci bəndinə əsasən, Bank 5 il müddətinə 400 (dörd yüz) manat məbləğində “kart sahibinə” kredit kartı limitini (kredit xətti) açmış,“Kart sahibi” isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesanblanmış faizləri, komissiyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Banka” qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Lakin Borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün Bankın müraciəti əsasında Şərur Rayon Məhkəməsinin E-2(110)-223/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, məhkəmə qətnaməsi qanunvericiliyin tələbinə uyğun olaraq icraya yönəldilmişdir. Həmçinin "X1 Azərbaycan" QSC "xxxx" MMC ilə öz aralarında 01.03.2016-cı il tarixli "Hüquqi xidmət haqqında” Müqavilə bağlayaraq Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMCyə sifariş etmişdir. Həmin Müqavilənin 5.1.1-ci bəndinə əsasən, “Bank” müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s) yığılmasından (geri ödənişlərdən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik haqqı) (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Xidmət haqqına ƏDV/S.V. və məhkəmə işləri ilə bağlı dövlət rüsumları, poçt xərclərinin daxil deyil. Həmin Müqavilənin 5.1.2-ci bəndinə əsasən Büro qarşı tərəfdən (kredit/ borc alanlardan) borclar ilə əlaqədar məhkəmə/ icra işləri üzrə hüquqi xidmət ( vəkalət) haqqı (xərci) və digər bank borclarına əlavə olaraq Bankın bütün xərclərini, (Məsrəfləri) almalı və alınan məbləğlər (borclar) banka ödənilməlidir (QTS/YTS quraşdırıldıqdan sonra onun üzərindən avtomatik olaraq həyata keçiriləcək). İş materiallarına əlavə olunmuş 25 avqust 2021-ci il tarixli, 14 nömrəli aktdan görünür ki, "X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 01.03.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqavilənin 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən 2021-ci ilin iyul ayı üzrə "xxxx" MMC tərəfindən “World" kart krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 11349.03 AZN 15% xidmət haqqının 1702.35 AZN icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 25 avqust 2021-ci il tarixli, 14 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC tərəfindən 2021-ci ilin iyul ayı üzrə “World" kart krediti üzrə borclu müştərilərin Banka geri ödənişləri 11349.03 manat məbləğində “X1 Azərbaycan” QSC-yə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 23 sentyabr 2021-ci il tarixli, 16 nömrəli aktdan görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 01.03.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqavilənin 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən 2021-ci ilin avqust ayı üzrə "xxxx" MMC tərəfindən “World" kart krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 5378.84 AZN 15% xidmət haqqının 806.82 AZN icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 23 sentyabr 2021-ci il tarixli, 16 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC tərəfindən 2021-ci ilin avqust ayı üzrə “World" kart krediti üzrə borclu müştərilərin Banka geri ödənişləri 5378.84 manat məbləğində “X1 Azərbaycan” QSC-yə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmədə iddia qaldırılması ilə əlaqədar 14.03.2022-ci il tarixdə “X1 Azərbaycan” QSC tərəfindən ********* nömrəli qəbzlə dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş bildirişin surətindən görünür ki, Hacıyev Rauf Telman oğlunun banka olan borcunun ödənilməsi ilə bağlı 14 fevral 2022-ci il tarixli bildirişdən (pretenziya) görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 01.03.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqavilənin şərtlərinə uyğun olaraq onun tərəfindən 08.07.2021-ci il tarixində ödənilən 234.13 manat və 11.08.2021-ci il tarixində ödənilən 185.99 manat "xxxx" MMC tərəfindən təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 63 manat məbləğində xidmət haqqı ödənilmiş, qeyd edilənləri nəzərə alaraq 5 (beş) iş günü müddətində pretenziyada göstərilən cəmi 63 manat məbləği “X1 Azərbaycan” QSC-yə ödəməyi xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 01.03.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən 08.07.2021-ci il tarixində ödənilən 234.13 manat və 11.08.2021-ci il tarixində ödənilən 185.99 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMCyə 63 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Borc verən “X1 Azərbaycan" QSC ilə Borc alan Cavabdeh arasında 05 may 2015-ci il tarixli “Bank hesabı, debet katı, kredit kartı və zaminlik haqqında qarışıq Müqavilə” bağlanmış, Borc alan üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyindən Borc verən borcun tutulması ilə bağlı Şərur Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin E-2(110)-223/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, məhkəmə qətnaməsi qanunvericiliyin tələbinə uyğun olaraq icraya yönəldilmişdir. Sonradan "X1 Azərbaycan" QSC "xxxx" MMC ilə öz aralarında bağlıdaqları 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” Müqaviləyə müvafiq olaraq məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC də öz növbəsində cavabdeh barədə qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək 08.07.2021-ci il tarixdə 234.13 manat və 11.08.2021-ci il tarixdə isə 185.99 manat borcun Cavabdeh tərəfindən tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Buna görə də “X1 Azərbaycan” QSC Borc alanın ödədiyi 420.12 manat borcun 15 %-i məbləğində, yəni 63 manat məbləğində "xxxx" MMC-yə xidmət haqqı ödəmişdir ki, haliyədə də həmin məbləği Cavabdeh tələb edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehdən tələb edilən pul məbləği tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinə görə yaranan borc deyil, iddiaçı tərəfindən əlavə hüquqi xidmətə görə “Büro”ya ödədiyi xərcin cavabdehdən tələb edilməsidir. Cavabdehin müqavilə üzrə iddiaçıya ödəyəcəyi pul məbləğini müəyyən edən Şərur Rayon Məhkəməsinin E-2(110)-223/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən qanuna müvafiq olaraq da icraya yönəldilmiş, iş materiallarında olan sənədlərlədə müəyyən edilir ki, borc artıq tələbkara ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; - 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır; - 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir... - 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 6.1.5-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin müqavilələr azadlığı vardır; - 6.2-ci maddəsində əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhz yuxarıda qeyd edilən mülki qanunvericiliyin normalarının tələblərindən də görünür ki, iddiaçı “X1 Azərbaycan" QSC mülki hüquq münasibətinin subyekti olaraq müstəqil şəkildə "xxxx" MMC ilə hüquqi xidmət haqqında müqavilə bağlamış və bunun müqavilində də göstərilən xidmətə görə müəyyən haqq ödəmişdir. Lakin iddiçının ödədiyi həmin xidmət haqqının vurulmuş zərər olaraq qiymətləndirərək cavabdehdən tutulması qanunamüvafiq olmamamqla yanaşı, cavabdehin mənafeyinə uyğun olmadığından ağılabatan və əsaslı hesabedilə bilməz. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı 63.0 manat məbləğində maddi zərərin və 30.0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı 63.0 manat məbləğində maddi zərərin və 30.0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar