Məhkəmə qərarları › İş №e-2(110)-403/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-403/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-403/2022 22.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 914,82 manat məbləğində icra ödənişi, 653,42 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,68 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı pul məbləğinin dəyərinin 5000 manatdan az olduğu üçün işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. İş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin həmin icra sənədi üzrə borcludan tutulmalı olduğu halda yenidən məhkəmədə iddia qaldırılmasının səbəblərinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin həmin icra sənədinə xitam verilib verilməməsi, əgər icra sənədinə xitam verilməyibsə həmin xərclərinin icra işi üzrə borcludan tutulmasının mümkünlüyünü nəzərə alaraq məhkəmə hazırkı vəziyyətdə iş materiallarında olan sübutlar əsasında işə baxılmasını mümkün hesab etmir və əlavə araşdırmanın aparılmasını zəruri hesab etmişdir və bununla bağlı qərardad çıxararaq iddia icratına keçmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə hesab edir ki, mülki işin baxılması məhkəməyə aid olmadığından iş üzrə icraata xitam verilməlidir. Mülki işin araşdırılması zamanı məlum oldu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9964/2014 nömrəli qətnaməsi icraya yönəldilmiş və tutma predmeti olan “Kia Sportage” markalı 99- FN-720 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılmışdır. İcra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər borcludan tutulması üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İş üzrə icra sənədi üzrə icraata xitam verilib-verilməməsi ilə bağlı sənədin məhkəmə təqdim edilməsi iddiaçıya təklif olunmuş, lakin bununla bağlı iddiaçı heç bir sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hərrac keçirilən zaman çəkilmiş xərclərin tutulması icra məmurunun səlahiyyətinə aiddir və icra mərhələsində öz həllini tapmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslanırır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidmətinin icra məmurlarının xüsusi fonduna köçürülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür:

1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir);

2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə;

3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə;

4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Göründüyü kimi “İpoteka haqqında” və “İcra haqında” Azərbaycan Respublikasının Qanunlarına müvafiq olaraq icra ödənişlərinin icra icraatı prosesində borcludan tutulması nəzərdə tutulmuşdur. İddiaçıya təklif edilməsinə baxmayaraq icra üzrə icraata xitam verilib-vərilməməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçıya izah edir ki, əgər icraata xitam verilməyibsə, bu halda qeyd olunan xərclərin icra məmuru tərəfindən borcludan tutulmasını tələb etmək hüququna malikdir. İcra xərclərinin borcludan tutulmadan icraata xitam verildiyi təqdirdə isə iddiaçının icraata xitam verilməsi haqqında icra məmurunun qərarını məhkəmədə mübahisələndirmək hüququ vardır. Bu baxımdan qeyd olunan tələbə yenidən məhkəmədə baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair müki iş üzrə icraata xitam verilsin. İddiaçının nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı- Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödədiyi 35,68 manat (otuz beş manat altmış səkkiz qəpik) dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar