Məhkəmə qərarları › İş №e-2(110)-504/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-504/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-504/2023 30.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək Cavabdeh 1501.19 (bir min beş yüz bir manat on doquz qəpik) manat əsas məbləğində borcun, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdeh ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlandığını, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 3036.85 (üç min otuz altı manat səksən beş qəpik) manat borcunun olduğunu etiraf etdiyini, həmin məbləği xx.xx.2022-ci il tarixindən, hər ay tam olaraq ödəməyi öhdəsinə götürdüyünü, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixəİddiaçı MMC-yə 1501.19 manat borcunun qaldığını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcunun olmasını etiraf etmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən kreditor İddiaçı MMC-nin oba – NZS-3 (392) mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış xx.xx.2022 tarixli inventarizasiya nəticəsində Cavabdeh 3036.85 manat məbləğdə zərər vurması müəyyən edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər arasında X1 haqqında müqavilənin bağlandığını nəzərə alaraq borclu nəticəsində Cavabdeh 3036.85 manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu 12 aya 3036.85 (üç min otuz altı manat səksən beş qəpik) manat borcun yarandığı, həmin məbləği xx.xx.2022-ci il tarixindən hər ay 253 (iki yüz əlli üç) manat ödəməklə tam olaraq borcverənə ödəməyi öhdəsinə götürür; Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borclu ödənişi 2(iki) dəfə gecikdirildiyi təqdirdə hər gecikririlən gün üçün ümumi 0.5% həcmində dəbbə pulu hesablanacaq. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş ardıcıl olaraq 2(iki) dəfə edilmədiyi təqdirdə “borcverən” məhkəməyə müraciət edəcək və hesablanmış dəbbə pulu əsas borc məbləğinin üzərinə əlavə ediləcək. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 1501.19 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli Mədaxil Qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı MMC tərəfindən dövlət büdcəsinin AZ60AİİB******************** saylı Xəzinə hesabına 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və Pretenziya məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə 3 iş günü müddətində 1501.19 (bir min beş yüz bir manat on doquz qəpik) manat məbləğində borcunu İddiaçı MMC-nin hesabına köçürülməsini xahiş etmiş, əks təqdirdə İddiaçı MMC tərəfindən müvafiq məhkəmə orqanlarına həmin məbləğin ödənilməsi tələbi ilə müraciət olunacağı və iddia təmin olunacağı təqdirdə bu məbləğlə yanaşı məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin ödənilməsi öhdəliyi onun üzərinə düşəcəyi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən borclu Cavabdeh kreditor İddiaçı MMC-yə 3036.85 (üç min otuz altı manat səksən beş qəpik) manat məbləğində borcu olduğunu etiraf etmiş və onu xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 253.12 (iki yüz əlli üç manat on iki qəpik) manat ödəməklə 12 (on iki) ay ərzində tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya tam məbləği ödəməmiş, bununla da onun iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; - 882.2-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; - 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur; - 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; - 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi tərəflər arasında yazılı formadan istifadə edilməklə xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, 24 oktyabr 2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə iddiaçı tərəfindən tələb olunan əsas borcu nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1501.19 (bir min beş yüz bir manat on doquz qəpik) manat əsas borc pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1501.19 (bir min beş yüz bir manat on doquz qəpik) manat borc və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1537.19 (bir min beş yüz otuz yeddi manat on doquz qəpik) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar