Məhkəmə qərarları › İş №e-2(110)-597/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-597/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-597/2025 13.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 iddiaçı «Bytelecom” MMC-nin Cavabdeh qarşı nisyə satış müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı «Bytelecom” MMC xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, BY004240 nömrəli nisyə satış müqaviləsi üzrə Cavabdeh 228 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, «Bytelecom” MMC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2023-cü il tarixli, BY004240 nömrəli nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcı «Bytelecom” MMC tərəfindən alıcı Cavabdeh dəyəri 499 manat olan “X4 12 Dual Sim 8GB RAM 128 GB LTE Global Version/grey//**********19627” markalı mobil telefon və 60 AZN (ümumilkdə 559 AZN) dəyərində qızıl zəmanətin satılması,cavabdeh tərəfindən ilkin olaraq 250 manatın ödənilməsi, qalan 309 manatın isə müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 9 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırıldığını, tərəflər arasında bağlanmış 27 iyul 2023-cü il tarixli, BY004240 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcı Cavabdeh 27 iyul 2023-cü il tarixdə 1 ədəd “X4 12 Dual Sim 8GB RAM 128 GB LTE Global Version/grey//**********19627” markalı mobil telefonu və qızıl zəmanəti təhvil-təslim aktına imza etməklə qəbul etdiyini, lakin cavabdeh müqavilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, ilkin ödəniş də daxil olmaqla cəmi 331 manat məbləğində ödəniş etmiş, 27 iyul 2023-cü il tarixli, BY004240 nömrəli müqavilə üzrə 24 aprel 2025-ci il tarixinə 228 manat məbləğində ödənilməmiş borcu qalmışdər. Cavabdehə qalıq borcların ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq göndərilmiş, lakin cavabdeh yenə də öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək, borcunu ödəməmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2023-cü il tarixli BY004240 nömrəli nisyə satış müqaviləsindən görünür ki, Cavabdeh ilə iddiaçı «Bytelecom” MMC arasında qeyd olunan alqı-satqı müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, “Satıcı” müqaviləyə əsasən 499 manat dəyərində mal(lar)ı nisyə satır, “Alıcı” isə həmin mal(lar)ı 2 saylı əlavəyə uyğun qəbul edir və məhsulun dəyərini 1 saylı əlavəyə uyğun müddətə ödəniş etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.4-cü maddəsinə əsasən, “Alıcı” bu müqavilə üzrə ona verilmiş mal(lar)ın dəyərini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyiniən azı iki dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Satıcı” bu müqaviləyə xitam verilibverilməməsindən asılı olmayaraq borcun vaxtından əvvəl qaytarılmasını “Alıcı”dan tələb edə bilər. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ümumi dəyəri 559 manat olan olan malı 250 manat ilkin ödənişlə 9 ay müddətinə, yəni xx.xx.2023—xx.xx.2024 tarixləri arasında 35 manat, xx.xx.2024-cü il tarixdə isə 29 manat ödəməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, həmin gün satıcı «Bytelecom” MMC xx.xx.2023-cü il tarixli BY004240 nömrəli nisyə satış müqaviləsində qeyd olunan 1 ədəd “X4 12 Dual Sim 8GB RAM 128 GB LTE və 1 ədəd qızıl zəmanət tam qüsursuz halda alıcıya təhvil verilmiş, alıcı- Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Tərəflər bu faktı aktda öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə cəmi 228 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, satıcı «Bytelecom” MMC tərəfindən borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 597.1-ci maddələrinə əsasən iddiaçının cavabdehə qarşı pul məbləğinin ödənilməsi ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında yazılı qaydada etibarlı nisyə satış müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasındakı etibarlı nisyə satış müqaviləsinin tələblərinə əsasən satıcı (iddiaçı) öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, ümumi dəyəri 499 manat olan “X4 12 Dual Sim 8GB RAM 128 GB LTE və ümumi dəyəri 60 manat olan qızıl zəmanəti alıcı (cavabdeh) Cavabdeh istifadəsinə vermiş, alıcı (cavabdeh) əşyaları qəbul etmiş və iddiaçıdan (satıcıdan) aldığı əşyaların əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) əşyaların cavabdehə (alıcıya) verilməsindən müəyyən müddət sonra ödənilməsini öhdəsinə götürmüş, lakin sonradan alıcı- Cavabdeh müqavilə üzrə cəmi 331 manat məbləğində ödəniş etmiş, müqavilə üzrə qalan 228 manat borcunu ödəməmiş, beləliklə də müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri nisyə satış müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq, nisyə satış müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən isə alıcı əşyanı nisyə satış müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə nisyə satış müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu nisyə satış müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya nisyə satış müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, nisyə satış müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ohdəliyin məzmunu ilə muəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış nisyə satış müqavilələrinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə satılan əşya satıcı tərəfindən alıcıya verildiyi andan alıcı- Cavabdeh nisyə satış predmeti olan əşyanın qiymətini müqavilədə qeyd olunan şərtlərlə satıcı- «Bytelecom” MMC-yə ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia təmin edilməli; -27 iyul 2023-cü il tarixli, BY004240 nömrəli alqı-satqı müqaviləsi üzrə 228 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı «Bytelecom” MMC -yə ödənilməli; -tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 27 iyul 2023-cü il tarixli, BY004240 nömrəli alqı-satqı müqaviləsi üzrə 228 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı «Bytelecom” MMC -yə ödənilsin. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iş üzrə iddiaçı «Bytelecom” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar