Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1080/2025 10.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 90.57 manat olmaqla, cəmi 90.57 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********17 saylı Tam kart üzrə kart hesabının açılması və kartından istifadəyə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft - müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri Banka ödəməyi öhdəsinə götürür. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 459.91 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, təqdim edilmiş hesabdan çıxarışdan da göründüyü kimi müştəri müştəlif tarixlərdə hesabında vəsaitin az olmasına baxmayaraq, ümumi olaraq 459.91 manat məxaric edərək hesabından artıq istifadə etmişdir. Daha sonra müştəri müxtəlif vaxtlarda hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 384.10 manat ödəniş edilmişdir. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 14.76 manat faiz borcu mövcuddur. Bankın Xırdalan filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 90.57 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-46106/20024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş; "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********17 nömrəli Tam kart müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh istifadə etmək üçün plastik kart verilmişdir. 19 noyabr 2024-cü il tarixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 459.91 manat məbləğində vəsaiti məxaric etmiş, həmin məbləğdən 384,10 manat ödəniş etmiş, 14,76 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu da olmaqla, əsassız varlanmaya görə "xxxx" ASC-yə 90,57 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-46106/20024 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh edilmiş xəbərdarlıqda əsassız varlanmaya səbəb olmuş borcun qaytarılması tələb edilmiş, əks halda Bank tərəfindən yaranmış borc məbləğinin qaytarılması barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; 1093.2.2-ci maddəsinə əsasən əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, BPM**********17 nömrəli Tam kart müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh istifadə etmək üçün plastik kart verilmişdir. 19 noyabr 2024-cü il tarixli əsassız varlanmanı əks etdirən arayışa əsasən Cavabdeh ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 459.91 manat məbləğində vəsaiti məxaric etmiş, həmin məbləğdən 384,10 manat ödəniş etmiş, 14,76 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu da olmaqla, əsassız varlanmaya görə "xxxx" ASC-yə 90,57 manat borcu yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 6-2-22/2-46106/20024 saylı xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabsız qalmışdır. Məhkəmə tərəflər arasında olan mövcud (faktiki) münasibəti qanunvericiliyin tələbi baxımdan qiymətləndirərək hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına əsassız varlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 90,57 (doxsan manat əlli yeddi qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqından ibarətdir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 90,57 (doxsan manat əlli yeddi qəpik) manat, məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, ümumilikdə 120,97 (bir yüz iyirmi manat doxsan yeddi qəpik) manat tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1080/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1080/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver