Məhkəmə qərarları › İş №e-2(125)-1234/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1234/2024

07.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1234/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin uşaqları və əşyaları ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, 6A nömrəli evin 34 nömrəli mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərin uşaqları X3, X4, X6, X7 və əşyaları ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan həmin mənzildən çıxarılması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1-ü alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X1 almışdır. Evdən çıxartmaq istədiyi şəxslər oğlu, gəlini və nəvələridir. Onlar iddiaçının evinə onun razılığı əsasında xx.xx.2021-ci il tarixdə qeydiyyata düşmüş və köçmüşlər. Bu gün həmin şəxslərlə onun bir yerdə yaşamağı dözülməz hal almışdır. Hər vəchlə ona əziyyət verirlər. Əvvəllər onun oğlu və gəlini ilə münasibətləri çox yaxşı olmuşdur. O vaxta kimi ki, Vüqar müəyyən dini təriqətə qoşulmuşdur. İddiaçının anası Seyidxanım Seyidbağır qızı sınaqlı seyid nəslindəndir. Vüqarın dini təriqəti şiəlik, ələlxüsusda seyidləri qəbul etmədiyinə görə hər gün onun seyid anası və qohumlarının gorunu əxlaqsız sözlərlə təhqir edir. Bu azmış kimi ona qarşı dini inancını dəyişmək üçün olmazın təsirlər edirlər. Ona görə də, məhkəmədə evdən çıxarılma tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə etmişdi ki, əvvəllər Gəncə şəhərində başqa ərazidə ev tikdirsə də, o, həmin evi hazırda sözügedən evlə dəyişdirmişdir. Oğlu, yəni Cavabdeh1 isə əvvəl Gəncə şəhərində yerləşən 4-cü mikrorayon adlı ərazidə kirayə yaşasa da, ev aldıqdan sonra oğlu gələrək arvadından boşanacağını bildirmiş, lakin sonra onlar barışmışlar. Oğlu onu söyür, daim təhqir edir. Cavabdeh Vüqar 2021-ci ildən sözügedən evdə yaşamağa başlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onu da əlavə etdi ki, iddiaçının evdən çıxartmaq istədiyi şəxslər oğlu, gəlini və nəvələridir, həmin şəxslər 2021-ci ildə evə köçürülmüşlər, onların istifadə hüquqları yaranmamışdır. Cavabdeh2 əvvəlki məhkəmə iclasında iştirak edərək adıçəkilən ünvanda qeydiyyatda olmadığını, heç orada yaşamadığını qeyd etmiş, özünün və digər cavabdeh Vüqarın iştirakı olmadan məsələyə baxılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də məhkəmə zərfi cavabdehlərin qeydiyyatda olduğu ünvanda yaşamadıqları qeydi ilə geri qaytarılmış, onlara bildirişlərin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehlərin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və onların sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehlərə təqdim etməsi üçün bildirişlər göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə şəhəri 3 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, reyestrdə 4Ə-31 nömrəsi ilə qeyd edilmiş, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,5 kv.m olan mənzil X5 (onun əvəzinə X10) tərəfindən İddiaçı satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75,5 kv.m olan mənzil xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 03 aprel 2023-cü ildən ünvan 2 ünvanda yerləşən mənzildə qeydiyyatdır, qeydiyyatda olan digər şəxslər xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.1981-ci il təvəllüdlü X2r. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçının oğlu və gəlinidir və onlar uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşayırlar. İddiaçı mütəmadi davam edən ailə-məişət mübahisələri zəminində cavabdehlərin öz mülkiyyətində olan fərdi yaşayış evində yaşamasını mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirir və onların mülkiyyətində olan evindən çıxarılmasını tələb edir. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasındakı mövcud mübahisəyə Azərbaycan Respublikası 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzilə dair hər hansı hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmçinin, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Konstitusiya Məhkəməsinin həmin qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehlər rəsmi nikahda olsalar da həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin, həm də Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh2 iddiaçının ailə üzvü hesab olunmur, həmçinin Cavabdeh2 iddiaçının digər qohumu da hesab edilə bilməz. Məhkəmə iddiaçının oğlu – digər Cavabdeh1 münasibətdə qeyd edir ki, o, iddiaçının ailə üzvü hesab edilsə də, iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına daxil deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının ailə üzvü hesab olunmadığından, digər Cavabdeh1 isə iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından cavabdehlərin iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mübahisəli evin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehlərin qeyd edilən yaşayış evindən istifadə hüququ yaranmadığından, iddia tələbi əsaslıdır. Həmçinin, Azərbaycan Respubikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaqda davam etməsi iddiaçının yaşayış evi üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin və onların azyaşlı uşaqlarının iddiaçıya məxsus fərdi yaşayış evində yaşaması iddiaçının yaşayış evinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia təmin edilməli, hər iki cavabdeh azyaşlı uşaqları və əşyaları ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X7 və onlara məxsus əşyaları ilə birlikdə Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, 6A nömrəli evin 34 nömrəli mənzilindən çıxarılsınlar. Məhkəmə xərcinin əvəzinə görə 100 (bir yüz) manat Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar