Məhkəmə qərarları › İş №e-2(125)-1335/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1335/2025

06.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1335/2025 06.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin Cavabdeh qarşı qeyri-qanuni zəbt edilmiş mənzilin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz zəbt etdiyi ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 iddiaçının balansına aiddir. Həmin otağın sakini olmuş X1 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkumdur. Həmin otağın sahibsiz olmasından istifadə edən cavabdeh qanunsuz olaraq həmin otağın qapısını qırıb zəbt edərək qanunsuz olaraq məskunlaşmışdır. Birlik tərəfindən ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qanunsuz zəbt etdiyi otağı boşaltmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə etdi ki, mübahisəli otağın yerləşdiyi bina dövlət mülkiyyətində olmaqla iddiaçı Birliyin balansındadır. Nümayəndə qeyd etdi ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə Gəncə Toxuculuq kombinatının balasında olan 81 yaşayış binası, o cümlədən hazırda adıçəkilən bina əvəzsiz olaraq MTİT-in (hazırkı iddiaçının) balansına verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, sözügedən otaqda yaşamaq üçün heç bir qanuni əsası olmasa da hazırda həmin otaqda yaşayır və qalmağa başqa yaşayış yeri yoxdur. Həmin otaqda otağın sakini olmuş şəxsin cəzaçəkmə müəssisəsindən buraxılmasına qədər yaşamasına icazə verilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin rəisinə Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin 9 nömrəli Xidmət Sahəsinin rəisi tərəfindən ünvanlanmış 23 noyabr 2024-cü il tarixli, 67 nömrəli xidməti məlumatda bildirilmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti, 197-ci kvartalda yerləşən 1 nömrəli yataqxananın 27 nömrəli otağında mərhum X3 oğlu ilə birgə yaşamışlar. Ölümündən sonra həmin otaqda oğlu X7 və həyat yoldaşı X2 yaşamışlar və hal-hazırda hər ikisi həbsdədirlər. Həmin 1 nömrəli binanın 4 və 5 nömrəli otağında yaşayan X8 27 nömrəli otağın boş qalmasından istifadə edərək Cavabdeh qanunsuz olaraq həmin otağa yerləşdirmişdir. Hal-hazırda Cavabdeh 27 nömrəli otaqda qanunsuz olaraq yaşayır. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin 9 nömrəli Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti 197 ünvanında olan 1 nömrəli yataqxananın 27 nömrəli otağında X7 və həyat yoldaşı X2 yaşamışlar və hal-hazırda hər ikisi həbsdədirlər. Otağın boş qalmasından istifadə edərək X8 27 nömrəli otağa Cavabdeh yerləşdirmşdir və Cavabdeh 27 nömrəli otaqda qanunsuz olaraq yaşayır. Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 10- 13 nömrəli, 23 iyul 2024-cü il tarixli şifahi sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 197, 1 saylı bina (yataqxana) MKTİB-nin balansına aiddir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilən xx.xx.1997-ci il tarixli, 4809 nömrəli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Gəncə Toxuculuq kombinatının balasında olan 81 yaşayış binası əvəzsiz olaraq MTİT-in balansına verilmişdir. İddiaçı tərəfin nümayəndəsinin izahatına görə, MTİT-in balansına verilmiş binalar sırasında ünvan 2 ünvanda yerləşən yataqxana da yer alır. Beləliklə, iş materiallarına əlavə olunmuş Gəncə şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilən xx.xx.1997-ci il tarixli, 4809 nömrəli sərəncamdan, Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş şifahi sorğuya cavab məktubundan, iddiaçının nümayəndəsinin izahatından görünür ki, Gəncə Toxuculuq kombinatının balasında olan 81 yaşayış binası – həmçinin ünvan 2 ünvanda yerləşən yataqxana əvəzsiz olaraq MTİT-in balansına verilmişdir, ünvan 2 bina hazırda da Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddəaların mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 2 binanın 27 saylı otağı dövlət mülkiyyətində olmaqla, iddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin balansındadır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Həmin otağın Cavabdeh qanunsuz sahibliyində və istifadəsində olması iş materialları, eləcə də Cavabdeh izahatı ilə təsdiq edilir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh həmin otaqda yaşayır. Lakin Cavabdeh mübahisə predmeti olan otağın onların qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə cavabdeh sözügedən otağı hər hansı qanuni əsas olmadan tutduğunu etiraf etmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən əsaslar, sözügedən ünvan 2 binanın 27 saylı otağının hazırda Cavabdeh qanunsuz istifadəsində olduğunu deməyə əsas vermiş olur. Göründüyü kimi, şərh edilən hallar Mülki Məcəllənin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasına əsas verir. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (MM-nin 164.1-ci maddəsi). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-nin 165.1-ci maddəsi). Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən yataqxananın qanuni sahibi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, Cavabdeh isə həmin yataqxananın 27 saylı otağına dair hər hansı hüquqları mövcud olmadığından o, həmin yataqxananın 27 saylı otağından çıxmağa borcludur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının qanuni sahibliyində olan ünvan 2 binanın 27 saylı otağından məcburi qaydada çıxarılmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti 197 ünvanında yerləşən 1 saylı binanın 27 saylı otağından çıxarılsın. Məhkəmə xərcinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar