Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1513/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sazişin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ilə aralarında Gəncə şəhəri 1 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 3M- 108 reyestr nömrəli razılaşma sazişinin ləğv edilməsi, həmin saziş əsasında cavabdehə verilmiş 81000 manat pulun və iddia əriəzisinin məhkəməyə verilməsi üçün ödənilmiş 333 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış və Gəncə şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş 11 oktyabr 2016-cı il tarixli, 3M-108 reyestr nömrəli razılaşma sazişinə əsasən o, Cavabdeh təklifi ilə onun sahibliyində və sərəncamında olan ünvan 1 ünvanında yerləşən kərpic istehsal edən zavodun tikilməsi üçün 81000 manat vəsait qoymuşdur. Həmin sazişin şərtlərinə görə Cavabdeh zavodun satışa çıxarıldığını nəzərə alaraq qeyd edilən vəsaitin alqı-satqıdan sonra birdəfəyə ona qaytarmağı, satılmayıb işləyəcəyi təqdirdə isə 10 %-lik qazanca şərik edəcəyi barədə öhdəlik götürmüşdür. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq, bu günə kimi nə zavodun satılması, nə də ki qazanca şərik edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı bir təşəbbüs göstərilməmişdir. Bu barədə onun özünə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hər dəfə müxtəlif bəhanələr tapmışdır. Sonuncu dəfə keçən il borcunu ona hissə-hissə qaytarmağa şərait yaratmasına baxmayaraq, yenə də hər hansı bir ödəniş etməmişdir. Cavabdehin belə hərəkət etməsi onun pulu geri qaytarmaq fikrinin olmadığını bildirir. Lakin həmin pullar çox çətinliklə qazanılmış pullardır və şəxsi mülkiyyəti hesab olunur. Ona görə də sözügedən razılaşma sazişinin ləğv edilməsi və cavabdehə verdiyi 81000 manat pulun geri qaytarılması üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək izahatında göstərdi ki, cavabdehlə qohumdurlar. Rusiyadan təzə gəldiyi vaxt pulu olmuş, cavabdeh də bundan xəbərdar olmuşdur. Ona məlumat vermişdirlər ki, şərikli yer vardır, əldə edilən gəlirin 10%-i, yəni ayda 2000 manat ona çatacaqdır, bu barədə aralarında söhbət olmuşdur. Bundan sonra cavabdehlə razılaşaraq 81000 manat pul vermiş, ancaq həmin vaxtdan bəri 1 manat da pul götürməmişdir. Zavodun işləməməsi onun günahı deyildir. Satış qiyməti olduqca yüksəkdir, buna görə də alan yoxdur. Həmin zavodu işlətmək istəyən, eləcə də almaq istəyən adamlar tapıb aparmış, ancaq cavabdeh razılaşmamış, əvvəlcədən pulun kassaya qoyulmasını, daha sonra işlədilməsini tələb etmiş, belə şərtlə də zavodu işlətməyə heç kim razı olmamışdır. Bu yaxınlarda bir nəfər milyon yarım təklif etmiş, ancaq cavabdeh ona sərf etmədiyini bildirərək razılaşmamışdır. Həmin ərazidə cavabdehin başqa obyektləri də vardır, işlədib qazanc əldə edir, ancaq bu gün onun pulunu qaytarmadığına görə maddi sıxıntı çəkir. Zavodun işləməsi üçün mütəxəssis də aparmış, ancaq faydası olmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək izahatında göstərdi ki, iddiaçı tərəfindən pulun verilməsi işin mübahisə edilməyən halıdır. Razılaşma sazişində zavod satıldıqdan sonra pulun verilməsi nəzərdə tutulsa da, satılması barədə heç bir təşəbbüs göstərilməmişdir. 2022-ci ildə iki milyon manat qiymət göstərilməklə elan yerləşdirilmişdir ki, həmin qiymət Gəncə bazarı üçün olduqca absurd bir qiymətdir. Digər sübut kimi təqdim edilən elan isə məhkəmədə iddia qaldırıldıqdan sonra səhifədə yerləşdirilmişdir. İndiyə qədər edilən təkliflər də real alıcılar tərəfindən yox, şifahi məlumat vermə nəticəsində alqı-satqı işi ilə məşğul olan şəxslər tərəfindən edilmişdir. Tərəflər arasında razılaşma sazişi 2016-cı ildə bağlansa da, 6 il ərzində həmin zavodun satılması üçün heç bir addım atılmamışdır. Cavabdeh izahatında göstərmişdir ki, bugünkü gün zavodu dəyərindən aşağı qiymətə 250000 manata təklif etməsinə baxmayaraq alan yoxdur, ancaq paylaşılan elanda qiymət 400000 manat olaraq göstərilmişdir. Bu isə cavabdehin öhdəliyin icrasından süni şəkildə yayındığının göstəricisidir. Bu qeyri-müəyyənlik uzun müddət davam edə bilməz. İddiaçının zavodun satılması üçün müştəri tapmaq öhdəliyi yoxdur. Cavabdeh tərəfindən obyekt satılıb iddiaçının pulu verilməlidir. Razılaşma sazişinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq heç bir irəliləyiş yoxdur. Bu müddət ərzində cavabdeh tərəfindən iddiaçıya aylar ərzində nə qədər gəlir, nə qədər ziyan edilməsi ilə bağlı hər hansı hesabat da təqdim edilməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, sözügedən zavod 2014-cü ildə tikilməyə başlamış, 2016-cı ildə istehsala başlanılmışdır. Sərmayeni o və digər şəriklər qoymuşdurlar. Hazırda şəriklərdən biri cəzaçəkmə müəssisəsindədir. Digər şəriklər isə zavodun satılması üçün işlər görür. İstehsala başladıqdan sonra zavod 20%, 30% işləmiş, kərpiclərin çoxu qırıq çıxmış, qaz pulu, işıq pulu, işçilərin əmək haqqını ödəyə bilməmişdirlər. Həmin vaxt vergiyə də məlumat vermişdir ki, kərpic istehsal edə bilmədiyindən vergini də ödəyə bilməyəcəkdir. Zavodu yenidən işə salmaq üçün pul lazım olmuş, cavabdehdən 81000 manat pul almışdır. O pulun hamısı zavodu işə salmaq üçün xərclənmişdir. Bakıdan, İrandan mühəndislər gəlmiş, nə qədər pullar xərclənsə də, alınmamışdır. Onun 400000 manatdan çox pulu getmiş, müflis olmuşdur. Bugünkü gün hamıdan çox istəyir ki, həmin zavod satılsın, ona çox problemlər yaratmışdır. İddiaçı ilə razılaşmalarına əsasən əgər zavod işləsəydi 2000 manatdan da çox pul götürəcəkdi, ancaq işləməsə zavod satılıb pulunu götürəcəkdir. Zavod bağlanandan bəri elan vermiş, imkanı olan insanların hamısına xəbər vermişdir. Yazılı surətdə vergiyə də məlumat vermişdir ki, zavod işləmə gücündə deyildir. Real alıcı olmamışdır. İddiaçının deməsinə əsasən milyon yarım təklif edilməsi doğru deyildir. İddiaçı özü bir adam gətirmiş, pulu olmadığı halda zavodu işlədə biləcəyini demiş, ona görə də razı olmamışdır. Bir dəfə İranlı birisinə etibar etmiş, işlədə bilməyib yarı yolda qoyub qaçmış, 18000 manat cəriməsini özü ödəmək məcburiyyətində qalmışdır. Şərt qoymuşdur ki, kim zavodu işlətmək istəyirsə, 40000 manat əvvəlcədən kassaya qoysun ki, yarı yolda qoyub gedəndə heç olmasa qaz pulu, işıq pulu, işçilərin əmək haqqı ödənilsin. Bu işə girmək üçün azı 100000 manat pul olmalıdır, çünki zavodun xərcləri elə 50000 manatdır. Çıxan müştərilər işləyə-işləyə pul düzəldəcəklərini desələr də, bu mümkün deyildir. Bu yaxınlarda zavodun özünü almağa gəlmişdirlər. 600000 manatdan 250000 manata qədər qiyməti aşağı salmış, razılaşmışdırlar. Telefon nömrələrini də götürmüş, ancaq daha sonra həmin alıcılar gəlməmişdirlər. Qiymətlə bağlı heç bir problem yaratmır, təki zavod satılsın. İddiaçı ilə bir yerdə müştəri tapıb zavodu satmaq və iddiaçının pulunu qaytarmaq niyyətindədir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, tərəflər qohumdurlar və onlar arasında müvafiq şəxsi məsələlər vardır. Ancaq hazırda mübahisənin hüquqi tərəfi ondan ibarətdir ki, tərəflər arasında razılaşma sazişi bağlanmış, sazişə əsasən iddiaçı investisiya etmiş və qoyduğu pulun müqabilində gəlirin 10%-nə şərik olmuşdur. Belə olduqda gəlirin 90%-i də cavabdehə çatmalı idi. Kim istəyər ki, qarşı tərəfin 10 manatını verməsin, özü 90 manat qazancdan məhrum olsun. Zavodun işləməməsi və qazancın olmamasına dair vergidən əldə olunmuş sübutlar məhkəməyə təqdim olunmuşdur. İddiaçı tərəf müqavilənin ləğvi və pul tələbinə dair iddia irəli sürmüşdür. Müqavilənin ləğv edilməsi üçün qeyd olunan şərtlərdən hər hansı biri əhəmiyyətli dərəcədə pozulmalıdır. Ancaq hazırki işdə müqavilənin ləğvi üçün əsaslar yoxdur. İddiaçı tərəf özü də qəbul edir ki, zavod cavabdehdən asılı olmayan səbəblər nəticəsində işləməmişdir. Zavodun satılması üçün isə cavabdeh lazım olan bütün addımları atmış, cavabdeh tərəfindən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan hər hansı hərəkət edilməmişdir. Zavodu işə salmaq üçün cavabdeh xeyli xərc çəkmiş, evini də satmaq məcburiyyətində qalmışdır. Buna görə də qiymətlə bağlı ən azından real bazar qiymətindən aşağı olmasını istəməmiş, yerdə qalan pulla başqa bir xırda sahibkarlıqla məşğul olmaq niyyətində olmuşdur. Zavodun satışı ilə bağlı 2022-ci ildə elan verilmiş, cavabdehə məxsus digər obyektlər də satışa çıxarılmış, həmçinin “Youtube” platforması vasitəsilə də elan verilmişdir. İddiaçı tərəf zavodun satışı ilə bağlı cavabdehin heç bir təşəbbüs göstərmədiyini irəli sürsə də, bu barədə hər hansı sübut təqdim olunmamış, zavodun satılması ilə bağlı cavabdehə pretenziya qaydasında hər hansı müraciət edilməmişdir. Cavabdeh 500000 manata yaxın xərc çəkmişdir, buna görə də zavodun satılmasına özü də maraqlıdır. Razılaşma sazişi ləğv edilməməlidir. Əgər bu gün verilən pul tələb olunursa, tərəflər arasında borc müqaviləsi bağlanmalı idi, ancaq razılaşma sazişinə əsasən iddiaçı gəlirə şərik olduğu kimi, ziyana da şərik olmalıdır. İddia tələbi əsassız olduğundan iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İddiaçı və Cavabdeh arasında Gəncə şəhəri 1 saylı notariat kontorunda bağlanılmış xx.xx.2016-cı il tarixli, 3M- 108 reyestr nömrəli razılaşma sazişinin surətindən görünür ki, razılaşma predmeti Gəncə şəhəri, Keçid küçəsi-66A ünvanında yerləşən Cavabdeh sahibliyində və sərəncamında olan kərpic istehsal edən zavodun tikilməsi zamanı İddiaçı 10 faizlik payına görə qoyulmuş vəsaitin və alınmış borcun qaytarılması ilə bağlı olmaqla, zavod inşa edilərkən İddiaçı Cavabdeh təklifi ilə 81000 manat vəsait qoymasını və qazanca 10 faizlik şərik qəbul olunmasını tərəflər mübahisələndirməmiş, zavodun Cavabdeh tərəfindən satışa çıxarıldığı nəzərə alınaraq razılaşmışlar ki, İddiaçı tərəfindən zavoda qoyulmuş 81000 manat pulun alqı-satqıdan sonra birdəfəlik veriləcəyi, zavod satılmayıb işləyəcəyi təqdirdə 10 faizlik qazanca payın öz qüvvəsini saxlaması barədə tərəflər razılaşmışdırlar. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, 3 gün müddətində xx.xx.2016-cı il tarixli, 3M-108 reyestr nömrəli razılaşma sazişinin ləğv edilməsi və verilmiş 81000 manat pulun İddiaçı geri qaytarılması üçün müvafiq tədbirlər görülməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş “İnstagram” sosial şəbəkəsində paylaşılmış xx.xx.2022-ci il tarixli elandan görünür ki, Gəncə şəhərində kərpic zavodu, tamet sexi, penoplas sexi 2 milyon 500 min manata satışa çıxarılmışdır. “Bina.az” səhifəsində yerləşdirilmiş xx.xx.2025-ci il tarixli elandan görünür ki, kərpic zavodu 400000 manata satışa çıxarılmış, qiymətin razılaşma yolu ilə olduğu göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2- 31590/2025 nömrəli təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması barədə məktubun surətindən görünür ki, **********-23001 təsərrüfat subyekti (obyekti) təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Obyektin ləğvi” haqqında ərizəyə əsasən xx.xx.2022-ci il tarixindən vergi uçotundan çıxarılmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin mübahisə olunmayan hallarından görünür ki, tərəflər arasında razılaşma sazişi bağlanaraq iddiaçı cavabdehin təklifi ilə kərpic zavodunun inşa edilməsi üçün 81000 manat məbləğində vəsait qoymaqla qazanca 10 faizlik şərik qəbul olunmuş, zavod cavabdeh tərəfindən satıldığı təqdirdə isə iddiaçı tərəfindən zavoda qoyulmuş 81000 manat pulun alqı-satqıdan sonra birdəfəlik veriləcəyi barədə tərəflər razılaşmışdırlar. İddiaçı iddia etmişdir ki, o, 81000 manat pulu verdikdən sonra zavod işlədilməmiş, heç bir qazanc götürməmişdir. Zavodun satış qiymətinin yüksək olması və cavabdehin müxtəlif şərtlər qoyaraq razılaşmaması nəticəsində heç kim yaxın durmamış, razılaşma sazişi 2016-cı ildə bağlansa da, 6 il ərzində zavodun satılması üçün heç bir addım atılmamış, 2022-ci ildə olduqca absurd qiymət göstərilməklə zavod satışa çıxarılmış, digər elan isə məhkəmədə iddia qaldırıldıqdan sonra verilməklə cavabdeh öhdəliyin icrasından süni şəkildə yayınmışdır. Cavabdeh tərəf isə iddia tələbini mübahisələndirərək zavodun cavabdehdən asılı olmayan səbəblər nəticəsində işləməməsini, zavodun satılması üçün cavabdehin lazım olan bütün addımları atdığını və cavabdeh tərəfindən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan hər hansı hərəkət edilmədiyini, cavabdehin özünün də zavodun satılmasında maraqlı olduğunu və zavod satıldığı təqdirdə iddiaçının pulunu geri qaytarmaq niyyətində olduğunu göstərərək iddia tələbinə etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-in 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, qanunvericilik müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin tərəflərin razılaşması ilə mümkün olduğunu, tərəflərdən birinin tələbi ilə isə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması ilə şərtləndirmiş, əhəmiyyətli pozuntu dedikdə isə bunun digər tərəfə vurduğu zərər nəticəsində onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması nəzərdə tutulmuşdur. İddiaçı öz sərbəst iradəsinə uyğun olaraq müqavilə bağlamış və müqavilənin şərtlərini müəyyənləşdirmişdir. Müqavilənin şərtlərinin pozulmasının nə ilə ifadə olunması barədə iddiaçı hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı tələb etdiyi 81000 manat pulun qaytarılmasının müddəti konkret olaraq müqavilədə müəyyənləşdirilməmiş, zavodun satışından sonra qaytarılması ilə şərtləndirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi üçün iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 333 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı sazişin ləğv edilməsi və pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 333 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-1513/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1513/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver