Məhkəmə qərarları › İş №e-2(125)-1536/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1536/2023

02.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1536/2023 02.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı Xançaparoviçin iştirakı ilə, İddiaçı Xançaparoviçin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Xançaparoviç cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 2700 manat, Cavabdeh1 2000 manat əsas məbləğ, cavabdehlərdən müştərək qaydada həmin məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 5037,5 ( illik 7,75 faizlə) manatdan, bir il 6 ay üçün 376 manat faiz məbləği, mənəvi ziyan hesabına cavabdehlərin hər birindən 1000 manat və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 85 manat dövlət rüsumu olmaqla, cəmi 6560 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Xançaparoviç iddianı müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Baksol yolunda yerləşən Xəyyam inşaat mağazasından dam örtüklərinin alınması məqsəd ilə cavabdehlərin mağazasına getmişdir. Cavabdeh2 tərəfindən öz imzası və əl yazısı ilə 4700 manat məbləğində qaimə tərtib edilmişdir. O, beh olaraq 300 manat təklif etsə də, qəbul etməmişlər, buna görə də 2700 manat ödəmiş, ancaq ödəniş qəbzi verilməmiş və malların səhərisi günü göndəriləcəyi deyilmişdir. Səhərisi günü digər Cavabdeh1 ilə əlaqə saxladıqda zavod malları vermədiyi üçün qalan 2000 manatın da ödənilməsi deyilmişdir. Qalan 2000 manatı da ödədikdən sonra cavabdehlər tərəfindən 600 manatlıq mal göndərilmişdir. Gavabdehlər malı göndərməyərək gecikdirdikləri üçün cavabdehlərə xəbərdarlıq edərək malları göndərməyəcəkləri təqdirdə başqa yerdən alacağını demiş və belə də etmişdir. Bundan sonra cavabdehlərdən ödədiyi pul məbləğini geri istədikdə cavabdehlər müxtəlif bəhanələr gətirərək problemləri olduğu üçün pulu geri qaytara bilməyəcəklərini demişdir. Bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə şikayət etmiş, mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. İddia ərizəsində ödədiyi 4700 manat pulun tam şəkildə qaytarılmasını tələb etsə də həmin məbləğin 600 manat dəyində cavbdehlər tərəfindən ona mal verildiyi üçün 600 manat çıxıldıqdan sonra iddianın qalan hissədə təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərdən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə qarşı etiraz verərək iddiaçının Cavabdeh2 hər hansı məbləğdə pul verməsinin sübutu olmadığını, Cavabdeh2 adından 17-ci polis bölməsində yazılmış izahatın təhrif edilməsini və izahat alınarkən ona təzyiq edildiyini göstərərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərdən Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq həmin bildirişin ona çatdırılıb çatdırılmaması barədə məhkəməyə hər hansı bir məlumat daxil olmadığından və onun yaşadığı yer məlum olmadığından məhkəmə onun sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddələrinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli qaimənin surətindən görünür ki, cavabdehlər tərəfindən iddiaçıya 4700 manat dəyərində tikinti materialları satılmsı üçün qimə yazılmışdır. Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Xançaparoviçin şikayəti üzrə tərəflər arasında olan mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması izah olunmuşdur. İddiaçı Xançaparoviçin şikayəti üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsində verdiyi izahatın surətindən görünür ki, Cavabdeh2 izahatında həqiqətən xx.xx.2021-ci il tarixdə Vaqif adlı şəxsin 4700 manat dəyərində dam örtükləri sifarişini qəbul etdiklərini, həmin şəxsdən işlətdikləri Dərnəgül bazarında ofisdə ümumilikdə 4700 manat pul aldıqlarını, bu məbləğin 2700 manatını özü, qalan 2000 manatını isə işçi Vüqar adlı şəxsin aldığını, sifarişin 700 manatı dəyərində aksessuarlar verildiyini, yerdə qalan 4000 manatına hesablanan dam örtüklərini təfil verə bilmədiklərini və həmin şəxs pulunu geri istədikdə bəzi probləmləri olduğu üçün 4000 manat pulu bu günə kimi geri qaytara bilmədiyini göstərmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və iddiaçı cavabdehlərdən 4700 manat dəyərində tikinti materialları almış və dəyərini malları təhvil almamışdın əvvəl ödəmişdir. Cavabdehlər malların bir qismini yəni 700 manat dəyərində malı iddiaçıya təhvil versələr də qalan 4000 manat məbləğində malı iddiaçıya təhvil verməkdən yayınmışlar. Gavabdeh tərəf polis bölməsində verdiyi izahatın təhrif olunduğunu və təsir altında izahat verdiyini göstərsə də bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi ziyanın ödənilməsi hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin təqsirli hərəkətləri ilə bağlı keçirdiyi mənəvi sarsıntı nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və həmin tələb işin faktiki halları nəzərə alınmaqla qismən təmin edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər öz üzərilərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmədiyindən, bu fakt isə məhkəmə araşdırması zamanı sübuta yetdiyindən iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 2350 manat əsas, 196 manat əldən çıxmış fayda və 100 manat mənəvi ziyan olmaqla, cəmi 2646 manat və Cavabdeh1 1750 manat əsas, 180 manat əldən çıxmış fayda və 100 manat mənəvi ziyan olmaqla, cəmi 2030 manat alınaraq İddiaçı Xançaparoviçə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 2350 manat əsas, 196 manat əldən çıxmış fayda, 100 manat mənəvi ziyan olmaqla, cəmi 2646 (iki min altı yüz qırx altı) manat pul və 45 manat dövlət rüsumunun əvəzi; Cavabdeh1 1750 manat əsas, 180 manat əldən çıxmış fayda, 100 manat mənəvi ziyan olmaqla, cəmi 2030 (iki min otuz) manat pul və 40 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Xançaparoviçin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar