Məhkəmə qərarları › İş №e-2(125)-1809/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1809/2024

02.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1809/2024 02.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 850 manat pulun və 31 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus 4098 5844 7157 9332 Leo kartdan səhvən cavabdehin 409858****5338 nömrəli Leo kart hesabına ilk olaraq saat 20:09-da 250 manat, saat 22:53-də 600 manat pul köçürmüşdür. Pulun göndərilməsi nəzərdə tutulan şəxs 250 manat pulun aldığını bildirdikdən sonra o, həmin karta 600 manat pul köçürmüşdür. Pulu ünvanlandığı şəxs pulun ona çatmadığını bildirəndən sonra o, Leo bankın *7773 qaynar xəttinə zəng vuraraq səhvən başqa şəxsin kartına pul köçürdüyünü bildirmişdir. Qaynar xətdən ona zəng edərək cavabdehlə əlaqə saxlayacağını və cavabdeh pulu qaytarmağa razılıq verdiyi halda pulu qaytara bildiklərini demişlər. Bank tərəfindən cavabdehlə əlaqə saxlanılmışdır, lakin cavabdeh pulun qaytarılmasına razılıq verməmişdir. Beləliklə, cavabdeh heç bir hüquqi əsas olmadan onun hesabına 850 manat əmlak əldə edərək əsasız varlanmışdır. Bu səbəbdən də, o məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh yazılı ərizə təqdim edərək iş üzrə İddiaçı ərizədə göstərdiyi ilk olaraq 250 manat, sonra 600 manat pulu ona səhvən deyil, bilərək sürücülük vəsiqəsi almaq müqabilində verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı cavabdehə səhvən göndərdiyini bildirdiyi pulun tutulmasını xahiş etmiş, cavabdeh tələb edilən pulun müəyyən hərəkətin edilməsi üçün ona verildiyini bildirmişdir. Beləliklə, iddiaçı pulun cavabdehə verilməsini sübut etmək öhdəliyindən azad olmuşdur. Digər tərəfdən, cavabdeh tələb edilən pulun müəyyən hərəkətin edilməsi üçün ona verildiyini bildirsə də, bu halı təsdiqləyən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi əsas olmadan məhrum olan iddiaçının hesabına pul əldə etmişdir və əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia sübuta yetirilmişdir. Bundan başqa, qanunvericiliyə əsasən, qaytarma tələbini istisna edən hal(lar) müəyyən olunmur. Həmçinin nəzərə alınır ki, cavabdehin aldığı həmin pulun tam və ya qismən geri qaytarılması müəyyən olunmamışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilərək, cavabdehdən 850 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar