Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1846/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini X5 və X4 almışdır. Qeyd olunan fərdi yaşayış evinə dair hüquqları dövlət qeydiyyatına alınmaqla mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evindən çıxmırlar. Ona görə də, məhkəmədə cavabdehlərə qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili ərizələr ünvanlayaraq bildirmişdir ki, icraatında olan işlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir və işlə bağlı zəruri sənədləri məhkəməyə göndərmişdir. Odur ki, işə iştirakı olmadan baxılıb, ərizəsinə əlavə etdiyi iddia tələbində göstərilən əmlaka dair notariat işində olan sənədləri sübut kimi qəbul edərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, mübahisəli ev satılarkən nə onun, nə də qardaşı Xaliqin xəbəri olmamış, həmin sənəddə imzaları olmamışdır. Ata-anasına sağlığında özü baxmış, həmin evə əziyyət çəkmişdir. Qardaşı Xaləddin 50 ildir ki, Rusiyada yaşayır, nə atası öləndə, nə də qardaşı öləndə həmin evə gəlməmişdir. Mübahisəli ev ata mülküdür. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, atasının dörd uşağı olmuşdur. İddiaçı onun böyük qardaşı X1 və həyat yoldaşının dayısıoğludur. Bakıda ezamiyyətdə olsa da, təxminən 3 ildir ki, həmin fərdi yaşayış evində yaşayır, bu müddət ərzində həmin evin təmiri üçün xeyli işlər görmüşdür. Belə ki, həmin evə gələrkən görmüşdür ki, evdə heç nə yoxdur, hamısı böyük qardaşı X5 tərəfindən satılmışdır. Atası 2007-ci ildə ölmüşdür, 2015-ci ilə kimi həmin evdə anası yaşamışdır. 2020-ci ildə isə kiçik qardaşı ölmüşdür. Böyük qardaşı X5 ümumiyyətlə həmin evdə yaşamamışdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə Cavabdeh1 telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından, eləcə də məhkəməyə təqdim edilmiş notariat işindən görünür ki, Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən reyestrdə 4Ə-859 nömrəsi ilə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X5 və X2 şəhəri, Sərdarov küçəsi, ev 43 ünvanında yerləşən mülkiyyətdə olan 0,017 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 85,1 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən müvafiq hissələri İddiaçı satmışlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********02-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında istifadədə olan 0,017 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 85,10 kv.metrdən ibarət fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddəaların mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 2 ünvanında istifadədə olan 0,017 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 85,1 kv.metr olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlak iddiaçının mülkiyyətindədir, iddiaçı həmin fərdi yaşayış evini əvəzli əldə etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə sözügedən fərdi yaşayış evinin əvvəlki paylı mülkiyyətçisindən biri olan X5 cavabdehlərin qardaşıdır və cavabdehlər həmin fərdi yaşayış evinin əslində onların ata mülkləri olduğunu, oradan uzun müddətdir istifadə etdiklərini bildirirlər. Lakin məhkəmə qeyd edir ki, cavabdehlər hazırkı halda mübahisə predmeti olan daşınmaz əmlakın onların qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Ümumiyyətlə, cavabdehlərin sözügedən fərdi yaşayış evi ilə, yaxud həmin evi əvəzli əldə edən iddiaçı ilə hər hansı bağlılıqlarının olması iş materiallarından müəyyən edilmir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən əsaslar sözügedən ünvan 2 ünvanında istifadədə olan 0,017 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 85,1 kv.metr olan fərdi yaşayış evinin hazırda cavabdehlərin qanunsuz istifadəsində olduğunu deməyə əsas vermiş olur. Şərh edilən hallardan da göründüyü kimi, Mülki Məcəllənin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərt mövcuddur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən daşınmaz əmlakın qanuni sahibi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehlərin isə həmin daşınmaz əmlaka dair hazırda hər hansı hüquqları mövcud olmadığından onlar, həmin daşınmaz əmlakdan əşyaları ilə birlikdə çıxmağa borcludur. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər iddiaçının qanuni sahibliyində olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakdan məcburi qaydada çıxarılmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında istifadədə olan 0,017 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 85,1 kv.metr olan fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh1 və Cavabdeh2 məhkəmə xərcinin əvəzi qismində 100 (bir yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1846/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1846/2025
21.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver