Məhkəmə qərarları › İş №e-2(125)-2079/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2079/2024

01.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2079/2024 01.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, İddiaçı cavabdeh X3 qarşı “hüquqi faktın müəyyən edilməsi və şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Ağamalıoğlu küçəsi, ev 27A-nın miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka tam hissədə iddiaçıya qanun üzrə vərəslik şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Ağamalıoğlu küçəsi, ev 27 A-da doğulduğum tarixdən bu günədək yaşamaqla faktiki cəhətdən qəbul etmişdir. Atasının birinci növbə vərəsəsi olaraq yalnız odur. X2 xx.xx.2012ci ildə vəfat edibdir. Əlavə olaraq qeyd edir ki, atasıyla anasının nikahları pozulmuşdur. X1 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum atasının birinci növbə vərəsəsi olaraq 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə miras əmlakla bağlı qanunüzrə vərəsəlik şəhadətnaməsi almaqla bağlı müraciət etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qərarı ilə ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 ölüm haqqında şəhadətnaməsi xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası, Krım Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı departamentinin Simferopol şəhəri Ölümün qeydiyyatışöbəsi tərəfindən verilmişdir. Həmin ölüm haqqında şəhadətnamə Azərbaycan Respublikası tərəfindən tanınmır. Ona görə də, mirasın qəbuledilməsi faktının müəyyən edilməsi və qanunüzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ...259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Belə ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn ,miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən həmçinin izah edir ki, İddiaçı mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa, iddiaçı həmçinin miras əmlaka tam hissədə qanun üzrə vərəslik şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizəsi təmin edildiyi halda bu barədə məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra, həmin şəhadətnamənin verilməsi üçün müvafiq notaria orqanına müraciət etmək hüququna malikdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin 3cü bəndinə əsasən, dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh X3 qarşı “hüquqi faktın müəyyən edilməsi və şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar