Məhkəmə qərarları › İş №e-2(125)-2165/2025

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(125)-2165/2025

20.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2165/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Əlövsət Məmmədov küçəsi, 2-ci döngədə yerləşən 10A nömrəli ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra – iddiaçı) adına qeydə alınmışdır. xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh (bundan sonra – cavabdeh) ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Əlövsət Məmmədov küçəsi, 2-ci döngədə yerləşən 10A nömrəli evdən (bundan sonra – mübahisəli ev) cavabdehin istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qızıdır. Lakin qızı olmasına və 1-ci qrup əlil olmağına baxmayaraq, cavabdeh nə onunla, nə də ki anası ilə bir dəfə də olsun maraqlanmır. Hətta öz azyaşlı qızı X1 onların yanında qalmasına baxmayaraq, onunla da maraqlanmır. Hazırda onun harada yaşaması barədə onda heç bir məlumat yoxdur. Belə ki, cavabdeh 2007-ci ildə ailə quraraq başqa ünvana köçmüşdür. Ailə qurduqdan sonra o, xeyli müddət ərzində Rusiya Federasiyasında yaşamış, oranın vətəndaşılığını qəbul etmişdir. Sonradan həyat yoldaşı ilə boşanmışlar. Boşandıqdan sonra qısa müddət ərzində Azərbaycana qayıtsa da, sonra öz qızını onların yanına qoyub Türkiyə Respublikasına ərə getmişdir. Türkiyədə də oranın vətəndaşlığını qəbul etmişdir. Lakin bir müddətdən sonra türk həyat yoldaşı ilə də boşanmışdır. Cavabdeh boşanma ərəfəsində Azərbaycana qayıtsa da, onlardan xəbərsiz başqa şəxslə birlikdə yaşamağa başlamışdır. Onlarda olan məlumata görə hazırda da həmin şəxslə birlikdə yaşayır. Cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə ona məxsus olan evin yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Onun bu evdəki qeydiyyatı yalnız formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizədə yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını, məhkəməyə yazılı ərizə verərək iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya evə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat əsasında iddiaçının xüsusi mülkiyyətidir. Cavabdeh yaşamasa da, formal olaraq mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatı qalmışdır. Mübahisəli evdən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçıya məxsusdur. Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da, orada yaşamır. Cavabdehin uzun müddətdir ki, mübahisəli evdə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin evdə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus olan evdən istifadə hüququnun saxlanılması üçün hər hansı əsas olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Əlövsət Məmmədov küçəsi, 2-ci döngə ünvanında yerləşən 10A nömrəli evdən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar