Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2217/2025 12.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Gəncə şəhəri, Fərhad Əliyev küçəsi ev 5, mənzil 35-dən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Fərhad Əliyev küçəsi, 5 saylı binanın 35 saylı mənzili onun mülkiyyətindədir. Qeyd edilən mənzili alqı-satqı yolu ilə 09 oktyabr 2014-cü ildə almışdır. Üçüncü şəxslər bacısı və onun övladlarıdır. 2014-cü ildə mənzili aldıqdan sonra bacısı və onun uşaqlarını qeydiyyat yerləri olmadığından evinə qeydiyyata salmışdır. Həmin zaman bacısı ona bildirmişdir ki, DOS-101-də yaşadıqları evi sənədləşdirdikdən sonra öz evlərinə qeydiyyata düşəcəklər. Bildirmişdir ki, bacısı uşaqları ilə birlikdə Gəncə şəhəri DOS-101-də yaşayır. Ev qaynatasına məxsus olmuşdur. Hazırda sənədləşdirilib-sənədləşdirilmədiyindən xəbəri yoxdur. O, Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək üçüncü şəxslərin onun mülkündən pasport qeydiyyatından çıxarılmasını tələb etsə də, lakin onlar bundan imtina etmişlər. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan göründüyü kimi mübahisə predmeti olan mənzil iddiaçının xüsusi mülkiyyətində olmaqla, cavabdehlər isə həmin mənzildə yaşamamaqla, formal qeydiyyatda qalmışlar. Göründüyü kimi iddiaçının mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiasının mahiyyəti cavabdehlərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin irəli sürdüyü hüquqi mövqedən göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. İşin hallarından göründüyü kimi iş üzrə cavabdehlər mənzilə formal olaraq qeydiyyata alınmışlar. Hazırda yaşayış sahəsinə münasibətdə cavabdehlərin əmlak hüquqları mövcud deyildir. Mövcud olmayan hüquqa isə məhkəmə qaydasında xitam verilə bilməz. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə istinad edərək məhkəmə hesab edir ki, iddiaçı yaşayış yerini dəyişmiş cavabdehin mənzildən qeydiyyat çıxarılması ilə bağlı ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Plenum həmçinin qeyd etmişdir ki, mülkiyyətçinin ona məxsus yaşayış sahəsində formal qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciəti Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə uzlaşmayan iddiaların qaldırılması ilə bağlıdır. Beləliklə, məhkəmə Konstitutsiya Məhkəməsi Plenumunun Qərarında göstərlmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməli, iddiaçıya izah edilməlidir ki, cavabdehlərin həmin mənzildə qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Odur ki, iddiaçı cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə isə səlahiyyətli subyektin imtinası barədə inzibati məhkəmə icraatı qaydasında mübahisə qaldıra bilər. Azərbaycan Respublikası MPM-nin 153.1.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddianın qəbul edilməsindən imtina edildiyindən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzi əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair ərizəsini qəbul etməkdən imtina edilsin. İddiaçıya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olduğu izah edilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzi əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-2217/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2217/2025
12.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver