Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2273/2025 12.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil, Cavabdeh M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə olan əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə olan əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə xx.xx.2025-ci il tarixli, 48 nömrəli əmrinin ləğv edilməsinə, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməklə onun əvvəlki vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəb(bundan sonra təhsil müəssisəsi) arasında olan əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli 458 nömrəli əmrə əsasən xitam verilmiş, işdən azad edilmə əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi-etik davranış qaydalarına əməl etməməsi, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməməsi göstərilmişdir. Qeyd etmişdir ki, o, xx.xx.2010-cu ildən Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə əmək fəaliyyətinə başlamışdır və 15 (on beş) il əmək stajı vardır. Son dövrlərə qədər hər hansı intizam tənbehi olmamışdır. Lakin, son bir ildə təhsil müəssisəsinin rəhbəri ona qarşı qərəzli mövqe tutmağa başlamış, öz təşəbüssü ilə işdən çıxmağını tələb etmiş, bununla razılaşmadığından iki dəfə heç bir əsaslı səbəb olmadan barəsində intizam tənbehi tətbiq etmidir. Bu faktlardan da aydın olur ki, işdən azad edilməyi ilə onun əmək funksiyasını həyata keçirməməsinin və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetriməməsinin arasında heç bir əlaqə yoxdur. Təhsil müəssisəsinin direktoru Nümayəndə öz istəyi ilə şəxsi münasibətlər zəminində qanunsuz olaraq onun əmək qanunvericiliyi ilə qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Bu da öz növbəsində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozuntusudur. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf mediasiya prosesində də iştirakdan imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin ikinci bəndində göstərilən xitam əsaslarından biri də tərəflərdən birinin (işçi və ya işəgötürənin) təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsində isə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasları göstərilmişdir. Həmin maddənin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, İş №2(102)-3598/2021 nömrəli qərarında bu daha aydın qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir: işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Məhkəmə qeyd etmişdir ki, əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Hazırki əmrdə isə, bu hallarla bağlı hər hansı qeyd yoxdur və cavabdeh tərəfindən bu hallardan hansının onun tərəfindən pozulması sübuta yetirilməmişdir. Ümumiyyətlə, işəgötürən tərəfindən əmrdə əmək məcəlləsinin normalarına formal olaraq istinad olunsa da, qanunvericiliyin tələblərindən kənara çıxmaya da yol vermişdir. Belə ki, yuxarıda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasları göstərmişlər, lakin orada “etik davranış qaydalarına əməl etməməsi” norması yoxdur. Bundan başqa əmrdə onun tərəfindən məhz hansı normanın pozulması qeyd olunmamış, şablon olaraq qanunun həmin hissəsi əlavələr edilməklə məcəllədən əmrə köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsində qeyd edilmişdir: İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eynizamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. xx.xx.2025-ci il tarixli əmrdə formal olaraq yalnız “etik davranış qaydalarına əməl etmədiyinə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmə” əsası qeyd edilmişdir, lakin cavabdeh müəssisə onun əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəliklərini icra etmədiyini, hansı etik davranış qaydalarını pozduğunu əmrdə göstərməmiş, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndində bunu imperativ norma kimi qoymuşdur. İşin məhkəmə baxışı zamanı müvafiq əmrin əsaslandırılması üçün məhkəməyə hər hansı sübut təqdim ediləcəyi təqdirdə həmin sənədlərin sonradan tərtib olunması halı nəzərə alınmalıdır. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər. Cavabdehin müvafiq əmrində müqavilənin ləğv edilməsinin əsası qeyd edilməmiş, Həmkarlar İttifaqı Komitəsinin müvafiq protokolu əmrin məzmununa daxil edilməmiş, eyni zamanda əmri imzalayan şəxsin “ata” adı qeyd göstərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda da qeyd olunan müvafiq xx.xx.2021-ci il tarixli, İş №2(102)-3598/2021nömrəli qərarında bu hallar pozuntu kimi öz əksini tapmış, aşağı instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas olmuşdur. Qeyd etmək lazımdır ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmin Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona həmin maddədə göstərilən intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Nəzərə almaq lazımdır ki, əmək müqaviləsinin ləğv edilməsi ən ağır intizam tənbehidir və işəgötürən həmin tənbehdən əvvəl töhmət, şiddətli töhmət verə və ya aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə də tətbiq edə bilərdi. Lakin tətbiq edilən intizam tənbehi işçinin hərəkətinə münasibətdə ədalətli deyil. İntizam tənbehinin məqsədi əmək və icra intizamını artırmaqdır, şəxsi münasibətlər zəminində işçini cəzalandırmaq deyil. Həmçinin, qeyd etmək lazımdır ki, Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. O, uzun illərdir sözügedən müəssisədə çalışmış və hər zaman intizamlı bir işçi olmuşdur. Ona Əmək Məcəlləsinin 186.2-ci maddəsində göstərilmiş intizam tənbehlərindən ən ağırı olan əmək müqaviləsinin 70-ci maddənin ç bəndi ilə xitam olunması intizam tənbehinin verilməsi onun peşəkarlıq səviyyəsinə, kollektivdə olan nüfuzuna qətiyyən uyğun deyildir. Ümumiyyətlə, Əmək Məcəlləsində göstərilməyən əsaslara görə, şəxsi münasibətlər zəmnində əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin normalarına uyğun deyildir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həlledən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarından görünür ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iştirak etmiş, verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və İddiaçı işdən azad edilməsinin əsası kimi göstərilmiş sənədlərlə tanış olduqda iddia ərizəsində qeyd etdikləri hallar bir daha öz təsdiqini tapmış olur. Belə ki, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 48 nömrəli əmrdə S Hüseynovanın işdən azad edilmə əsaslarından biri də etik davranış qaydalarına əməl etməməsi göstərilmiş, bununla bağlı sübut kimi məhkəməyə “Təhsilverənlərin etik davranış qaydaları” dair xx.xx.2024-cü il tarixli Elm və təhsil nazirinin əmri təqdim edilmişdir. Lakin, cavabdeh tərəfindən həmin qaydaları məhz hansı hissəsinə istinad etməsi nə əmrdə göstərilmiş, nə də ki, məhkəməyə bu barədə hər hansı mülahizə bildirilməmişdir. İddiaçının işdən azad olunmasına dair xx.xx.2025-ci il tarixli 48 nömrəli əmr “direktor vəzifəsini müvəqqəti icra edən təşkilatçı” Alim Alverdiyev adlı şəxs tərəfindən imzalanmışdır. Lakin, təqdim edilmiş sənədlər arasında həmin şəxsin şəxsiyyəti müəyyən edilmir, onun belə bir əmr imzalamasına səlahiyyətinin olub-olmamasını təsdiq edən sənədlər iş materiallarında mövcud deyildir. Sübutlar kimi təqdim edilmiş sənədlərdə 2024cü ilin dekabr ayından 2025-ci il ilin yanvar ayına qədər olan dövr ərzində iddiaçı ilə bağlı bütün sənədlər məhz A.Alverdiyev tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən məhkəməyə izahatlar və aktlar təqdim edilmişdir. Həmin sənədlərə diqqət etdikdə ayrı-ayrı şəxslər barəsində olmaları görsənsə də məzmunlarının eyni olması məlum olur və eyni tarixlərdə xx.xx.2024 və xx.xx.2024-cü ildə tərtib edilmişdir. Tərtib edilmiş AKT-da iddiaçının K.İ.İsmayılovanı təhqir etməsi, məktəbdə çəkiliş aparması və barəsində prokurorluğa şikayət etməsi göstərilib. Daha sonra vətəndaş ərizə yazaraq övladı barəsində iddiaçı tərəfindən jurnala qayıb yazılıb və attestatının ləkələyəcəyini deyib, buna görə də sonuncu barəsində tədbir görülməsini xahiş edib, buna uyğun yenə də AKT tərtib edilib, bir qrup şəxs tərəfindən imzalanmışdır. Bu izahatlarda və aktlarda qeyd edilənləri ümumiyyətlə qəbul etmirlər. Bunlar qərəzli şəkildə sonradan tərtib edilmişdir. Maraqlı olan odur ki, iddiaçı tərəfindən nə zaman çəkiliş aparılmışdır, K.İ.İsmayılova və qeyriləri nə zaman təhqir edilmişdir, qayıb yazılması və attestatın ləkələnməsi hədə-qorxusu iddiaçı tərəfindən hansı vaxtda gəlinmişdir, onlar bu faktlarla bağlı hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmişdirlərmi, bu barədə nə həmin sənədlərdə göstərilib, nə də sübutlar mövcud deyildir. Yalnız 2 vatsap yazışmasının şəkilləri var, bunlardan biri may ayına, digəri isə ümumiyyətlə 2023-cü ilə aiddir. İddiaçıdan şikayət edən şəxslər də eyni valideynlər, eyni işçilərdir. Həmin sənədlərin tərtib edilməsində iddiaçı iştirak etməmiş, onun bu faktlara mövqeyi öyrənilməmişdir. Eyni gündə müxtəlif izahatların alınması və Aktların tərtib edilməsi fiziki cəhətdən mümkün deyil və formal, həmçinin qərəzli olması aşkardır. İddiaçının işdən azad olunması barədə müvafiq əmrdə “Məktəbin X4nın xx.xx.2025-ci il tarixli 1 nömrəli protokolundan çıxarış”a istinad edilmişdir. Həmin protokolla tanış olduqda İddiaçı 3 (üç) fərqli əsasla işdən azad olunması göstərilir:
1. Məktəbin rəhbərliyi barədə yuxarı dövlət orqanlarına müraciət etməsi;
2. Sinif jurnallarının yazılması və digər vəzifələri yerinə yetirməməsi;
3. 5 oktyabr müəllim günü münasibətilə hədiyyə tələb edilməsi;
4. Çəkiliş aparması. Bir daha qeyd etmişdir ki, göstərilən hallarla bağlı iş materillarına hər-hansı sübutlar əlavə edilməmişdir. Misal üçün, çəkiliş aparılmışdırmı, aparılmışdırsa, hər hansı nümunə varmı, orada hüquqazidd hərəkətlər edilmişdirmi, məktəbdə çəkiliş aparılması hansı qanunvericilik normalarına ziddir, məktəbin rəhbərliyi ilə bağlı orqanlara nə zaman şikayət edilmişdir, nəticəsi nədən ibarət olmuşdur, şikayət etmək hansı normalarla qadağandır, bu şikayətlərdə şər və böhtan, məktəb rəhbərliyinin nüfuzunu ləkələyən hallar nədən ibarətdir, valideynlərdən pul tələb edilmişdirmi, bu nə zaman baş vermişidır, bu halla bağlı hüquqmühafizə orqanlarına müraciət edilmişdirmi və nəticəsi nədən ibarət olmuşdur və s. Göründüyü kimi məktəbin AHİ-nin xx.xx.2025-ci il tarixli qərarı formal xarakter daşıyır, heç bir əsaslandırılmamış, hətta mövcud olsa belə qanunla qadağan edilməyən faktların toplusundan ibarətdir. “Məktəbin rəhbərliyi barədə yuxarı dövlət orqanlarına müraciət etməsi” pozuntu halı kimi qiymətləndirilmişdir. Həqiqətən də İddiaçı məktəb rəhbərliyinin yol verdiyi qanun pozuntuları ilə bağlı hüquq mühafizə və digər orqanlara müraciət etmiş, bununla bağlı araşdırma da aparılmışdır. Lakin, bu hal o zaman şər və ya böhtan hesab oluna bilərdi ki, bununla bağlı məhkəmə qərarı mövcud olardı. “5 oktyabr tarixində müəllim pulu tələb edilməsi faktı” özlüyündə görünür ki, hadisə 5 oktyabr tarixində baş vermişdir. Lakin, nədənsə məhz xx.xx.2025-ci il tarixində xatırlanmışdır. Hətta belə bir fakt baş vermişdirsə belə, bununla bağlı hansı ölçü götürülmüşdür, hər hansı hüquq mühafizə orqanına şikayət edilmişdirmi, hansı qərar mövcuddur, təəssüf ki, heç bir belə sübut əlavə edilməmişdir. Göründüyü kimi təqdim edilmiş sübutların tarixində, ümumiyyətlə mövcud olub olmamasında kifayət qədər şübhələr var, izahatlar sonradan alınmışdır, qərəzli xarakter daşıması aydın şəkildə görsənir. Belə ki, məhz İddiaçı cavabdehin hərəkətləri ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına etmiş olduğu şikayətdən sonra cavabdeh bu cür “sübutlar” toplayaraq, yekun nəticədə onlardan istifadə etməklə qərəzli şəkildə iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə xitam vermişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, verdiyi izahatında İddiaçı işdən çıxarılmasının səbəbləri kimi valideynlərdən şantajla, hədə ilə pul yığdığını və Qarabağ qazisinin uşağını təhqir etdiyini, müəllim kimi öz vəzifəsini yerinə yetirmədiyini, jurnalların yazılmamasında və məktəbdaxili qiymətləndirmənin aparılmamasında müəllim kimi öz üzərinə düşən öhdəliklərini yerinə yetirməməsini, sertifikasiyadan keçsə də, lakin ən zəif nəticə toplayan müəllim olduğunu bildirmişdir. Etik davranış qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam riayət edilmişdir. Ona görə də, iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh tərəfin vəsatətinə əsasən dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, 2-ci qrup Qarabağ əlilidir. Onun uşaqları M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdidirlər. Həmin məktəbin ingilis dili müəllimi İddiaçı onun uşaqlarından pul istəmiş, həmçinin dəfələrlə onları təhqir etmişdir. Məhkəmədə dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin X4 Komitəsinin sədridir. İddiaçı etik davranış qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi iclasda müzakirə olunmuş və İddiaçı tutduğu vəzifədən uzaqlaşdırılmasına etiraz edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəb üzrə verilmiş, 28 yanvar 2025-ci il tarixli, 48 saylı əmrin surətindən müəyyən edilir ki, etik davranış qaydalarına əməl etmədiyinə, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə məktəbin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi məktəbin X4 Komitəsi 09 yanvar 2025-ci il tarixli 1 nömrəli protokolundan çıxarış göstərilmişdir. İddiaçı iddia ərizəsində həmin əmrin qanunsuz olduğunu iddia etmişdir. Məhkəmə iş üzrə aparılmış araşdırmaların nəticəsi olaraq hesab edir ki, həmin əmrin qanunsuz olduğu barədə iddiaçının dəlilləri əsassızdır. Belə qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıda qeyd edilən normalarına və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun təhsilverənlərlə baölı tələblərinə əsaslanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi; Maddə 3.
1. Müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi.
2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək;
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 84. 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun təhsilverənlərin vəzifələrindən bəhs edən 33-cü maddəsində göstərilmişdir ki, təhsilverənlər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək, etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək, təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək və s. vəzifələri daşıyırlar. Mülki işin materiallarına əlavə edilən, ərizələrdən müəyyən edilir ki, Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri 2024-cü ildə məktəbin ingilis dili müəllimi İddiaçı hərəkətlərindən şikayət edərək müvafiq tədbir görülməsini xahiş etmişlər. Mülki işin materiallarına əlavə edilən, məlumatdan və xəbərnamədən görünür ki, İddiaçı X4 Komitəsinin 09 yanvar 2025-ci il tarixli iclasında iştirak etməsi təklif olunmuş və iclasda iştirak etmədiyi halda onun iştirakı olmadan qərar qəbul ediləcəyi barədə məlumat verilmişdir. Mülki işin materiallarına əlavə edilən Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbinin X4 Komitəsi üzvlərinin 09 yanvar 2025-ci il tarixli iclas protokolundan müəyyən edilir ki, məktəbin X4 Komitəsi müvəqqəti olaraq direktor vəzifəsini icra edən X2 məktəbin ingilis dili müəllimi İddiaçı ilə bağlı xx.xx.2024-cü il tarixli təqdim etdiyi təqdimata münasibət bildirərək, İddiaçı etik davranış qaydalarını pozduğunu, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən tutduğu vəzifədən uzaqlaşdırılmasına razılıq verilmişdir. Məhkəmə qeyd edir ki, işə məhkəmədə baxılarkən cavabdeh Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin nümayəndəsi Nümayəndə məktəbdə təhsil alan şagirdlərin valideynlərinin iddiaçının onların narazılıqlarına əsas verən hərəkətləri (danışıqları) barədə səs yazılarını məhkəməyə təqdim etmiş, iddiaçı danışan şəxslərdən birinin səsinin ona aid olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmədə aparılmış araşdırmalar nəticəsində işin məhkəmədə müəyyən edilən faktiki halları ondan ibarətdir ki, İddiaçı təhsilverənlərin etik davranış qaydalarına əməl etməmiş və əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Bu səbəbdən də, Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti olaraq icra edən, təşkilatçı Alim Alverdiyevin xx.xx.2025-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmrin verilməsi zamanı qanunvericiliyinin tələblərinə tam riayət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsiplərindən bəhs edən 2-ci maddəsi ilə nəzərdə tutulur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Baxılan işdə iddiaçı əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinə baxmayaraq, hazırki iddianı qaldırmışdır ki, bu iddia qanuni əsaslı olmadığından təmin oluna bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357,358 və 360 -cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:
İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə olan əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələblərinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir.
Hakim: Ədil Məmmədov