Məhkəmə qərarları › İş №e-2(125)-2326/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2326/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2326/2023 20.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı 07 dekabr 2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.955 manat 04 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 397 manat 18 qəpik, cərimə qismində 491 manat 81 qəpik, cəmi 4.844 manat 03 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat 44 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 07 dekabr 2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4.700 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinın 1.2-ci bəndinin tələbini pozaraq, kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 30 sentyabr 2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 744 manat 96 qəpik ödəmiş, onun 3.955 manat 04 qəpik məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinın 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kredit verildiyi tarixdən onun tam qaytarımasınadək hesablanır. Bir gün üçün faiz kredit müqaviləsinın 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu İddiaçı qapalı səhmdar cəmiyyətinə qaytarmadığı üçün 09 fevral 2023-cü il tarixə 132 gün üçün hesablanmış faiz borcu 397 manat 18 qəpik təşkil edir. Kredit müqaviləsinın 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,1 faiz məbləğində cərimə ödəməlidir. 09 fevral 2023-cü il tarixə 132 gün üçün hesablanmış cərimə isə 491 manat 81 qəpik təşkil edir. İddiaçı qapalı səhmdar cəmiyyətinə Cavabdeh vəfat etdiyi məlum olmuşdur. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 20 aprel 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Ə.N.Ələkbərov mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 dekabr 2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsinın və kreditin verilməsi barədə eyni tarixli bank qəbzinin surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 2% olmaqla, 36 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 4.700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinın 4.2.3-cü bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1%-i məbləğində cərimə ödəməlidir. İşdə olan kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 06 sentyabr 2021-ci il tarixli 006A**********S nömrəli sazişin surətindən görünür ki, 07 dekabr 2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi əsasında Cavabdeh götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 06 sentyabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödəməlidir. Mülki işdə olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 23 fevral 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 07 dekabr 2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 3.955 manat 04 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 397 manat 18 qəpik, cərimə qismində 491 manat 81 qəpik, cəmi 4.844 manat 03 qəpik borcu yaranmışdır. Beləliklə, işdə olan sənədlərlə Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya 07 dekabr 2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 3.955 manat 04 qəpik, 23 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 397 manat 18 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 491 manat 81 qəpik təşkil edən cərimə məbləğinin 100 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Buna görə də məhkəmə hesab edir ki, 07 dekabr 2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.955 manat 04 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 397 manat 18 qəpik məbləğində pul vəsaiti, cərimə qismində 100 manat, cəmi 4.452 manat 22 qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat 44 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 07 dekabr 2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.955 (üç min doqquz yüz əlli beş) manat 04 (dörd) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 397 (üç yüz doxsan yeddi) manat 18 (on səkkiz) qəpik, cərimə qismində 100 (bir yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 (altmış səkkiz) manat 44 qəpik (qırx dörd) qəpik, cəmi 4.520 (dörd min beş yüz iyirmi) manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar