Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2522/2023 22.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda payların kompensasiya edilməsi, bu da mümkün olmadıqda əmlakın açıq hərracda satılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinə 1/2 hissədə naturada payının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehə kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsi və ya iddiaçıya kompensasiya ödəməklə onun mülkiyyət hüququna xitam verilməsi, bu mümkün olmadıqda Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzili paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə İddiaçı 1/2 hissədə isə Cavabdeh məxsusdur. Belə ki, Cavabdeh iddiaçının qardaşıdır və hazırda sözügedən mübahisəli mənzildə ailəsi ilə birgə yaşayır. Mübahisəli mənzillə əlaqədar tərəflər arasında illərlə davam edən məhkəmə mübahisələri olmuş, sonda miras əmlak Gəncə Apellyasiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(104)-1790/2022 nömrəli qətnaməsi əsasında 1/2 hissədə Cavabdeh və 1/2 hissədə X4 adına qeydə alınmışdır. X2 öz payını hazırki iş üzrə iddiaçı olan oğlu İddiaçı bağışlamışdır. İddiaçı dəfələrlə paylı mülkiyyət hüququ üzrə mülkiyyətçisi olduğu sözügedən mənzilə getmək istəsə də böyük mübahisələrə səbəb olacaq münaqişələr baş vermişdir. Bundan başqa, iddiaçının qardaşının ailəsi ilə birlikdə yaşaması mümkünsüzdür. Belə ki, tərəflər arasında olan münasibətlər uzun müddət əvvəl başa çatmışdır və hazırda həmin şəxslər arasında münaqişəli vəziyyət mövcuddur. Mülki işə məhkəmədə baxılarkən əldə olunmuş ekspert rəyində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin naturada bölünməsinin mümkün olmadığı göstərilmişdir. Həmçinin tərəflər arasında payların kompensasiya edilməsi barədə razılıq əldə olunmamışdır və onlar kompensasiya verilməklə ikisindən birinin mülkiyyət hüququna xitam verilməsi məsələsində razılığa gələ bilməmişlər. Bu səbəbdən də ümumi mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılaraq, satışdan əldə olunan pulun tərəflər arasında paylara uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməlidir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X.M.Əkbərov iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsusdur. Hazırda həmin mənzildə cavabdeh öz ailəsi ilə birgə yaşayır. Belə ki, cavabdeh həmin mənzil vərəsəlik yolu ilə əldə etmiş və faktiki olaraq ona sahiblik etmişdir. Mənzildə yaşadığı dövr ərzində Cavabdeh mənzili təmir etdirmiş, onun kommunal və s. borclarını ödəmişdir. Həmin dövr ərzində isə iddiaçı mənzillə maraqlanmamış, mənzilə dair heç bir xərc çəkməmişdir. Cavabdeh iddianı qəbul etmir. Belə ki, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin nə naturada bölünməsinə, nə kompensasiya yolu ilə mülkiyyət hüququna xitam verilməsinə, nə də ki, hərrac yolu ilə satılmasına razıdır. Sonra X.M.Əkbərov iddianın əsassız olduğunu göstərərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehin vəkilini dinləyərək, mülki iş materiallarını, ekspertin rəyini araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-101/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, mərhum X3 miras qalmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin 1/2 hissəsi üzərində Cavabdeh payının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1790/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin 1/2 hissəsi üzərində Cavabdeh, 1/2 hissəsi üzərində isə X4 paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixində, 4Ə-110 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 paylı mülkiyyət hüququ üzrə özünə məxsus olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin 1/2 hissəsini oğlu olan İddiaçı bağışlamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, **********56-05101-093005 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışdan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin 1/2 hisssəsinə Cavabdeh, 1/2 hissəsinə isə İddiaçı paylı mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/3785-9/3957 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi «İnşaat Norma və Qaydaları» 2.08.01.89-un 1.1, 2.2, 2.4, və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 71.000 manat məbləğində, hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri isə təqribən 64.000 manat məbləğində müəyyən edilir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin 1/2 hisssəsinə Cavabdeh, 1/2 hissəsinə isə İddiaçı payları müəyyən edilmiş, onların bu payları əsasında mənzil üzərində ümumi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, tərəflərin hər birinin mübahisəli mənzildən istifadə hüquqları vardır. Lakin tərəflər ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə görə mübahisəli mənzilin mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçının nümayəndəsinin (vəkilinin) mənzilin iddiaçıya aid olan paya dair hissəsinə, həmçinin cavabdehə aid olan paya dair hissəsinə görə yazılı kompensasiya təklifi məhkəmə iclas zalında yazılı şəkildə cavabdehə təqdim olunmuş, lakin cavabdeh bu təklifə narazı olduğunu bildirmişdir. Buna görə də tərəflərin bir-birilərinə paylara mütənasib şəkildə kompensasiya vermələri də mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Belə ki, tərəflərin izahatlarından göründüyü kimi, onlar paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmişlər. Eyni zamanda paylı mülkiyyətin mülkiyyətçilər arasında bölünməsinə də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticələrinə görə mübahisəli mənzilin mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması mümkün olmamışdır. Belə ki, mübahisəli mənzilin hazırki vəziyyətini nəzərə alaraq onun mülkiyyətçilər arasında paylarına münasibətdə 2 hissəyə təcrid mənzillər şəklində bölünməsi «İnşaat Norma və Qaydaları» 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Tərəflərin ümumi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 61 nömrəli mənzilin 1/2 hisssəsinə Cavabdeh, 1/2 hissəsinə isə İddiaçı payları mövcuddur. Buna görə də məhkəmə mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsini, yəni satış pulunun 1/2 hissəsinin İddiaçı və 1/2 hissəsinin Cavabdeh verilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş vəsaitin bir hissəsinin əvəzi qismində cavabdehdən 50 manat məbləğində pul vəsaiti alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinə, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti alınıb, iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun digər hissəsi iddiaçıya aid edilməli, habelə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş vəsaitin digər hissəsinin əvəzi qismində 50 manat məbləğində pul vəsait iddiaçıdan alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzili açıq hərracdan satılsın və satışdan əldə olunmuş vəsait ümumi paylı mülkiyyətin mülkiyyətçiləri İddiaçı (1/2 hissədə pay) və Cavabdeh (1/2 hissədə pay) arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Cavabdeh məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş vəsaitin bir hissəsinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinə və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti alınıb, X6 ödənilsin. İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş vəsaitin bir hissəsinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinə ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2522/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2522/2023
22.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver