Məhkəmə qərarları › İş №e-2(125)-2725/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2725/2025

03.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2725/2025 03.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qəhraman qızına və digərlərinə qarşı “evin ölçülməsinə maneənin qadağan olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Qəhraman qızına, Cavabdeh2 və Cavabdeh3 Qəhraman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına (mütəxəssislərinə) ünvan 1ünvanında yerləşən fərdi yaşayış evinə çıxarış (arayış) verilməsi məqsədi ilə müvafiq ölçü işlərinin aparılmasına (müayinə baxışına şərait yaradılmasına) cavabdehlər Cavabdeh2, Cavabdeh3 Qəhraman oğlu və Cavabdeh1 Qəhraman qızı tərəfindən yaradılan hər cür maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum X7 xx.xx.1995-ci ildə vəfat etmişdir. O, xx.xx.1993-cü ildə vəsiyyətnamə verərək Gəncə şəhəri, Kommunist (indiki Təbriz) küçəsi, ev 220-ni X4 vəsiyyət etmiş və digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. X6 onun həyat yoldaşıdır. Onunla xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onun yaşadığı ünvan 1-yə gəlin köçmüşdür. xx.xx.2022-ci il tarixdə X6 vəfat etmişdir. Onunla birgə uşaqları olmamışdır. Nasimin vəfatının ildönümünədək ünvan 1-də mübahisəsiz qaydada yaşamışdır. Ancaq onların davranışının hər ötən gün pisləşməsi hərəkətlərində olmasa da, üzlərindəki mimikadan açıq-aşkar görünmüşdür. Bu isə onu narahat etməyə bilməzdi. ünvan 1 Nasimə vəsiyyət edildiyinə görə o da Nasimin vərəsəsidir. ünvan 1 yerləşən 0,27 ha həyatyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinə sənədlərin verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən müainə olunması üçün gedildikdə cavabdehlər Nasimin anası Cavabdeh2, qardaşı Cavabdeh3 və Cavabdeh1 tərəfindən onlara maneə yaradılmış və onların ölçü işlərini aparılmasına icazə verilməmişdir. Qeyd edim ki, mərhum X5 nəvəsi X6 vəsiyyətnamə üzrə vərəsədir, Nasim vəfat etdikdən sonra onun arvadı İddiaçı Nasimin birinci növbə vərəsədir. Tərəfimizdən cavabdehlərə nə qədər izah etsəkdə ki, əmlaka baxış keçirməldiri, lakin üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları anlaşılmayan tələblər edirdi. Cavabdehlər qəsdən bu problemi çıxartdılar ki, mən sənədlərimi ala bilməyim. Xahiş edirəm, mənə bu maneəni aradan qaldırmağa köməklil edəsiz. Gəncə şəhər Asan Xidmət notariusu tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X2 miras qalmış əmlaka çıxarış və ya forma 37 verilməsi barədə məktub ünvanlanmışdır və həmin məktub əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları müayinə üçün həmin ünvana getmişdilər. Mən, X5 nəvəsi X3 birinci növbə vərəsəsiyəm, bu vərəsəliyimi Gəncə şəhər 1 saylı “ASAN” Xidmət Notariat ofisində tanıtmışam və hazırda Notariusdan vərəsəlik məktubu alaraq həmin əmlakın sənədləşməyini istəyirəm. Belə ki, bu hal vərəsənin hüququdur və həmin hüququn həyata keçirilməsinə suni şəkildə maneə yaradılması bir sıra məcburiyyət tədbirlərinin həyata keçirilməsi zərurəti yaratmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı, Ərazi İdarəsinin arxiv məlumatlarında hüquq sahibinin soyadının qeyd edilmədiyi, belə ki, Kommunal Təsərrüfatı Nazirliyinin 1986-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu “Məmməd Hüseyn oğlunun” adına qeyd edilmişdir. Həmçinin, əmlak üzərində digər vərəsə ilə mübahisə olduğu və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından ərizənizin təmin edilməsi tərəfimizdən mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportu Mamed Hüseyn oğlunun adına qeyd edilmişdir. xx.xx.1994-cü il aparılmış inventarizaosiya işləri zamanı fərdi yaşayış evinə dair texniki pasport hüquqmüəyyənedici sənədlər olmadan X5 adına işlənilmişdir. Fərdi yaşayış evinin tikili “A”-da ümumi sahəsi 160.6 kv.m, yaşayış sahəsi 82.4 kv.m olan dörd yaşayış otağından ibarət olub, yerləşdiyi torpaq sahəsinin 645 kv.m ibarət olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X1 miras qalmış “Mercedes-Benz” markalı, **-DM-*** dövlət qeydiyyat nömrəli avtomobili İddiaçı irs almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1.14-cü bəndinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.16-cı bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifəsidir. Hazırkı mülki iş üzrə iddiaçı müqavilə əsasında sahiblik və istifadəsinə verilmiş yaşayış sahəsinin müvafiq orqan tərəfindən ölçülməsi işlərinin aparılması ilə bağlı maneələr yaradılmasının cavabdehlərə qadağan olunmasını xahiş etmiş və tələbini həmin evə dair hüquqlarının qeydiyyata alınması ilə əsaslandırmışdır. Məhkəmə nəzər alır ki, daşınmaz əmlaka hüquq(lar) aparılmış araşdırma nəticəsində müvafiq orqan tərəfindən qeydiyyata alınır. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək qeydedilən Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəsidir və həmin vəzifənin yerinə yetirilməsinə maneələr yaradılması qanunvericiliyə ziddir. Buna görə, müqavilə əsasında iddiaçının sahiblik və istifadəsinə verilmiş daşınmaz əmlakın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən ölçülməsinə maneələr yaradılması cavabdehə qadağan olunmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 220 nömrəli fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən ölçülməsinə maneələrin yaradılması cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qadağan olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar